Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

dinləyici auditoriyası

1. Radio proqram­larının ünvanlandığı toplum.

Radio ka­nalı öz proqramlarını bütünlükdə ölkə əhali­sinə, yaxud onun müəyyən seq­men­tinə (gənc­lər, idman həvəskarları, avtomo­bil­çilər və d.) ünvanlaya bilər.

2. Konkret radio kanalının dinləyicilərinin ümumi dairəsi.

Bu­nunla yanaşı, hər radio ve­rilişinin fərqli D.A. da ola bilər.  Kanal, ya­xud veriliş bu auditoriyanın kəmiyyət və keyfiyyət gös­təriciləri əsa­sında xarakterizə edilir, reklamçılar radioda sifariş yerlə­ş­dirərkən, ilk növ­bədə, həmin göstəriciləri nəzərə alırlar.

3. Hər hansı ixtisasartırma proqramının – kursun, treninqin iştirak­çılarının cəmi.

Jurnalistika terminləri lüğəti

diskussiya

lat. discussio  – nəzərdən keçir­mə, araşdırma

Mübahisəli, yaxud müx­təlif həll variantları olan çətin məsələnin ümumi müzakirəsi.

D. açıq, çox zaman me­dianı cəlb etməklə aparılır. O, konkret tezis ətrafında qurulmur, mövzuya, prob­lemə aid olur. Polemikadan və debatdan fərqli olaraq D.-nın məqsədi qarşı tərəf üzərində qələbə qazanmaq deyil. D. nəti­cəsində hə­qiqət aşkarlananda, hər hansı problemin optimal, əsaslandırılmış həlli variantı ta­pılanda bu, bütün iştirakçı tərəf­lərin uğuru kimi qiymətləndirilir və nə­ti­cədən birgə istifadə edilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

displey

ing. display – göstərmək < lat. displicare – səpələmək

İnformasiyanı vizual şəkildə təqdim etmək üçün qurğu.

Çox zaman D. və «monitor» terminləri sinonim kimi işlədilir. D.-lə monitorun funksiyaları, əsasən, eynidir. Lakin monitor bitkin cihaz­dır, ayrıca qurğu kimi də işlədilə bilər. D. isə qurğunun tərkib hissəsi, detalıdır; məs.: telefonun D.-i. «Monitorun ekranı» demək mümkündür, «D.-in ekranı» ifadəsi isə yanlışdır, çünki D. – özü ekrandır.

Jurnalistika terminləri lüğəti

dizayn

ing. design < lat. designare – müəy­yənetmə, fikrində tutma

1. Hər hansı məhsulu istehsal etməzdən, obyekti quraş­dırmazdan öncə onun vizual görünüşünün, funksional və estetik keyfiyyətlərinin la­yihə­ləndirilməsi.

2. Hər hansı məhsulu istehsal etməzdən, obyekti quraşdırmazdan öncə onun vizual görünüşünü, funksional və estetik keyfiyyətlərini əyani şəkildə nü­mayiş etdirən layihə, plan, rəsm.

D. anla­yışının bir çox izahları mövcuddur. D. üzrə təşkilatların Beynəlxalq Şurasının 1969-cu ildə verdiyi tərifə görə, D. dedikdə «səna­yedə istehsal olunan əşyaların xarici gö­rünüş», ən başlıcası isə «struktur və funk­sional əlaqələr baxımından formal keyfiyyətlərini müəyyənləşdirmək sahəsin­də yaradıcı fəaliyyət» nəzərdə tutulur. Həqiqətən, uzun müddət D. termini sə­naye istehsalı ilə bağlı olub. Lakin müasir anlamda D. anlayışından istehsal prosesi ilə yanaşı, insanların sosial-mədəni fəaliy­yətinin ən müxtəlif sahələrində istifadə olu­nur. D.-ın bir çox növləri var, bunlardan informasiya D.-ı, proqram təminatının D.-ı, veb-D., işıq D.-ı, poliqrafiya D.-ı, qrafik D., səs D.-ı jurnalistikaya birbaşa aidiyyəti olan növlərdir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti