Çoban adı 1344-1358-ci illərdə hakimiyyətdə olmuş Çobanilər sülaləsinin adı ilə əlaqədar antroponimdir. Çox qədim dövrlərdən bugünümüzə gəlib çıxan adlardandır.
Bir sıra lüğətlərdə adın çoban sözündən, yəni mal-heyvan sürülərini otarmaq, naxırı güdməklə məşğul olan peşə sahibinin adından olması ilə bağlı izahına da rast gəlinir. Mənbələrdə çoban sözünün qədim “Avesta” dilində heyvanların qoruyucusu anlamını ifadə edən fsunana sözündən olması ilə bağlı məlumatlar da mövcuddur. Mahmud Kaşğarinin “Divanü-Lüğət it-Türk” əsərində çoban sözü kəndxudanın, kənd ağsaqqalının köməkçisi kimi izah edilir. Bu gün Çoban adı Azərbaycan antroponimikasında köhnəlmiş, yalnız soyadlarda yaşayan kişi adlarından hesab edilir. Azərbaycanda Çobanov, Çobanzadə, Çobanoğlu soyadlarına kifayət qədər rast gəlinir. Xalq arasında əldə çomaqla oynanılan “Çobanı” adlı çox cəld rəqs havası bu gün də el şənliklərində sevilə-sevilə ifa olunur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti