alp sözü qədim türk dillərində qəhrəman, bahadır, igid, cəsarətli, qəhrəman, pəhləvan; sərrast atıcı mənasındadır.
Bəzi mənbələrdə almaq feili ilə eyni kökdən olduğu iddia edilir. Azərbaycanda çox nadir hallarda rast gəlinən antroponimlərdəndir. Azərbaycan antroponimikasında titullardan yaranmış şəxs adları sırasındadır. Alp qədim türk ordusunda xüsusi zümrə təşkil edən adamların yalnız qılınc və qan bahasına qazanaraq aldığı titullardandır. Qeyd etmək yerinə düşərdi ki, Alp adı ilə bağlı bəhs edərkən İslamaqədərki qəhrəmanlıq dastanlarımız yada düşür. Məlum olduğu kimi, alp sözünə qədim türk dastanlarında titul olaraq tez-tez təsadüf edilir. Məsələn, Alp Qutlu, Alp Arslan, Alp Tarxan, Alp Ər Tonqa və s. Bu igidlər xaqanın yanında tutduqları mövqeyə görə fərqli adlarla çağırılmışlar. VII əsrdə Dərbənd yaxınlığındakı savirlərin başçısının adı Alp İlteber olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanlarındakı qəhrəmanlar arasında İlək qoca oğlı Alp Ərən, Dözən oğlı Alp Rüstəm də vardır. Bir sıra tədqiqatlarda oronomik vahidlər əsasında yaranan antroponimlər sisteminə daxil edilir. Başqa sözlə, Alp adı dağ adı ilə əlaqələndirilir. Bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında dağ adlarından yaranmış kifayət qədər şəxs adı mövcuddur. Məsələn, Elbrus, Altay, Qoşqar, Savalan və s. Alp adının da lüğətlərdə dağ adı ilə əlaqələndirilməsi bununla əlaqədardır. Türklər dağların ən yülsək yamacında yetişən bitkiyə alpyıldız (alp ulduz) adı vermişlər. Bu adı bitkinin dağın ən yüksək yamacında bitməsi ilə əlaqələndirirlər. Alp antroponomi vaxtilə bir sıra adların əvvəlinə də artırılmışdır. İndi Azərbaycanda Alp yalnız şəxs adı kimi mövcud olsa da, Türkiyə türklərinin şəxs adları siyahısında əvvəlində və sonunda alp sözü işlənən şəxs adlarına, eləcə də soyadlara kifayət qədər rast gəlinir. Məsələn, Alparslan, Alpdəmir, Alpdoğan, Gökalp, Səlcuq Alparslan, Ahmet Canalp və s. Bəzi mənbələrdə göstərilir ki, alp sözü təkcə qəhrəmanlığı ifadə etmir, eyni zamanda əsilzadəlik statusudur. Adın daşıyıcılarından Alp Ağamirov XX əsrin tanınmış jurnalistlərindən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti