Babak dilimizdə qədim sözlərdən olan baba sözündəndir. Qədim türk mənşəli adlardan olub, əksər mənbələrdə baba sözünün nəvazişli forması sayılır.
Mənbələrin əksəriyyətində sözün kökündə duran baba sözü “ata”, Babək isə “atacan”, “başçı” kimi izah edilir. Babək kişi adı Azərbaycanda milliazadlıq hərəkatının simvolu, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi Babək Xürrəminin adındandır. Ərdəbil şəhəri (Cənubi Azərbaycan) yaxınlığındakı Bilalabad kəndindən olan Babəkin, tarixi mənbələrə görə, əsl adı Həsən olmuşdur. Bir sıra ərəb mənbələrində qeyd olunur ki, qədim və möhtəşəm türkari mədəniyyətini məhv olmağa qoymayan Babəkin əsl adı guya müsəlman adı olan Həsən imiş. Lakin müasir tədqiqatçılar (Əlirza Xələfli, Fikrət Nəsrəddinzadə, Məzahir Alıyev və b.) öz məqalələrində qeyd edirlər ki, bu ad bilərəkdən ərəb tarixçiləri tərəfindən təhrif olunmuşdur. Xürrəmilər hərəkatına qoşulan Babək Cavidanın ölümündən sonra Azərbaycan xalqının ərəb işğalçılarına qarşı azadlıq mübarizəsinə başçılıq etmişdir. Tanınmış ərəb sərkərdələri Babəkə qarşı müharibələrdə ağır məğlubiyyətlərə düçar olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babək tərəfindən məhv edilmişdir. Xürrəmilərin şiddətli müqavimətinə baxmayaraq, ərəb qoşunları 837ci ildə Bəzz qalasını alır. Babək kiçik bir dəstə ilə mühasirədən çıxaraq Bizansa gedib İmperator Feofil ilə əlaqə yaradır və ərəblərə qarşı yeni ordu toplamaq istəyini ona çatdırır. Lakin xəyanət nəticəsində ərəblərin əlinə keçən Babək 838ci il yanvarın 4də qardaşı Abdulla ilə birlikdə Samirə şəhərinə aparılır, Xəlifə Mötəsim Babəki xüsusi işgəncə ilə edam etdirir. Qeyd etmək lazımdır ki, bu gün Cənubi Azərbaycanda hər il milyonlarla soydaşımız bütün təzyiqlərə və təqiblərə baxmayaraq, Babəkin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bəzz qalasını ziyarət edirlər. Babəkə olan ehtiramdan adı da məişətimizdə uzunömürlü olub, bu günə qədər yaşadılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti