Katolisizm və protestantlıqla yanaşı, xristianlığın üç əsas cərəyanından biri.
P. IV əsrdə Roma imperiyasının parçalanmasından sonra Bizansda təşəkkül tapıb, lakin uzun müddət təşkilati cəhətdən Roma katolik kilsəsi ilə bağlı olub və onunla birlikdə ümumi xristian kilsəsini təşkil edib. Yalnız 1054-cü ildə o, təşkilati baxımdan müstəqil kilsəyə çevrilib. P., əsasən, Şərqi Avropa və Yaxın Şərq ölkələrində yayılıb. Üç sifətin (müqəddəs ata, müqəddəs oğul, müqəddəs ruh) vəhdətində təzahür edən vahid Allaha etiqad P.-ın əsasında dayanır. Bu cərəyan ilk yeddi Ümumi xristian kilsə məclislərinin (IV–VIII əsrlər) qərarlarını qanuni sayır, sonrakı dövrlərdəki qərarları, o cümlədən kilsələrin ayrılmasından sonra katolisizmdə qəbul olunmuş ehkamları tanımır. Katolisizmdən fərqli olaraq P. vahid kilsə təşkilatına malik deyil. Dünyada bir çox avtokefal (Konstantinopol, Antioxiya, Yerusəlim, rus, serb, gürcü, rumın, bolqar, Kipr və s.) pravoslav kilsələri fəaliyyət göstərir.
Tarix terminləri lüğəti