Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SARA

ibrani. sara sözündən olub, xanım, hörmətli qadın, kübar xanım mənasındadır. Sara adı sonradan dünyanın bir çox dillərinə də keçmişdir. Azərbaycan dilinə ərəb dilindən keçmə şəxs adları sırasındadır.

Fars dilində saf, təmiz, xalis mənalarını ifadə edən sara sözü mövcuddur. Məlum olduğu kimi, Sara qadın adı Şərqdə çox geniş yayılmışdır. Həmçinin qədim adlardandır. Müqəddəs kitab “Quran”da İbrahim Peyğəmbərin birinci xanımının adı da Sara olmuşdur. Adın Azərbaycanda erkən dövrlərdə mövcudolduğunu sübut edən faktlardan biri də xalq yaradıcılığında iki gəncin – Xançobanla Saranın böyük məhəbbətinin öz ifadəsini tapdığı əfsanə, eləcə də əfsanə ilə əlaqədar “Apardı sellər Saranı” adlı xalq mahnısı olmuşdur desək, yəqin ki, yanılmarıq. Adın Azərbaycanda məşhur daşıyıcılarından Sara Xatun Uzun Həsən Ağqoyunlunun (XV əsr) anasıdır. Dövlət işlərində böyük nüfuz sahibi olan Sara Xatunu Qərbi Avropa ölkələrində də tanıyırdılar. Sara Xatunun adına xarici ölkələrdən məktublar göndərilir, paytaxt Təbrizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin əməkdaşları onunla danışıqlar aparırdılar. Bu nadir tarixi şəxsiyyət son dərəcə tədbirli siyasi xadim kimi tanınmışdı və Osmanlı sultanı Mehmet Fatehlə oğlu Uzun Həsən arasında rəqabəti yumşaltmaq üçün əlindən gələni etmişdi. Mənbələrdən aydın olur ki, Sultan Mehmet Fateh öz ordugahında Sara Xatunu böyük ehtiramla qarşılamış, danışıqların gedişində bir-birinə hətta “ana”, “oğul” deyə müraciət etmişdilər. Sara Xatunun siyasi məharəti sayəsində iki türk cahangiri arasında reallaşmaqda olan qardaş qırğınının qarşısı alınmışdı. Zəka, müdriklik fəlakətə üstün gəlmiş, Ağqoyunlu-Osmanlı sülh müqaviləsi bağlanmışdı. Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara xatun tarixə ilk diplomat xanım kimi düşmüşdür. XX əsrdə Sara məişətimizdə geniş yayılmış qadın adlarından olmuşdur. Qeyd etmək lazımdır ki, ötən əsrdə görkəmli dramaturq C.Cabbarlının məşhur “Solğun çiçəklər” əsərinin əsas qadın surətlərindən olan Saranın nakam taleyi oxucuların qəlbində dərin iz buraxmışdı. Ədibin digər qəhrəmanları kimi, Sara da çox sevilmişdi. Keçən əsrdə adın populyarlaşmasında əsərin də özünəməxsus rolu olmuşdurdesək, yəqin ki, yanılmarıq. XXI əsrdə Sara qadın adı məişətimizdə dəbdən düşmüş adlar sırasında olsa da, orta və yaşlı nəslin nümayəndələri arasında adın daşıyıcıları hələ də kifayət qədərdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti