Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏSƏDULLA ərəb.

Əsad adı və mürəkkəb adların tərkibində işlənən Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əslində Əsədullah (bax: ad – ƏSƏD; ÜLLAH) olan kişi adı Allahın aslanı mənasını ifadə edir. İslam dini ilə əlaqədar şəxs adlarından olan Əsədullah Həzrət Əlinin ləqəbindən yaranmışdır. Adın təhrif olunmuş forması Əsədulla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Əsədulla şəklindədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏSƏN  türk mənş.

asan sözündəndir. Əsən dilimizdə bir neçə anlamı ifadə edir: 1. Sağlam, gümrah, salamat; 2. Xalis, saf, təmiz; 3. Zəkalı, ağıllı, kamallı; 4. Külək (əsməklə əlaqədar).

Bir çox tarixi mənbələrdə Xürrəmilər hərəkatının başçısı Babəkin (bax: ad – BABƏK) də əsl adının Əsən olması ilə bağlı məlumatlar vardır.Azərbaycanda artıq köhnəlmiş, daha doğrusu, unudulmuş kişi adlarından hesab edilir. Bu, əsasən, Əsənlə Həsən (bax: ad – - SƏN) adının qarışdırılması ilə əlaqədar olmuşdur desək, yəqin ki, yanılmarıq. Tarixdən məlum olduğu kimi, XII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan albanların Xaçın hakiminin adı Əsən Cəlal olmuşdur. Bu adın tərkibindəki Cəlal orta əsrlərdə geniş yayılmış cəlal-üd-dövlə titulunun qısaldılmış formasıdır (bax: ad – CƏLAL). Hakimin adı əslində Əsən olmuşdur. Lakin dilimizdən rus dilinə tərcümədə adın əvvəlinə h səsi əlavə edilərək səhvən Qasan, Xasan kimi yazılmışdır. Ruscadan da dilimizə tərcümə zamanı yanlışlıq nəticəsində Həsən kimi getmiş, nəticədə Əsən adı Həsən adı kimi göstərilmişdir. Tarixi mənbələrdə o da qeyd edilir ki, XII əsrdə İslamın qatı əleyhdarının adı Həsən ola bilməzdi. Hazırda da qədim türk dillərində geniş yayılmış kişi adlarından hesab edilən Əsən şəxs adı Türkiyədə, eləcə də türk dünyasında populyar adlardandır. Türk dilində şəxs adlarının izahlı lüğətlərində Əsən kişi adının (bu gün türk dilində Esen biçimindədir) geniş yayılmış kişi adlarından olması, sağ, sağlam, rahat, sağlıqlı, həmçinin külək mənasını ifadə etməsi ilə bağlı məlumatlar mövcuddur. Hətta türklərdə Əsən/Esen şəxs adı Esener (Əsənər), Esengün (Əsəngün), Esentürk (Əsəntürk) və s. mürəkkəb adların komponenti kimi çıxış edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏSHAB ərəb.

ashaba sözündəndir (sahib sözünün cəmidir). Əshab dilimizdə heç bir məna ifadə etmir.

Dilimizin şəxs adları sistemində Əshabə qadın adı (bax: ad – ƏSHABƏ) mövcuddur. Əshabə sözü dilimizdə Məhəmməd Peyğəmbərin və imamların yaxın adamları, həmçinin tərəfdar, daim birinin yanında olan anlamlarındadır. Əshab kişi adı Əshabə qadın adından son saitin düşməsi yolu ilə yaranmışdır. Dilimizin şəxs adları sistemində bu yolla yaranmış kifayət qədər şəxs adları mövcuddur. Məsələn, Elmin, Elnar, Samir və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti