Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

obraz

rus. oбраз – görünüş

1) Ətraf aləmin, ideyaların müəyyən estetik prinsiplər əsasında bədii inikası.

Bədii yaradıcılığın ümumi kateqoriyası olan obraz romantizmrealizm, eləcə də müxtəlif ədəbi cərəyanların estetikasında fərqli şəkildə şərh olunur. Romantizmə görə, obraz reallıqdan nə qədər uzaqdırsa, bir o qədər güclü və gözəldir. Ona görə də romantiklər obrazın əsasında müəllif fərdiliyinin və subyektivizmin dayandığını iddia edirlər. Realizmdə isə, ­ək­sinə, elə hesab edilir ki, əsərdəki bədii ifadə və təsvir ­va­sitələri obrazın obyektiv reallığa adekvatlığına mane ol­ma­malıdır. Sürrealistlər bu ideyanı daha da inkişaf etdirirlər: “bədii həqiqət – yeddiyə vurulmuş reallıqdır”.

2) Bax: personaj.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

oxşama

Şifahi xalq ədəbiyyatında körpəni əzizləyərkən oxunan lirik şeir forması.

Müxtəlif mənbələrdə “əzizləmə, bəsləmə, əyləndirmə, nazlama” terminləri ilə də ifadə olunur. Vahid bədii forması yoxdur; misraların, misralardakı hecaların sayı, qafiyə quruluşu şeirdən-şeirə fərqlənir. Laylalardan fərqli olaraq oxşamalar körpəni yatırmaq üçün deyil, əzizləmək, oynatmaq, ağlamağa qoymamaq üçün oxunan nəğmələrdir. Oxşamalar oynaq, şən, ritmik olmaqla yanaşı, həm də zara­fatyana ifadələrlə zəngindir; məsələn:

Ay Tanrı, bundan beş dənə ver,

Göydə uçan quşlara ver.

Qarımış, qaralmışlara,

Evdə qalmışlara ver.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

oksimoron

yun. oxus – kəskin + moros – ağılsız

Üslubi fiqur: bir-biri ilə ziddiyyət təşkil edən iki sözün birlikdə işlədilməsi ilə yaranan antiteza.

Fikrin, mənanın eks­pres­siyasını qüvvətləndirmək üçün istifadə edilir və daha çox ismi birləşmə şəklində olur: “Ölü canlar” (N.Qoqol), acı gülüş, səssizliyin səsi, həqiqi yalanlar, gecənin aydınlığı vә s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti