Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABEL ibrani.

abel sözündəndir. Qədim yəhudi dilində hevel, yəni nəfəs, yaxud da buxar deməkdir, dilimizə şöhrətpərəstlik və yaramaz kimi də tərcümə edilir.

Azərbaycan antroponimikasına, əsasən, 1945-ci ildən sonra birbaşa alman dilindən daxil olsa da, populyarlıq qazana bilməmişdir. Bu gün Azərbaycan dilində mövcud alınma adlar sırasına daxil olan Abel şəxs adı dilimizə birbaşa alman dili vasitəsilə keçmişdir. Azərbaycanda bu adı daşıyanlar elə də çox olmamışdır. Abel adı ilə bağlı bəzi mənbələrdə “Bibliya”dan gəlmə, mənşəyi bilinməyən adlardan biri kimi bəhs edilir. Assiriya dilində “oğul” mənasında işləndiyi göstərilir. “Bibliya”da Abel Adəm və Həvvanın kiçik oğlunun adıdır, öz qısqanc qardaşı Kain tərəfindən öldürülmüşdür, sonradan ingilis puritanları tərəfindən yüksəldilmişdir. Sonrakı iki əsr ərzində Atlantik okeanı sahillərində yaşayan insanlar övladlarına Abel adı vermişlər. Azərbaycanda Abel adına orta və yaşlı nəsil arasında nadir hallarda təsadüf edilir. Avropa ölkələrində ge- niş yayılmış kişi adlarındandır. Abel adının ingilis dilində Abe, Abie, Abu, Nab kimi törəmələri də mövcuddur. Adın daşıyıcıları arasında məşhur insanlar da məlumdur. Məsələn, hollandiyalı tədqiqatçı Abel Tasman (1603-0159). Abel adı həm də bir çox görkəmli müəlliflərin məşhur əsərlərinin məharətlə yaratdıqları, yaddaqalan qəhrəmanlarının adı olduğundan Avropada populyarlıq qazanmışdır. Məsələn, Ben Consonun “Əlkimyaçı” (1610) pyesinin uydurma qəhrəmanı Abel Draqer və Çarlz Dikkensin “Böyük ümidlər” əsərinin qəhrəmanı Abel Məqviç və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABUTALİB ərəb.

əbu-Talib sözündəndir. Abutalib (bax: ad – ABU; TALİB) əslində Talıbın atası mənasındadır.

Azərbaycan dilində addakı u səsinin düşməsi ilə Abtalib, sonradan dilimizin fonetik qanunlarına əsasən Abutalıb, Abtalıb kimi dəyişmişdir. Bu gün həm Abtalıb, həm də Abutalıb müstəqil kişi adı kimi rəsmiləşmişdir. Abutalib Məhəmməd Peyğəmbərin atasının ölümündən sonra onu oğulluğa götürmüş əmisi (bəzi mənbələrdə əmisi oğlu) olmuşdur. Məhəmməd Peyğəmbərin kürəkəni, Xilafətin IV xəlifəsi Həzrət Əlinin atasının da adı Abutalıb olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti