ərəb. nur sözü dilimizdə aydınlıq, işıq, işıqlanma, ziya saçma, şəfəq, parlaqlıq mənasındadır.
Nur məcazi mənada maarif, aydınlıq, tərəqqi simvoludur. Məlum olduğu kimi, İslam dinində ən-Nur Allahın məlum 99 adından biridir. Ən-Nur işıqlandıran anlamındadır. Dilimizin antroponimik vahidlər sistemində işıqlılıq, parlaqlılıq mənalarını ifadə edən kifayət qədər şəxs adı mövcuddur. Azərbaycan antroponimikasında bu gün nur müstəqil şəxs adı olmasa da, dilimizin şəxs adları sistemində tərkibində nur sözünün işləndiyi kifayət qədər mürəkkəb ad mövcuddur. Məsələn, Nuray (bax: ad – NURAY), Aynur (bax: ad – AYNUR), Günnur (bax: ad – GÜNNUR) və s. Məlum olduğu kimi, “Quran”da Ay haqqında işıq (ərəb dilində nur), günəş haqqında isə çıraq (ərəb dilində sirac) sözləri işlədilmişdir. Azərbaycan antroponimikasında Ay barəsində də nur sözü işlədilir ki, bu da işığı əks etdirən, parlaq kütləni ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti