Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALPAŞA türk mənş.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş titul bildirən alp paça sözlərinin birləşməsindən, daha dəqiq, iki mənaca daralan sinonim sözün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Səsdüşümü nəticəsində p samitinin biri düşmüş, ad Alpaşa kimi formalaşmışdır. Alpaşa (bax: ad – ALP; PAŞA) kişi adı igid, qəhrəman anlamlı arxaik alp titulunun keçmişdə Şərq ölkələrində məmurlara verilən paşa titulunun qarşısında işlənməklə onun həm də igid, sərrast atıcı, güclü sərkərdə olduğuna işarə edilirdi. Sonradan müstəqil ad kimi formalaşmışdır. Bəzən Alıpaşa (bax: ad – ALIPAŞA) antroponimi ilə qarışdırılır. Eyni sür izah edilir. Lakin adlar tam fərqli anlamlar ifadə edir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Alpaşa bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALPAY türk mənş.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş titul bildirən alp və mürəkkəb adların yaranmasında iştirak edən ay sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Alpay (bax: ad – ALP; AY) kişi adı igid, cəsur, ər mənasındadır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında mövcud bir sıra kişi adlarının tərkibində işlənən “ay” sözü şəxs adlarının tərkibində “ər” mənasını ifadə edir. Məsələn, Sabutay (bax: ad – SABUTAY), Xasay (bax: ad – XASAY), Tokay (bax: ad – TOKAY) və s. Bu şəxs adlarında “ay” kişi, igid mənasındadır. Alp ay sözlərinin birləşməsindən igid, cəsur ər, kişi mənasını verən Alpay antroponimi yaranmışdır. Bəzi lüğətlərdə Alpay şəxs adının kiçik qəhrəman, kiçik pəhləvan, balaca qəhrəman mənasında olduğu qeyd edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALTAY türk mənş.

alatau sözünün qədim türk dillərində bir neçə mənası var: 1. Qızıl, qiymətli, dəyərli daş-qaş; 2. Üsul, tədbir; 3. Yüksəklikdə, hündürlükdə yerləşən meşəlik.

Türk mənşəli “altun” (qızıl) sözü ilə fonetik yaxınlıq özünü büruzə verir. Türk xalqlarından olan altaylıların dilində altay sözü “qızıl” anlamını ifadə edir. Altay kişi adı Azərbaycan antroponimikasında oronimik vahidlər əsasında yaranan antroponimlər sırasındadır. Məlum olduğu kimi, Altay oronimdir, Sibir və Monqolustan arasındakı hündür, yüksək dağın adındandır. Bir sıra araşdırmalarda ala sözünün türk dillərində hündür, yüksək, tay sözünün isə dağ mənasında olduğu məlumatlara rast gəlinir. Altay oroniminin şəxs adı kimi formalaşmasında da həmin məna əsas olmuşdur. Yəni Altay kişi adı hündür, yüksək dağ mənasını ifadə edir. Müasir ədəbi dilimizdə ala başqa mənalarda, tay, tau isə dağ fonetik variantında işlənməkdədir. Altay adı Altay ölkəsi, Altay dağları anlamına gəlir. Bir çox türk xalqlarının atroponimikasında Altay adı bir neçə əsr əvvəldən məlumdur. Lakin Azərbaycanda əsasən XX əsrə aiddir. Dünyaya gələn oğlan övladlara bu ad 30-cu illərdən verilməyə başlanmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda oğlanlara dağ adı qoymaq təəccüb doğurmur. Altay adına bu gün də kifayət qədər rast gəlinir. Lakin soyad kimi formalaşmamışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALTUN türk.

altun sözü qızıl, paslanmayan sarı rəngli qiymətli metalın adıdır.

Hazırda Azərbaycanda Altun şəxs adını daşıyan bir neçə adam tapmaq olar. Lakin Azərbaycan antroponimikasında tərkibində Altun sözünün işləndiyi Altunbəy (bax: ad – ALTUN- BƏY), Altuntac (bax: ad – ALTUNTAC), Altunsaç (bax: ad – AL- TUNSAÇ) kimi mürəkkəb adlar mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Altun bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALTUNBƏY türk.

Altun adının və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Altunbəy (bax: ad – ALTUN; BƏY) kişi Altun bəy mənasındadır. XX əsrin iyirminci illərinə qədər Azərbaycanda bu adın daşıyıcılarına kifayət qədər rast gəlinsə də, hazırda bu adı daşıyan adamların sayı çox azdır. Lakin digər türk xalqlarında Altunbəy geniş yayılmış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALTURAN ərəb.

Ali və türk. Turan adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Səsdüşümü (i) nəticəsində Alturan kimi formalaşmış antroponimdir. Alturan (bax: ad – ALİ; TURAN) kişi adıuca, yüksək Turan mənasındadır.

Şəxs adındakı Turan toponimik vahidi tur teonimi əsasında yaranmışdır. Bu söz müasir ədəbi dilimizdə ümumi leksik vahid kimi işlənmir. Qədimdə Orta Asiyada türklərin yaşadığı yerin adı olmuşdur. Azərbaycan onomastik vahidlər sistemində Turan yalnız antroponimik vahid kimi işlənir, türk xalqlarının onomastik vahidlər sistemində təkcə antroponim kimi deyil, həm də toponim kimi işlənməkdədir. Məsələn, Tuvada Turan çayı (Uyuk-Turan) və Turan şəhəri, türklərin şərq qolu ilə bağlı arealda Toran, Toranqul, Tura və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AMANULLA ərəb.

Aman adının və mürəkkəb adların tərkibində işlənən Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əslində Amanullah (bax: ad – AMAN; ÜLLAH) olan kişi adı Allahın bağışladığı, salamat, əmin-aman bəndə, Allahın təhlükəsizliyə qovuşdurduğu əmin bəndə, qul anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Amanulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Amanullah adı bu gün yalnız Amanulla formasında mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Amanulla bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti