Reklam
Reklam

Məsəllər, deyimlər

HAMI HAMIYA QARŞI

Cəmiyyətdə gərginliyin, qarşıdurmanın, qəzəb və nifrətin hökm sürdüyünü, ziddiyyətlərin artdığını, insanların bir-birinә kəskin münasibәt bəslədiyini bildirmək üçün işlədilən ifadə.

İfadə məşhur ingilis filosofu, siyasətçisi və mütəfəkkiri T.Hobbsun (1588–1679) «Leviafan» əsərindən qaynaqlanaraq yayılmışdır.

XVII əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuş T.Hobbs həmin əsərində yazırdı: «İnsanın vəziyyəti hamının hamıya qarşı müharibə vəziyyətidir». Bu fikri «Vətəndaş haqqında» adlanan başqa bir əsərində də təkrarlayaraq göstərirdi ki, cəmiyyət meydana gələnə qədər adamların təbii vəziyyəti davadan, özü də adi davadan yox, bəlkə, hamının hamıya qarşı apardığı davadan ibarət olmuşdur.

Tədqiqatçıların fikrincə, T.Hobbs bu fikirləri Platonun təsiri ilə söyləmişdir. Çünki antik yunan filosofunun «Qanunlar» adlı dialoqunda da belə bir nəticə vardır: «Hər kəs bütün başqaları ilə həm ictimai, həm də fərdi həyatda, habelə öz-özü ilə dava vəziyyətindədir».

Bütün hallarda hər hansı cəmiyyətdə mövcud olan gərginliyi, qarşıdurmanı, qarşılıqlı qəzəb və nifrətin hökm sürməsini, insanların bir-birinә xoş olmayan münasibәtini sәciyyәlәndirmək üçün bu ifadə kara gəlir.

Məsəllər, deyimlər