fr. debat < debattre – mübahisə etmək
Hər hansı aktual məsələ barədə əksarqumentlərin qarşı-qarşıya qoyularaq müzakirə edildiyi diskussiya forması.
D. digər ictimai müzakirə formalarından məqsədi, dəqiq strukturu, reqlamenti, mövzunun qoyuluşu, rəngarəngliyi ilə seçilir. Debatın başlıca məqsədi, məsələn, diskussiyada olduğu kimi, həqiqəti üzə çıxarmaq deyil, başqalarını öz mövqeyinin doğruluğuna inandırmaq, auditoriyanın gözündə qarşı tərəf üzərində üstünlük əldə etməkdir. Buna görə də D.-ın mövzusu elə müəyyənləşdirilməlidir ki, ona birmənalı olaraq («hə», ya «yox», «razıyam», ya «əleyhinəyəm») cavab vermək mümkün olsun. D.-ların müxtəlif formatları olur: seçki D.-ları, parlament D.-ları, ictimai D.-lar, məktəb D.-ları, internet D.-ları və s. Mediada D.-ların təşkili və keçirilməsi yüksək peşəkarlıq tələb etdiyi üçün bu sahədə ixtisaslaşan kadrlar xüsusi hazırlıq keçirlər. Seçkilər vaxtı namizədlər arasında televiziya və radio debatları çox geniş auditoriya toplayır və yayımçılara böyük gəlir gətirir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti