yun. typos – forma, nümunə + logos – elm, təlim
Çayların eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.
Ç.T.T. olduqca geniş məfhumdur: belə ki, çaylar bir çox əlamətlərinə görə – hövzələrinin ölçüsünə, topoqrafik xüsusiyyətlərinə, rejiminə, sululuğuna, qidalanmasına, mənsəbinə, mənbəyinə və s. və i.a. – qruplara ayrılır. Hövzələrinin ölçüsünə görə böyük çaylar (sutoplama sahəsi 50.000 km2-dən çox), orta çaylar (sutoplama sahəsi 2000-50.000 km2), kiçik çaylar (sutoplama sahəsi 2000 km2-dək) fərqləndirilir. Topoqrafik xüsusiyyətlərinə görə dağ və düzənlik çayları, həmçinin yeraltı çaylar, sululuğuna görə azsulu, ortasulu və bolsulu çaylar olur. Qida mənbələrindən asılı olaraq çaylar yağışla, qarla, buzlaqla, yeraltı sularla, göllə, qarışıq sularla qidalanan çaylar kimi qruplarda birləşdirilir. Çay rejimi növləri isə bunlardır: ekvatorial, subekvatorial, subtropik, mülayim, subarktik, arktik. Mənsəbinə görə sadə şəkilli, delta və estuari formalı, mənbəyinə görə dağ buzlağı, göl, bataqlıq, bulaq və s. mənbəli çaylar olur. Çaylar başqa göstəricilər əsasında da tiplərə ayrılır, məsələn, şəbəkəsinin sıxlığına görə. Bu bölgü sistemlərindən bəziləri şərtidir və ayrı-ayrı ölkələrdə, ölkələr birliklərində fərqlidir. Ona görə də müxtəlif elmi mənbələrdə, ensiklopediya və lüğətlərdə müxtəlif təsnifat formalarına rast gəlmək mümkündür.
See also: