Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALİ ərəb.

ali sözündəndir. Ali/Əli kişi adı uca, ali, ulu, yüksək mənasındadır. Əli antroponimi Həzrət Əli əleyhissəlamın adındandır.

İslamda xilafətin dördüncü xəlifəsi Əli ibn-Əbu Talib Rasiqi xəlifələrin dördüncü və axrıncısı, şiələrin isə birinci imamı olmuşdur. 651-ci ildə Xilafətə çatmış, 661-ci ildə ibn-Mülcəm tərəfindən öldürülmüşdür. İlk dəfə “Quran” ayələrində yazılan “Möminlərin başçısı” anlamını ifadə edən əmirələl-mömin fəxri adı şiələrin birinci imamı Əli ibn-Əbu Talibə məxsusdur. Künyələri Əbül-Həsən və Əbu Talibdir. Ləqəbi Əmirəlmöminin Əbu Turab, Heydər, Əsədullahdır. Kəbədə dünyaya gələn, birinci imam kimi qəbul edilən Əli Bədrdə Allahın Aslanı ləqəbini qazanmışdır. Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni, qızı Fatimənin əridir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, peyğəmbərin qızı və şərafətli ailədən olması səbəbiylə adlı-sanlı şəxslər Fatiməyə elçiliyə gəlir, lakin mənfi cavab alırdılar. Peyğəmbər onların cavabında belə buyurarmış: “Fatimənin işi Allahın əlindədir”. Peyğəmbər yalnız Fatimənin Əli ilə ailə qurmağa şəxsən razılıq verməsindən sonra bu nikaha xeir-duasını vermişdi. Bu gün də Əli kişi adı bir sıra türk xalqlarının dilində Ali formasındadır. Dilimizdə ali sözü mövcud olsa da, şəxs adı olaraq həmişə Əli şəklində olmuşdur. Əminliklə demək olar ki, VII əsrdən bəri Əli kişi adı dəbdən düşməmiş şəxs adlarındandır. Azərbaycan antroponimikasında həm də tərkibində Əli adının iştirak etdiyi kifayət qədər mürəkkəb kişi adları mövcuddur. Qeyd etmək lazımdır ki, addan formalaşmış Əliyev, Əlizadə, Əlili soyadları da bu gün Azərbaycanda kəmiyyət etibarilə ən öndəgedən soyadlar arasındadır. Əli şəxs adı ilə əlaqədar Azərbaycanda kifayət qədər toponim də mövcuddur. Əlikənd, Əlimədədli, Əliyanlı, Əliuşağı, Əliyoxuşu və s. Slavyanlarda Əli adı Alik formasındadır. Bu gün də Türk antroponimik vahidlər sistemində mövcud, İslam dini ilə əlaqədar kişi adlarından olan, daha dəqiq, Həzrət Əlinin adı bütün Şərqdə, müsəlman dünyasında olduğu kimi, məişətimizdə də çox geniş yayılmış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALİD fars.

alid sözündəndir. Alid kişi adı tutulmuş, mübtəla olmuş, vurulmuş, məftun olmuş mənasını ifadə edən Alidə (bax: ad – ALİDƏ) qadın adından (sonuncu hərfin atılması yolu ilə) formalaşmışdır.

Azərbaycan antroponimikasında qafiyə xatirinə qoyulan adlar sırasındadır. Məlum olduğu kimi, məişətimizdə dünyaya göz açan övladlara mənasına fikir verilmədən həmqafiyə adlar verilməsi ənənəsinə bu gün də rast gəlinir. Alid də bu sıradan olan şəxs adlarındandır. Ailədə atanın, yaxud qardaşlardan birinin adı Xalid və ya Validdirsə, əksər hallarda dünyaya gələn uşağa Alid adı qoyulur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALLAHBAĞIŞ ərəb.

mürəkkəb adların tərkibində işlənən Allah Bağıç adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Allahbağış (bax: ad – BAĞIŞ) kişi adı Tanrının bəxş etdiyi (övlad), bağışladığı (övlad), Tanrının hədiyyəsi anlamına gəlir. Ümumiyyətlə, Azərbaycan dilində birinci tərəfi Allah sözü olan mürəkkəb şəxs adları çoxluq təşkil edir. 1920-1990-cı illər arasında mövcud şəxs adları lüğətlərində, demək olar ki, bu qəbildən olan adlarla bağlı izahlar verilməsin deyə belə adlara lüğətlərdə təsadüfi hallarda (özü də izahı verilmədən) yer verilirdi. Adın təhrif olunmuş forması Allahbaxış sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALLAHŞÜKÜR ərəb.

mürəkkəb adların tərkibində işlənən Allah Şükür adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Allahşükür kişi adı (bax: ad – ŞÜKÜR) şükür etməklə, dua etməklə əlaqədardır, övlad gözləyən ailələrin arzusunun yerinə yetməsi ilə bağlı Yaradana – Allaha dualar, şükür etmələrini ifadə edir. Oğlan uşağına da elə bu münasibətlə qoyulan addır. Yəni duaları eşidildiyinə, niyyətləri hasil oduğuna görə Allaha bir daha şükür eləmək anlamına gəlir. Valideynlər hər dəfə uşağa bu adla müraciət edərkən sanki onlara övlad qismət etdiyinə görə Tanrıya bir daha şükür etmiş olurlar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALLAHVERDİ ərəb.

mürəkkəb adların tərkibində işlənən Allah adı və azərb. verdi sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Allahverdi (bax: ad – VERDİ) Allahın, Tanrının öz əli ilə verdiyi övlad, böyük hədiyyə, ən gözəl nemət anlamına gəlir. Adın daşıyıcılarından I Qarabağ müharibəsi zamanı Ağdam bölgəsində “Vətən oğulları” adlı könüllülərdən ibarət dəstənin başçısı, idmançı, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Allahverdi Bağırov vətən uğrunda şəhid olan cəsur döyüşçülərimizdən olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALLAHYAR ərəb.

mürəkkəb adların tərkibində işlənən Allah adının və fars. yar sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Allahyar (bax: YAR) şəxs adı Allahın yardım etdiyi, Tanrının kömək olduğu (adam) anlamına gəlir. Valideynlər dünyaya göz açmış körpəyə Allahyar adı qoymaqla sanki Tanrıdan ömür boyu övladlarına köməkçi, yardımçı olmasına görə dua edirlər.

Azərbaycan şəxs adlarının izahlı lüğəti