Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

balıqçı nəğmələri

Balıqçılıq və balıqçı məişəti ilə bağlı oxunan əmək nəğmələri.

Bu nəğmələr daha çox dəniz və çay ətrafında yaşayan xalqların poetik düşüncəsinə xas olub. B.N. şifahi poeziyanın ilkin inkişaf mərhələlərinə aid edilir. Azərbaycan folklorunda da B.N.-nə rast gəlinir:

Tor doldu,

Tarım oldu.

Qayığım

Yarı oldu.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

barokko

lat. baroco – sxolastik məntiqdə sillogizmin növlərindən biri; ital. barocco – qəribə, möcüzəli; fr. baroque – “yöndəmsiz”, “qüsurlu”, “ifrat meyilli”

Avropa mədəniyyətində Renessans və klassisizm dövrləri arasında mövcud olmuş estetik istiqamət, bədii üslub; həmin istiqamətin geniş yayıldığı dövr – XVII–XVIII əsrlər.

B. termini XVI–XVII əsrlərdə İtaliya sənətşünaslığında (memarlıq və təsviri incəsənət) istifadə olunub, XIX əsrin ortalarından ədəbiyyatşünaslıqda da işlənməyə başlayıb. B. ədəbiyyatı forma mürəkkəbliyi, möhtəşəmliyə, təmtərağa meyilliyi ilə seçilir. İnsan və dünya arasında, eləcə də şəxsiyyətin daxili aləmindəki qarşıdurmalar bu ədəbiyyatın əsas mövzusunu təşkil edir. B. fəlsəfəsində romantizmdə tərənnüm olunan təbiilikdən imtina edilir, təbiilik vəhşiliyin, ədəbsizliyin sinonimi kimi təqdim olunurdu.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

beşlik

Hər bəndi beş misradan ibarət şeir şəkli.

Ədəbiyyatda bəzən müxəmməs və ya təxmisə B. deyilir. Lakin B. termini yalnız bənd quruluşuna aid edilir; bu şeir şəklində olan poetik nümunələr vəzn, bölgü, qafiyə, ahəng və s. xüsusiyyətlərinə görə fərqlənir. S.Vurğunun “Azərbaycan” şeiri B.-dir, ancaq müxəmməs deyil. Çünki bu B.-in hecası, qafiyəsi, ölçüsü və s. müxəmməsin tələblərini ödəmir. Tofiq Bayram yaradıcılığından nümunə:

Mən bir yanda sənə möhtac,

Sən bir yanda gəzdin əlac.

İki qəlbdə bir ehtiyac,

Övladıyıq bir həsrətin,

Ay gecikən məhəbbətim!..

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

beyt

Şərq poeziyasında şeirin bitmiş fikir ifadə edən iki misradan ibarət hissəsi.

Klassik ədəbiyyatda B.-lər şəklində olan şeirlər (qəzəl, qəsidə, qitə, məsnəvi və s.) əruz vəznində yazılıb. B.-lər bir-biri ilə qafiyələnə bilər:

Ay nə lazım, sən kimi məhru kifayətdir mənə,

Gül nə lazım, sən kimi xubru kifayətdir mənə. (M.Füzuli)

Qafiyələnməyən beytlər də var:

Biz ədl sarayıykən zülm ilə xərab olduq,

Zalımlar olan qəsrə gör neyləyəcək dövran!.. (Ə.Xaqani)

Müstəqil şeir şəklində olan B.-lər də var. Aforistik məzmun daşıyan bu B.-lərdən, adətən, iri didaktik əsərlərdə (“Qabusnamə”, “Gülüstan” və s.) hər hansı fikri əsaslandırmaq üçün istifadə olunur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti