►Zərərverən bir hadisədən nəticə çıxarmağa, ibrət götürməyə, başqasının səhvini təkrarlamamağa çağırış məqsədilə işlədilən ifadə.
Məsəl aşağıdakı alleqorik əhvalatla bağlı yaranmışdır.
Qurd, tülkü, şir birlikdə ov etmək qərarına gəlirlər. Onların işi yaxşı gətirir. Keçi, maral, bir də dovşan ovlayırlar. Bir çəmənlikdə ovu bölməyə hazırlaşırlar.
– Ovu sən böl, – deyə şir qurda müraciət edir. Sonra da əlavə edir: – Ancaq insafla böl.
– Yaxşı, – deyə qurd razılaşır. – Mən belə məsləhət görürəm ki, keçini sənə verək, dovşanı tülküyə, maralı isə mən götürüm.
Şir bunu eşitcək hirslənib ağır pəncəsi ilə qurdun başına bir qapaz vurur. Zərbənin ağırlığından qurdun gözləri yerindən pırtlayıb çıxır.
– İndi isə sən böl, – deyə şir tülküyə müraciət edir. – Ancaq insafla böl.
Tülkü qorxa-qorxa deyir:
– Baş üstə, mənim hökmdarım. Qoy keçi səhər yeməyin olsun, dovşan naharına, maral isə şamına qalsın.
Şir bu bölgüdən çox məmnun qalıb deyir:
– Əhsən! Bax bu oldu düz. Sən payı belə insafla bölməyi kimdən öyrəndin?
Tülkü quyruğunu bulayaraq deyir:
– Ey mənim hökmdarım, mən bunu sənin qabağındakı gözü çıxmış qurd qardaşımdan öyrəndim.
Məsəllər, deyimlər►Etibarı olmamaq, inanmamaq, ürək qızdırmamaq, arxayın olmamaq.
İfadә Azәrbaycanda metal emalının meydana çıxıb yayılması ilә әlaqәdar formalaşmışdır.
Burada xüsusilә dəmirçilik peşәsinin mühüm rolu olmuşdur, çünki dәmirçilikdә metal alәtlәrin «su içmәsi» onların ovxarlılığını tәmin edәn amillәrdәndir. Su içmәyәn alәtin ovxarı, kәsәri zәif olur. Odur ki, adәtәn, inkarda işlənәn «gözüm su içmir» ifadәsi, əslindә, «gözüm bir itilik, qabiliyyәt seçmir, görmür» mәnasındadır. Buradakı «göz» bizi çaşdırmamalıdır. Bu söz sinekdoxa (tam әvəzinә һissә) sәciyyәli olub şәxsi, danışanı әks etdirir. Gözüm su içmir. Yəni gözüm bu işdәn (şәxsdәn) ovxarlanmır, kәsәrlәnmir.
Dilimizdә işlәnib «bax ona, gözünә su ver» ifadәsi də «onun ovxarlığından sәn dә su iç» (tәsirlәn, faydalan) anlamına gәlir.
Məsəllər, deyimlər►Həddən artıq gözləməkdən yorulmaq, gözləyə-gözləyə qalmaq, usanmaq.
İfadə el arasında qədimdən kök salmış inancla bağlıdır.
Xalq arasında belə bir inam kök salmışdır ki, bir adamın gəlişini və ya hansısa prosesi uzun müddət və həm də intizarla gözləyəndə göz dibində saralma başlayır. Zaman keçdikcə tibb elminin inkişafı nəticəsində bu ehtimalın elmi əsaslara söykəndiyi sübut olunmuşdur.
Müasir oftalmologiya təsdiqləyir ki, göz almasının daxili qatını təşkil edən torlu qişada iki mühüm törəmə vardır: görməyə ən həssas olan sarı ləkə və görmə sinirinin diski. Həmin görmə sinirində isə işığı ötürən sinir lifləri mühüm rol oynayır. Sinir liflərinin (sapların) gərgin işləməsi bəzən işığa həssas olan sarı ləkənin qabarıq nəzərə çarpmasına səbəb olur. Göründüyü kimi, bu məcazi ifadənin əsasında əcdadlarımızın dəqiq müşahidəsi dayanır.
İfadə bəzən «gözünün sapı saralmaq» şəklində də işlədilir.
Məsəllər, deyimlər►Doymaq, doyunca zövq almaq, yarımaq, tam tәmin olunmaq.
İfadə insan orqanizminin konkret xüsusiyyəti ilə bağlı yaranmışdır.
Mәlumdur ki, orqanizmdә qurd olanda adam çox yeyir, onun yediyinin çoxunu qurd mәnimsәyir vә buna görә dә insan doymaq bilmir, onda aclıq hissi qalır. Yuxarıdakı tәrkib, әslindә, evfemistik yolla düzәldilmişdir: burada qarındakı qurdu doyurmaq әvәzinә gözün qurdunu yedirmәkdәn vә bununla da onun – gözün (әslindә isә qarının) tәlәbatını ödəməkdən, aclıq hissini öldürmәkdәn bәhs edilir.
Real olaraq belә varlıq – göz qurdu (denotat) yoxdur. «Qarın qurdu» ifadәsi әsasında düzәlәn «qarnı qurdlu» (paxıl, xain) tәrkibi mәnaca diferensiallaşır («qeyri-sәmimi, qәlbiqara, ürәyindәkini gizlәyәn») və mәcazi mәna kәsb edir. Yəni semantik sahә qanunu әsasında ifadənin birinci komponenti olan «qarın» sözü «göz»lә әvәzlənmişdir (göz qurdu).
Məsəllər, deyimlər►Yol verilmiş bu və ya başqa qəbahətə görə günahlandırılan və ya başqalarının günahını öz boynuna götürən şəxs haqqında işlədilən ifadə.
İfadə qədim yəhudilərdə günahları yumaq üçün mövcud olmuş adətlə bağlı meydana çıxıb.
Həmin dövrdə yəhudilər keçini tutub günahlarını onun belinə yükləyir və səhraya buraxırdılar. Güman edirdilər ki, bununla da ruhlarını saflaşdırır, Tanrı qarşısında təmizlənir, işlərini yüngülləşdirirlər. Sonralar «günah keçisi» adlandırılan həmin heyvana yəhudilər Azazel deyirdilər.
Bununla bağlı məşhur italyan mütəfəkkiri, yazıçısı və rəssamı Alberto Savinio yazmışdır ki, keçinin adını nə qoyursan qoy, amma toplumların mənəvi problemləri (günahları) fiziki yolla həll etmək (yumaq) cəhdindən inadla əl çəkməməsi insanlar arasında özlərini və başqalarını aldatmaq ənənəsinin möhkəmliyinə klassik nümunədir.
Məsəllər, deyimlər►Az yeyən, zәrif, nəfsini gözləyən mömin adam haqqında işlədilən ifadə.
İfadənin mənşəyi dini rəvayətlərə gedib çıxır.
Həmin rәvayәtlәrin birində deyilir ki, Allahın buyruğuna əsasən, cәnnәtdә ikәn Adәmlә Hәvva gündә bir xurma ilә dolanırmışlar. Şeytan onları yoldan çıxarıb buğda yedirdənə qədər bu qida ilə kifayətlənirmişlər. Lakin «gündə bir xurma yemək» ifadəsinin Azərbaycan dilində bu qədər geniş yayılması həmin əhvalatla bağlı deyildir.
Bizdə daha çox kinayə və rişxəndlə işlədilən bu ifadә Cəlil Mәmmәdquluzadәnin məşhur «Ölülәr» (1909) pyesindәndir. Avam camaatı ölülәri dirildəcəyinә inandıran fırıldaqçı Şeyx Nәsrullah Hacı Hәsәnin evindә qalır. «Mübarək» qonağının şərəfinə ziyafət verən ev sahibi ona «cücә-plov» tәklif edəndə Şeyx Nәsrullah «әsәbilәşir»: «...Necә, cücә-plov? Şeyx Әһmәd, mәni hara gәtirmisәn? Bunlar necә müsәlmandırlar? Bu nәdir? (Otağın fәrşlәrini göstәrir.) Şeyx Әhmәd, mәgәr bunlara demәmisәn ki, mәnim xörәyim gündә bir xurmadır?»
İfadə həqiqi mənasında az yeməklə kifayətlənən, dünya malında gözü olmayan, hər şeydə nəfsini gözləyən mömin adamlar haqqında işlədilir.
Məsəllər, deyimlər►Nüfuzlu, qürurlu və məğrur bir şəxsiyyətin böyüklüyünü, qüdrətini, mənəvi ucalığını bildirmək üçün işlədilən ifadə.
İfadә Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi, hürufi şair İmadәddin Nәsiminin (1370–1417) qətli ilə bağlı əhvalatdan qaynaqlanır.
Üsyankar ruhlu şeirlərinə görə ruhanilәr onun dərisinin diri-diri soyulmasına fitva verirlər. Hökmün icrası zamanı çoxlu qan itirmiş şairin rәngi saralmağa başlayır. Onu lağa qoyub nә üçün saraldığını soruşan cәlladlara Nәsimi belә cavab verir: «Mәn әbәdiyyәt üfüqlәrindә doğmuş eşq günəşiyəm, günәş qürub edәndә saralar».
Suriyalı tәdqiqatçı Abdulla Fәttah Qalәtçi «Tişrin» qәzetindә Azәrbaycan şairi Nәsimi haqqında yazdığı mәqalәdә də məğrur şairin məlum sözlərini olduğu kimi qeyd edir.
Hәmin ifadə xalq şairi S.Vurğunun «Vaqif» dramında (1938) boynu vurulmağa gәtirilmiş Vaqifin dilindәn dә səslənmişdir.
Məsəllər, deyimlər►Hәr hansı yaxşı, saf, təmiz bir şeydə (şəxsdə) mənfi cəhət, qüsur axtarıb tapmağa çalışmaq.
İfadə ilkin mənasında mәşhur astronom Kepler Günəşdə lәkәlәr olduğunu müəyyən etdikdən sonra yayılmışdır.
Keplerin 1607-ci ildә ilk dәfə apardığı bu müşahidədən bir neçə il sonra müxtәlif alimlәr bir-birindәn xәbәrsiz Günәşdә lәkә olduğunu elan etmişdilәr.
Müasir astronomiya bunu təsdiqləyir və izah edir ki, Günәşdә ləkənin meydana gәlmәsi dәһşәtli dәrәcәdә güclü partlayışla müşayiәt olunur. Yəni bu ləkələr – qasırğalardan sonra yaranmış dəliklərdir, onların içində göy cisminin nisbətən zəif parlaqlığı olan hissəsinə baxmaq olar. Bəzi hissələrdə «ləkələr» elə böyükdür ki, onları adi gözlə də görmək mümkündür. Bəzi alimlərin fikrincə, Günәşin üzündәki o ləkәlәr Yer üzәrindә bütün canlıların hәyatına bu vә ya başqa şәkildә tәsir göstәrmәkdәdir.
Bu deyimin məğzini Mark Tven belә ifadә etmişdir: «Alimlәr Günəşdә lәkә tapıb bundan sevinmәyә başladılar. Bu isә başqasının qüsurlarına, bәdbәxtliyinә sevinmәyin misilsiz nümunәsidir».
İfadənin məcazi mənası isə hələ qədim zamanlardan, insanlar Günəşə sitayiş etdikləri vaxtdan işlənir.
Məsəllər, deyimlər►Xəsis, acgöz, pul hərisi olan adamlar haqqında işlədilən ifadə.
İfadə M.F.Axundzadənin «Sərgüzəşti mərdi-xəsis» və yaxud «Hacı Qara» adlı komediyasındakı qəhrəmanının adı ilə bağlıdır.
Böyük dramaturq bu əsərdə tipik xəsis, şərqli tacirin olduqca inandırıcı obrazını yarada bilmişdir. Bu tacir tamahkarlığı və xəsisliyi ucbatından hər addımda özünü gülünc vəziyyətə salan Hacı Qaradır.
Pul yığıb var-dövlətini daha da artırmağa çalışan Hacı Qara ailəsini ac saxlayır, uşaq oyuncaq yığdığı kimi, o da pulu sandığa yığıb nə özünə, nə də ailəsinə sərf edir. Pula hərislik onda qeyri-insani, iyrənc xüsusiyyətlər yaradır, hətta qoca vaxtında onu qaçaqmal alverinə getməyə məcbur edir.
Hacı Qara, bir növ, rəmzləşmiş obrazdır, el-oba arasında xəsisliyi ilə «fərqlənən» adamların bu adla çağırılması təsadüfi deyildir.
Məsəllər, deyimlər►Ölkə həyatı üçün ciddi qərarların qəbul edildiyi yeri, problemləri kənar müşahidəçilərdən, mətbuatdan və ictimai təşkilatlardan gizli şəkildə müzakirə edən dövlət və hökumət qurumlarını nəzərə çatdıran ifadə.
İfadə ingilis yazıçısı, alim-fizik, dövlət və ictimai xadim olan lord Çarlz Perse Snonun 1964-cü ildə yazdığı «Hakimiyyət dəhlizlərində» romanından sonra populyarlaşmışdır.
Ç.P.Snou həmin əsərində ictimai-siyasi həyatın tənzimlənməsində hakimiyyətin rolundan bəhs edir və göstərir ki, cəmiyyətin aparıcı güclərinin iştirakı olmadan qəbul edilən qərarlar hansı faciələrə yol açır. Müəllif hələ həmin əsərindən bir neçə il əvvəl – 1956-cı ildə qələmə aldığı «Vətənə qayıdış» romanının 22-ci fəslində Londonda Uaytholl küçəsində təsvir etdiyi nazirliyi «hakimiyyətin dəhlizi» adlandırmışdı.
Hazırda «hakimiyyət dəhlizləri» ifadəsi, bir qayda olaraq, cəmiyyət üçün vacib qərarların qəbul edilməsinə məsuliyyət daşıyan ali hakimiyyət dairələrinin sinonimi kimi qəbul olunur. Siyasi şərhlərdə və publisistik yazılarda bu ifadə gen-bol işlədilir.
Məsəllər, deyimlər►Müəyyən qədər köklüyü olan, sağlam vә xoşxasiyyәt dul qadınları sәciyyәlәndirmәk üçün yumorla işlәdilən ifadə.
İfadә Üzeyir Hacıbәylinin «Arşın mal alan» operettasında Sultan bәyin dilindәn yayılmışdır.
Məsələnin etimoloji cəhətdən maraq doğuran hissəsi buradakı «hallıca-dulluca» sözüdür. Әsәrin müxtәlif yerlərindә Sultan bәy bu sözlәri işlәdir: «Elә hamı mən deyәni deyir: «Bir hallıca dul arvad ola...»; «Arvad әlimә göydәn düşmüş kimi olmuşdu, özü dә əsl mәn deyәn hallıca arvad idi»; «Әsl mәn deyәn arvad elә o idi ki, hallıca, dul, әndamlı...»
Göründüyü kimi, orijinalda ifadәnin ikinci ünsürü – «dulluca» sözü işlənmir. Bu hissә süni dә olsa (belә leksik vahid yoxdur) sonralar әvvәlki hissəyә qafiyә üzrә düzәldilmişdir; məsələn: «bir hallıca-dulluca arvad tapıb almaq».
Məsəllər, deyimlər►Bir adamın şəkk-şübhəsiz öləcəyini və ya hansısa böyük bədbəxtliyə, uğursuzluğa düçar olacağını bildirmək üçün işlədilən ifadə.
İfadə Şərq ölkələrində verilən yas mərasimləri ilə bağlı meydana çıxmışdır.
Şərqin müsəlman ölkələrində, o cümlədən Azərbaycanda bir adam öldükdə onun dəfn mərasimində ehsan kimi halva verilir və xüsusən bu zaman yoxsul ailədən olan uşaqları və qocaları yaxşıca doydurmağa çalışırlar. Hesab edirlər ki, bu yolla mərhumun ruhunu rahatlandırır və onun behiştə getməsini asanlaşdırırlar. Ona görə də halva çalınması elə bizim günlərdə də bir adamın dünyasını dəyişməsi, yaxud bütövlükdə ölənlərin ruhunun yad edilməsi ilə bağlı hadisə hesab olunur.
Sonralar ifadə məcazlaşaraq işi nəhs gətirən, fəlakətlə üzləşən, dara düşüb çıxa bilməyən, məsələsi mənfi mənada həll olunmuş adamlara da aid edilib.
Məsəllər, deyimlər►Özünə aid olmayan bir şeylə kiminsə xoşuna gəlməyə çalışmaq, dost qazanmaq, başqasının yaratdığı əlverişli şəraitdən öz xeyri üçün istifadə etmək.
İfadə təxminən XX əsrin əvvəllərində köhnə Bakı hamamlarında adət halını almış bir qayda ilə bağlı yaranmışdır.
Ümumi hamamların işə düşdüyü ilk vaxtlarda təzə-təzə ənənələr yaranırdı. Bunlardan biri köhnə Bakı qaydalarına uyğun olaraq hamama təzə girən yaşlı qadın hansı cavan qıza, ya gəlinə yanaşıb yanında əyləşsəydi, mütləq həmin adam hörmət əlaməti olaraq onun başına bir satıl ilıq su tökərdi. Yaşlı qadın bu jesti rəğbət və ehtiram kimi qəbul edib cavan qıza xoşbəxtlik və səadət arzulayardı. Yəni bu alqış hamam suyuna görə idi və buradan da «hamam suyu ilə dost tutmaq» ifadəsi yaranmışdı.
Bu deyim bizim günlərdə daha çox istehza ilə işlədilir və kiminsə özünə aid olmayan bir şeylə başqasının xoşuna gəlmək, dost qazanmaq istəyini ifadə edir.
Məsəllər, deyimlər►Cəmiyyətdə gərginliyin, qarşıdurmanın, qəzəb və nifrətin hökm sürdüyünü, ziddiyyətlərin artdığını, insanların bir-birinә kəskin münasibәt bəslədiyini bildirmək üçün işlədilən ifadə.
İfadə məşhur ingilis filosofu, siyasətçisi və mütəfəkkiri T.Hobbsun (1588–1679) «Leviafan» əsərindən qaynaqlanaraq yayılmışdır.
XVII əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuş T.Hobbs həmin əsərində yazırdı: «İnsanın vəziyyəti hamının hamıya qarşı müharibə vəziyyətidir». Bu fikri «Vətəndaş haqqında» adlanan başqa bir əsərində də təkrarlayaraq göstərirdi ki, cəmiyyət meydana gələnə qədər adamların təbii vəziyyəti davadan, özü də adi davadan yox, bəlkə, hamının hamıya qarşı apardığı davadan ibarət olmuşdur.
Tədqiqatçıların fikrincə, T.Hobbs bu fikirləri Platonun təsiri ilə söyləmişdir. Çünki antik yunan filosofunun «Qanunlar» adlı dialoqunda da belə bir nəticə vardır: «Hər kəs bütün başqaları ilə həm ictimai, həm də fərdi həyatda, habelə öz-özü ilə dava vəziyyətindədir».
Bütün hallarda hər hansı cəmiyyətdə mövcud olan gərginliyi, qarşıdurmanı, qarşılıqlı qəzəb və nifrətin hökm sürməsini, insanların bir-birinә xoş olmayan münasibәtini sәciyyәlәndirmək üçün bu ifadə kara gəlir.
Məsəllər, deyimlər►Adәtәn, yaşlı adamların xәstәlikdən şikayәtləri, yaxud qocalıqla әlaqәdar һәrәkәtlәri müqabilində işlәdilən ifadə.
İfadə xalq arasında geniş yayılmış bir lәtifədәn qaynaqlanmışdır.
Həkimә müraciət etmiş 80 yaşlı bir qoca ağrılarından xeyli şikayətlənir. Onu narahat edən hər hansı xəstəliyin əlamətlərini sadalayırsa, nədən şikayətlәnirsə, hәkim cavabında «hәştaddandır» deyir.
Әsәbiləşmiş qoca nə edəcəyini bilmir, hirsindәn balaca uşaqlar kimi dilini çıxarıb hәkimә göstәrir. Həkim isə halını qətiyyәn pozmadan «ağsaqqal, bu da hәştaddandır» deyir.
Bizim günlərdə də müəyyən yaşa çatmış adamlar səhhətindən şikayətləndikdə onu dinləyənlər təbəssüm edərək «bunların hamısı həştaddandır» deyirlər.
Məsəllər, deyimlər