Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İLHAMİ ərəb.

ilhami sözü dilmizdə ilhama bağlı olan, ilhama aid olan (bax: ad – İLHAM) anlamlarını ifadə edir.

Bu gün İlhami kişi adının daşıyıcılarına nadir hallarda təsadüf edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İLHÜSEYN türk.

mürəkkəb adların tərkibində işlənən il sözü və ərəb. Hüseyn adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

 

İlhüseyn kişi adı Hüseyn (bax: ad – HÜSEYN) adı ilə əlaqədar olub, ilin-elin Hüseyni, yurdun əzizi, sevimlisi Hüseyn anlamındadır. Məlum olduğu kimi, azərbaycanlı ailələrdə uşaqlara uyğun, həmqafiyə adların qoyulması artıq bir ənənə halını almışdır. Ailədə Hüseyn adına uyğunlaşdırılaraq Gülhüseyn, Əlihüseyn, Ağahüseyn adları qoyulur. İlhüseyn də bu qəbildən olan adlardandır. Adın daşıyıcılarından İlhüseyn Pirhüseyn oğlu Hüseynov (1925-2006) Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1991 sentyabr – 1992 may) vəzifəsində çalışmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İLKƏR azərb.

mürəkkəb adların tərkibində işlənən ilk ar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

İlkər (bax: İLK; ƏR) kişi adı birinci, əvvəlinci oğul, ilk ər, ilk kişi, ilk igid mənasını ifadə edir. Ailələrdə İlkər adı adətən dünyaya göz açan birinci oğlan övladlara qoyulur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İLKNUR azərb.

mürəkkəb adların tərkibində işlənən ilk nur sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İlknur (bax: İLK, NUR) adətən ailələdə ilk övlada qoyulan adlardandır. Bu da onun ifadə etdiyi məna ilə əlaqədardır. Aiələrdə övladın dünyaya göz açması ilə evdə bir canlanma yaranır, ev nura boyanır. İlknur şəxs adının mənası (ailədə doğan) ilk işıq, ilk nur anlamındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İLYAS yəhudi.

İlyas adı “Bibliya”da adı çəkilən əfsanəvi Eliyah Peyğəmbərin adının ərəbcələşdirilmiş formasıdır.

Azərbaycan dilinə ərəb dilindən keçmiş şəxs adlarındandır. İlyas adının mənşəyi haqqında fikilrər hələ də mübahisəlidir. Dilimizdə həmişəcavan, həmişəyaşıl mənasındadır. Əslində “Quran”da adı çəkilən iyirmi beş peyğəmbərdən birinin, İlyas Peyğəmbərin adındandır. Rus dilçiliyində İlya adı qədim yəhudu dilində “Allahım Tan- rımdır” “İlahi qüvvə”, eləcə də mömin dindar mənasındadır. İslamda İlyas Peyğəmbərin adının da qədim yəhudi peyğəmbəri Eliyah adından olduğu dəfələrlə əsaslandırılmışdır. Bir sıra izahlı lüğətlərdə də İlyas kişi adı yunan dilində olan “Helios” (günəş), ibranicə (Allahın, Tanrının gücü) sözləri, eləcə də türkcə mərsin ağacı (həmişəyaşıl, qışda yarpaqlarını tökməyən ağac) ilə əlaqələndirilir. “Bibliya”da Eli olaraq qeyd edilmişdir. İlyas Peyğəmbər haqqında istər yəhudilərdə, istər ərəblərdə, istərsə də türk xalqlarında müxtəlif əfsanə və rəvayətlər dolşmaqdadır. Dini rəvayətlərə görə, İlyas Peyğəmbər yəhudilərə bütpərəstlikdən əl çəkməyi təbliğ edərmiş. Nəticədə təqib olunan İlyas Peyğəmbər mağaralara üz tutmuş, orada yaşayaraq möcüzələr göstərmişdir. Sonradan qeybə çəkilmişdir. Bir zamanlar Xıdırın/ Xızırın yaşıllıq məbudu, İlyasın isə su məbudu olması barədə türk xalqlarının şifahi yaradıcılığında bəzi əfsanələr mövcuddur. Digər bir əfsanəyə görə, İlyas Peyğəmbər Xızır Peyğəmbərlə zülmətə gedib Dirilik suyundan içmişdir. Bu səbəbdən də hər ikisinin yaşaması barədə rəvayətlər mövcuddur. Türk əfsanələrinin birində deyilir ki, qəbiləsinin bir daha yolu itirdiyini hiss edən İlyas şəhərdən çıxır, təklikdə dua edir. Tanrı ona bir şəhərə gedərək ilk qabağına çıxan ata minməsini əmr edir. İlyas deyiən vaxtda deyilən şəhərə gedir. Atəşdən at görür, ona minərək qeyb olur və Tanrının köməyi ilə mələklər məqamına yüksəlir.Qiyamətə qədər yaşamaq haqqı verilən İlyas Peyğəmbərə həm də dənizlər hakimi hüququ verilir. Göründüyü kimi, İlyasın haqqında rəvayətlər sonradan tam dəyişdirilmişdir. Azərbaycan şəxs adları sistemində mövcud İlyas kişi adı bu gün də məişətimizdə geniş yaılmış adlardandır. Adın daşıyıcılarından çar ordusunun polkovniki, məşhur bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov (1860-1913) əla hərbi təhsil almaqla yanaşı, elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuşdur. Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərində də iştirak etmişdir. Sonralar İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik 1913-cü il martın 18 qəfil mərmi partlayışından həlak olmuşdur. İlyas bəy Ağalarov ikinci dərəcəli “Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir. Bu sərkərdənin məzarı hazırda Gəncədəki İmamzadə məscidinin həyətindədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti