damir sözü çox qədimlərdən Azərbaycanın hər yerində yayılmış boz rəngli metalın adıdır. Dəmir həm də təbiətdə çox yayılmış, karbonla birləşdikdə polad və çuqun əmələ gətirən möhkəm kimyəvi elementlərdən biridir. Bəzi dərmanların da tərkibində dəmir preparatı olur. Dəmirdən qayrılmış, dəmirdən hazırlanmış bəzi əşyalar da dəmir adlanır. Möhkəm, yenilməz, sarsılmaz kimi məcazi mənası da vardır.
Türk xalqlarının antroponimik vahidlər sistemində Dəmir antroponimi çox qədim zamanlardan mövcuddur. “Kitabi-Dədə Qorqud” dastanlarında Qaraçıq çobanın qardaşının adı Dəmirgüci/Dəmirgücdür. “Salur Qazanın evinin yağmalanması” boyunda (II boy) adı çəkilir: “Qabangüci, Dəmirgüci – bu iki qardaşı yanına aldı”. İgidlik rəmzi olan mürəkkəb quruluşlu ad Dəmir apelyativi ilə şəxs adı kimi əski və çağdaş türk dili dialektlərində də geniş yayılmışdır. Dəmür Tanlı Mamaq isə Təpəgözün əlində həlak olan oğuz bəylərindəndir. “Kitabi-Dədə Qorqud” dastanlarında təkcə bir yerdə – “Basatın Təpəgözi öldürdügi boy”da adı çəkilir. Təpəgözün əlində ölən oğuz igidlərindəndir: “Dəmür Tanlı Mamaq əlində həlak oldı”. Addakı “dəmür tanlı” ləqəb olub, igidlik rəmzi ifadə edir. Günümüzdə də digər türk xalqlarında Dəmir antroponiminə təsadüf edilir, Teymur, Temir, Timir, Temur və s. bu kimi antroponimlər özündə “dəmir” sözünün qədim şəklini qoruyub saxlamaqdadır. Rus dilçiləri haqlı olaraq slavyan xalqlarında mövcud Timur şəxs adının türk dillərində olan dəmir sözündən olduğunu qeyd edirlər. Dəmir, Temir, Teymur və bu qəbildən olan adlar möhkəmlik, yenilməzlik, sarsılmazlıq, əyilməzlik anlamını ifadə edir. Azərbaycan antroponimikasında Dəmir adı ilə yanaşı, tərkibində adın işləndiyi mürəkkəb şəxs adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti