Reklam
Reklam

Məsəllər, deyimlər

DƏMİR PƏRDƏ

►Özünə qapanmağı, qınına çəkilməyi, ünsiyyәtdәn qaçmağı vurğulamaq üçün işlədilən ifadə.

İfadә orta əsrlərdə teatr sənətinin inkişafı ilə bağlı yaranıb yayılmışdır.

Vaxtilə tamaşalar oynanılan binalarda yanğının qarşısını almaq üçün sәhnә ilə tamaşa salonunun arasında yanmayan materialdan pərdələr çəkilirdi. Dәmir pәrdә isə ilk dəfə XVIII әsrin sonlarında Fransanın Lion şәhәrindә bir ehtiyat tәdbiri kimi quraşdırılmış, sonralar çox sürәtlә başqa şәhәrlәrdәki teatrlarda da tәtbiq edilmişdi.

Tәdricәn sırf siyasi mәna alan bu ifadә xalqlar arasında siyasi və ideoloji maneәni bildirmәk üçün işlәdilir. 1945-ci ildə nasist Almaniyası son günlərini yaşayanda ölkənin təbliğat naziri Yozef Göbbels də bu ifadədən istifadə etmişdi. O, Yalta konfransından dərhal sonra ABŞ və Böyük Britaniyanı narahat etmək ümidi ilə çap elətdirdiyi «2000-ci il» mәqalәsindә (23 fevral 1945-ci il) yazırdı: «Əgər almanlar təslim olsalar, sovetlər Avropanın bütün şərqini və cənub-şərqini, eləcə də Almaniyanın böyük hissəsini tutacaqlar. Bu çox böyük ərazinin qabağına dəmir pərdə asılacaq».

Almaniya darmadağın edildi və SSRİ, həqiqətən də, Göbbelsin sadaladığı əraziləri tutdu. Müharibə illərində Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçill indi SSRİ-yə qarşı kəskin mövqe tutmağa başladı. Rusların Qərbə doğru genişlənməsindən ehtiyatlanan Çörçill gözlənilən təhlükələr barədə 1946-cı il martın 5-də Fultondakı (ABŞ) çıxışında danışarkən «dəmir pərdə» ifadəsini işlətdi.

Bu ifadə tezliklə dillərə düşdü və sovet təsirində olan ərazilərin sərhədləri «dəmir pərdə» adlandırılmağa başlandı. İfadə bəzi başqa ölkələrə də şamil edildi; məsələn, deyirdilər ki, Çin Xalq Respublikası «bambuk pərdəsi»nin arxasında yerləşir. Siyasi proseslər inzibati maneələr və süründürməçilik bataqlığına düşəndə isə bunu «kağız pərdə» və s. adlandırırdılar.

Məsəllər, deyimlər