►Sənaye üsulu ilə deyil, ev şəraitində şüşə qabda ibtidai üsulla düzəldilmiş yandırıcı vasitələrə verilmiş ümumi ad.
İfadə II Dünya müharibəsi zamanı SSRİ-nin xarici işlər naziri olmuş V.Molotovun soyadından götürülmüşdür.
Əslində isə həmin yandırıcı mayenin sovet rəhbəri İosif Stalinin yaxın silahdaşlarından biri olmuş Molotovla birbaşa heç bir əlaqəsi yoxdur.
1939-cu ildə faşist Almaniyası Avropada aşkar müharibəyə hazırlaşırdı. Stalin Almaniyanın bu siyasətinə qarşı çıxan Britaniya və Fransanın səmimiyyətinə inanmırdı. Odur ki özünü sığortalamaq üçün nasistlərlə sülh sazişi imzalamaq məqsədilə danışıqlara başladı və Hitlerin yəhudilərə münasibətini bildiyi üçün SSRİ-nin xarici işlər naziri olan milliyyətcə yəhudi Maksim Litvinovu mənşəcə rus Vyaçeslav Molotovla əvəz etdi.
Molotov almanlarla sülh danışıqlarını uğurla apardı. Almanlarla razılaşmadan sonra SSRİ çoxsaylı hiylələrlə Polşa və Baltikyanı dövlətlərin hesabına Qərbə doğru ərazilərini genişləndirdi. 1940-cı ilin martında isə Finlandiyaya hücum edərək həmin ölkənin ərazilərini işğal etdi. Bu müharibə zamanı SSRİ-nin göydən yağdırdığı bombaların şəhərləri viran qoyması barədə Qərb mətbuatının yazdıqlarını Molotov təkzib etməyə çalışırdı. Onun bəyanatlarında göstərilirdi ki, təyyarələrdən atılan bomba deyil, yerli əhali üçün humanitar yardımdır.
Həmin müharibənin gedişində finlər içinə ağ neft doldurulmuş şərab şüşəsindən ibarət əldəqayırma silah icad etmişdilər. Qapağın üzərindəki dəlikdən keçirilmiş bikford fitili vasitəsilə həmin maddə alışdırılırdı. Şüşə tanka dəyəndə sınır, yanan ağ neft isə zirehin üzərinə dağılır, bəzən tankı sıradan çıxara bilirdi. Həmin silah işğalçı SSRİ-yə münasibəti ifadə etmək üçün istehza ilə «Molotov kokteyli» adlandırıldı.
O vaxtdan bu tankəleyhinə sadə silahdan dəfələrlə, hətta Amerika şəhərlərindəki qarşıdurmalar zamanı istifadə olunub. Molotov Stalinin ölümündən üç il sonra – 1956-cı ildə tutduğu yüksək vəzifəni itirməsinə baxmayaraq «Molotov kokteyli» ifadəsi bütün dünyada geniş yayıldı.
Məsəllər, deyimlər►Qәliz, anlaşılmaz, aydın olmayan dilə, nitqə və çıxışa istehzalı münasibəti bildirən ifadə.
Bu ifadə Multan şәhәri vә onun әhalisi ilә әlaqәdar meydana çıxmışdır.
Multan Hindistanın Pәncab әyalәtindә, Hind çayı vadisindә yerləşәn qәdim şәhәrdir. Mühüm ticarәt mәrkәzi olaraq xüsusilә orta әsrlәrdə çox məşhur bir yer sayılırdı. Bu şәhərin tacirlәri bir çox ölkәlәrә sәfәr edirdilәr ki, bunların Azərbaycana (xüsusilә də Bakıya) gәlәn qismi yerlilәr tәrәfindәn multani (moltanı) adlandırılırdı. İslam olmayan multanilәrin adı bəzi anlaşılmaz davranışlarına görə mәnfi çalarla ümumilәşib xoşagəlməyən bir mәna kәsb etmişdi.
Bakıda, İçәrişәhәrdә Qız qalası yaxınlığında multanilәrә mәxsus xüsusi bir karvansara olmuşdur. Tәdqiqatçıların göstәrdiklərinә görә, bu karvansaranı XIV әsrdә yerli әhali tikmişdir.
«Moltanı» sözü klassik vә müasir әdәbi-bәdii dilimizdә çoxişlәnәn sözlәrdәndir. «İşin xatiri üçün moltanıya dayı deyәrlәr» misalı dilimizdә atalar sözü kimi işlәdilir.
Məsəllər, deyimlər►İki eyni xoşagəlməz alternativ, yaxud situasiya arasında seçim etmək zərurətini səciyyələndirən ifadə.
İfadə XV əsrdə İngiltərənin lord-kansleri olmuş Con Mortonun vergi siyasəti ilə bağlı meydana gəlmişdir.
Vaxtilə kral VII Henri əhalidən könüllü bəxşiş şəklində toplanan vergiləri (benevolences) ləğv etmişdi, amma Fransa ilə müharibədə ölkə xəzinəsinin pula ehtiyacı yarandı. Bu zaman, 1487-ci ildə kansler Con Morton mövcud qanunlara uyğun gələn elə qayda tətbiq etdi ki, hamı – varlı da, kasıb da vergiyə cəlb olundu. Morton çox sadə məntiqdən çıxış edirdi: var-dövlət içində yaşayan və təbii ki, özünə çox pul xərcləyən adamın, şübhəsiz, kral üçün də xərcləməyə pulu olacaq. Kimsə qənaətlə yaşayırsa, onun da yenə xəzinəyə verməyə pulu olmalıdır, çünki məhz ölkə iqtisadiyyatının inkişafı sayəsində o adam özü üçün əlavə pul yığa bilmişdir. Yəni əsas məntiq bu idi ki, yaşaya bilirsənsə, mütləq vergi də ödəməlisən.
Mortonun bu iki arqumenti sanki çəngəlin iki dişi kimidir: maddi imkanından asılı olmayaraq sənin öz xeyrin üçün başqa seçim etməyin, yəni vergidən canını qurtarmağın mümkün deyil.
Qərb ölkələrində «Morton çəngəli» ifadəsi həm də heç-heçə bitən bric oyununda işlədilən fəndlərdən birinin adı kimi qəbul edilir.
Məsəllər, deyimlər►Təəssüf hissi yaratmayan şikayətlərə və səmimi olmayan göz yaşlarına inanmamağı bildirən ifadə.
İfadə bütün rus torpaqlarının Moskvanın hakimiyyəti altında birləşdirildiyi dövrlərdə yaranmışdır.
Konkret tarixə gəldikdə isə bununla bağlı iki versiya vardır. Birinci versiyaya görə, ifadə Moskva knyazlığının dirçəlişi dövründə camaatdan böyük xərac toplanan zaman meydana gəlmişdir. Həmin dövrdə şəhərlər yolverilən ədalətsizliklərlə bağlı Moskvaya çoxlu şikayətlər göndərirdilər. Çar başqalarını qorxutmaq üçün bəzən bu şikayətçiləri ağır cəzalandırırdı.
İkinci versiyaya görə, ifadə monqol-tatar əsarətindən azad olunduqdan sonra Novqorodun imtiyazlarının zəiflədiyi və Moskvanın hakimiyyətinin möhkəmləndiyi zaman yaranıb. Novqorodda meydana çıxmış ifadə ilk dövrdə bu şəkildə işlənirdi: «Moskva hamını vurur və Moskva göz yaşlarına baxmır (inanmır)».
Məsələ burasındadır ki, həmin dövrdə dövlət xəzinəsi Moskva knyazlığına daxil edilən şəhərlərdən yığılan vergilər hesabına doldurulurdu. Çox vaxt əlavə pul yığmaq lazım gəlirdi və xalq narazılıq etməyə başlayırdı. O zaman şəhərin idarəçiləri vergilərin azaldılmasını xahiş etmək üçün Moskvaya ərizəçilər göndərirdilər. Nümayəndələr çox vaxt fərmanları göz yaşları ilə əvvəllər knyaza, sonralar isə çara verir və ondan rəhm diləyirdilər. Amma əksər hallarda onların yalvarışlarına əhəmiyyət verilmirdi. Evə qayıdan nümayəndələr deyirdilər: «Moskva bizim göz yaşlarımıza inanmadı».
Məsəllər, deyimlər►Hər hansı işin, fikrin reallaşdırılması zamanı ağıla gələn ən xoşagəlməz variantın baş verdiyini bildirən ifadə.
İfadə Amerika aviasiya mühəndisi Eduard Mörfinin (1918–1990) adı ilə bağlı yaranmışdır.
Təcrübəli E.Mörfi 1949-cu ildə Kaliforniyadakı aviabazada xidmət edərkən gözlənilməz hadisə ilə qarşılaşır. Təyyarələrdən birini uçuşa hazırlamağı assistentinə tapşıran mühəndis sınağın baş tutmamasından heyrətə gəlir. Bunun səbəbini diqqətlə araşdırarkən məlum olur ki, işi tapşırdığı köməkçi heç ağıla gəlməyən bir düyməni basıb və bununla da bütün işləri korlayıb. Bununla bağlı Mörfi belə demişdir: «Bir işi belə yox, elə etmək lazımdırsa, bu oğlan həmin işi mütləq belə edəcəkdir». Yəni ən arzuolunmaz və ağılın ucundan keçən ən pis variantı o seçəcəkdir. Buna bənzər fikirlərin əvvəllər XIX əsrdə də olduğu barədə məlumatlar vardır.
«Mörfi qanunu» ifadəsini 1956-cı ildə layihə rəhbəri Corc Nikols dövriyyəyə gətirib. O, ABŞ-ın məşhur jurnallarından birində dərc etdirdiyi məqalədə qeyd edirdi ki, hər hansı işdə bir xoşagəlməzlik gözlənilirsə, o, mütləq baş verəcəkdir. Məqalənin məğzi ondan ibarət idi ki, bütün hazırlıqlara baxmayaraq hər hansı bədlik gözlənilirsə, ondan yan keçmək mümkün olmayacaq.
1927-ci ildə Los-Ancelesdə Artur Bloxun «Mörfi qanunu və işlərin tərs getməsinin başqa səbəbləri haqqında» kitabının çap olunması bu ifadənin daha da populyarlaşmasına təkan vermişdir.
Məsəllər, deyimlər►Böyük-kiçiyin, hörmət-izzətin bilinmədiyi, dinin-imanın və ədalətin qəhətə çıxdığı, heç kimin öz yerində olmadığı, səfeh adamların başa çəkildiyi məmləkət haqqında kinayə ilə işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanır.
Rəvayətə görə, Allah-taala günlərin birində imanlı bir kişini uzaq məmləkətə peyğəmbər təyin edir. Deyilən məmləkətə gələn kişi qaranlıq düşdüyündən gecələmək üçün bir dəyirmana yaxınlaşır. Dəyirmançı qonağı içəri dəvət edib ona süfrə açır. Söhbət əsnasında kişi özünün xudavəndi-aləm tərəfindən bu ölkəyə peyğəmbər təyin olunduğunu söyləyir. Dəyirmançı yorğan-döşək salıb qonağın yerini rahatlayır.
Kişi yatmazdan öncə bayıra çıxır. Hava gözəl olur, göydə ulduzlar sayrışır. Dəyirman sahibinə elə damda yatmaq istədiyini deyir. Lakin dəyirmançı gecə qar yağacağını söyləyir. Qonaq bir söz deməyib içəri keçir, ev yiyəsindən onu sabah namazına oyatmasını xahiş edir.
Ev sahibi qonağı səhər tezdən tam namazın vaxtında oyadır. Qonaq namazını qılıb bayıra çıxanda gözlərinə inanmır: görür ki, hər yeri qar basıb. Üzünü dəyirmançıya tutub bu məmləkətdə məscid, müəzzin olmadığı halda onu düz vaxtında oyatmasının və gecə göydə ulduzlar sayrışdığı halda səhər qar yağacağını hardan bilməsinin sirrini açmasını xahiş edir. Dəyirmançı isə burda heç bir sirrin olmadığını deyir. Qar yağacağını gecə itin evə sürünərək girməsindən, səhər namazının vaxtını isə çaqqalların ulamasından bildiyini söyləyir. Qonaq dinməz-söyləməz xurcunu yığıb geriyə qayıtmaq üçün yola düzəlir. Dəyirmançı yüyürüb onun yolunu kəsir və təlaşla niyə getdiyini soruşur. Kişi belə cavab verir:
– Mən müəzzini çaqqal, münəccimi isə köpək olan məmləkətdə peyğəmbərlik eləyə bilmərəm.
Məsəllər, deyimlər►İnsanın fədakarlıq, qəhrəmanlıq tələb edən hər hansı bir işə, öz məsləki, amalı uğrunda mübarizəyə hazır olduğunu bildirən ifadə.
İfadə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun (1906–1956) «Vətən keşiyində» (1941) şeirindən qaynaqlanaraq yayılmışdır.
Böyük şairin vətənpərvərlik mövzusunda əsərləri içərisində Vətəni qorumağa çağırış ruhunda yazılmış bu şeirin ayrıca yeri vardır. Alman faşistlərinin Sovet İttifaqına qəfil hücumunun ilk günlərində qələmə alınmış «Vətən keşiyində» şeiri sanki ilk gündən müharibə üçün səfərbər edilmiş Azərbaycan xalqının adından verilmiş poetik bəyanat idi:
Bilsin ana torpaq, eşitsin Vətən!
Müsəlləh əsgərəm mən də bu gündən.
Bu gündən «müsəlləh (silahlı) əsgər» olduğunu deyən S.Vurğunun bu şeiri qısa müddətdə dillər əzbəri olmuş, müharibə dövrünün qəzetlərindəki hərbi-çağırış mövzusunda yazıların, qoşa səhifələrin ümumi başlığına çevrilmişdir. Bu şeirin bir məziyyəti də onun nikbin ruhda yazılması, qələbəyə inam aşılaması idi. Şair hələ müharibənin ilk günlərində böyük uzaqgörənliklə işğalçı faşist ordusunun tezliklə darmadağın ediləcəyini bildirirdi:
Bu ellər gecəni qatıb gündüzə,
Faşist ordusuyla gəlib üz-üzə
Dastanlar yazacaq öz hünəriylə,
Ordular basacaq öz zəfəriylə.
Ümumiyyətlə, Böyük Vətən müharibəsi mövzusu S.Vurğun yaradıcılığında önəmli yer tutur. «Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz» deyən şair bu dövrdə «Rəhbərin çağırışı», «Qəhrəmanın hünəri», «Partizan Babaş», «Təzə il sovqatı», «Şəfqət bacısı» və s. ölməz şeirlər qələmə almış, cəbhədə əsgərlərlə davamlı görüşüb onları döyüşlərə ruhlandırmışdır.
Məsəllər, deyimlər►Kəskin rəqabət şəraitində qalib gəlməyin, müştərilərin rahatlığını təmin etməyin, onların istək, arzu və tələblərinə, hətta şıltaqlıqlarına həssas yanaşmağın vacibliyini bildirmək üçün işlədilən ifadə.
Biznesdə uğur və nüfuz qazanmağın qızıl qaydalarından birini göstərən bu ifadəni ilk dəfə mehmanxanalar şəbəkəsinin sahibi, isveçrəli Sezar Rits işlətmişdir.
Mehmanxanaya gəlib-gedənləri razı salmağa, onların könlünü oxşamağa çalışan S.Rits öz fəaliyyətini «müştəri heç vaxt haqsız olmur» prinsipi üzərində qurmuşdu. O həmin sözləri şüar kimi yazıb başının üstünə də vurmuşdu.
Sonralar həmin dövrlərdə biznesmen Harri Q. Selfridcanın ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən mağazalar şəbəkəsi də müştərilərlə mübahisəni qadağan edərək bu şüarı özünün xidmət devizinə çevirmişdi.
Hazırda dünyanın aparıcı ticarət, satış və xidmət şirkətləri də müştərilərini məmnun etmək üçün bu şüarla çalışır.
Məsəllər, deyimlər►Ehtiyatlı, sərvaxt və diqqətli olmağa çağırış məqsədilə işlədilən ifadə.
İfadə böyük yunan filosofu Platonla bağlı bir əhvalatdan qaynaqlanır.
Deyirlər ki, bir gün Platon şəhərin adlı-sanlı adamları ilə bir yerdə oturub söhbət edirmiş. Birisi onun görüşünə gəlib salam verir, yanında əyləşib ordan-burdan söz açdıqdan sonra bu gün gördüyü bir nəfərin onun barəsində danışdığını və təriflədiyini söyləyir. Bu sözü eşitcək filosofun kefi pozulur, başını aşağı salıb fikrə gedir.
Onun əhvalının dəyişdiyini görən kişi narahat olur, nə baş verdiyini, ani dəyişikliyə söylədiyi hansı sözün səbəb olduğunu xəbər alır. Filosof cavab verir ki, nadanın birinin tərifləməsi ona ağır gəlir:
– Halımın pozulması ondandır ki, mən hələ də nadanam, çünki nadanların təriflədikləri adamlar yalnız nadanlar olar.
Məsəllər, deyimlər►Hər kəsin törətdiyi əməllərə görə Allah qarşısında cavab verəcəyinə, heç bir cinayətin cəzasız qalmayacağına inam ifadə edən deyim.
Bu obrazlı ifadə bir el rəvayətindən qaynaqlanaraq yayılmışdır.
Həmin rəvayətdə deyilir ki, bir vilayətdə padşahın gözünün ağı-qarası bircə oğlu varmış. Günlərin bir günündə padşah ikinci arvad alır. Sarayda söz-söhbət başlayır, günülәr bir-biri ilə yola getmirlər. Tәzə arvad günüsündən hәr gün ərinə bir söz deyirmiş, әri də yazıq arvada sitəm elәyirmiş.
Bir gün padşahın zəifliyindən istifadə edən tәzә arvad daha təhlükəli oyun düzәldir: padşaһın oğlunun ona sataşdığını deyir. Böhtana inanan padşah qәzәbә gəlib öz oğlunun başını kəsdirir. Yazıq anası ovuclarını oğlunun qanının altına tutub göyün üzünә atır vә deyir: «Allah bu nahaq qanı yerdә qoymasın!» Qan göyün üzünə səpilib qalır. Adamlar heyrətdən yerlərində donur, nə baş verdiyini anlaya bilmirlər. Elə bu vaxt qeybdən səs gəlir ki: «Ey insanlar, qiyamət günü mizan-tərəzi qurulacaq, padşaһı Allaһın һüzuruna gətirәcəklər, əcri verildikdən sonra göyün üzündən o naһaq qan da çәkilib gedəcəkdir».
Әlbəttə, bu rәvayət «yerdә qalmamaq» idiomunun mәcazi mәnası ilә әlaqədar sonradan düzəldilmişdir. Halbuki idiomun «әvәzi verilmәk», «әvəzi çıxılmaq» mənaları da vardır.
Bu deyimə alternativ olaraq dilimizdə «Allah heç kəsin ahını yerdə qoymaz» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər►Boyu hündür olmayan kişilərin daim şöhrət, var-dövlət və uğur əldə etmək istəyini bildirən ifadə.
İfadə Fransa imperatoru və sərkərdə Napoleon Bonapartın (1769–1821) adı ilə bağlıdır.
Napoleon çoxsaylı döyüşlərdə qalib gəlmiş dahi sərkərdə, inanılmaz dərəcədə ağıllı və tarixən hədsiz iddialı şəxs olmuşdur. Qadınlar ilk baxışdan ona aşiq olurdular, kişilər üçünsə o, nüfuz sahibi və əsl nümunə idi. Napoleonun boyu 1 m 51 sm idi, amma nailiyyətləri onu çox uca zirvələrə qaldırmışdı. O, tarixə dahi şəxsiyyət kimi düşmüşdür. Müasirlərinin yazdıqlarına görə, Napoleonun dahiliyə və uğura olan istəyinin əsas səbəbi boyunun çox da hündür olmamasıdır.
Sonra bu vəziyyət kompleks halına gəlmişdir və tarixdə bu kompleksin sayəsində dahi və məşhur olan adamlar az deyil: Herbert K.Fon, Volfqanq A.Motsart, Dahi Fridrix, Çarli Çaplin, Vudi Allen, Lui de Fünes, Al Paçino və başqaları məşhurluqlarına görə həm də bu kompleksə minnətdar olmalıdırlar.
Napoleon kompleksindən əziyyət çəkən kişilər başa düşürlər ki, güclü əzələ ilə nüfuz sahibi ola bilməyəcəklər, buna görə də özlərində digər istedadları inkişaf etdirməyə başlayırlar. Səylə çalışır, vaxtlarının çoxunu əqli işə sərf edir, təhsildə boyca özlərindən hündür olan yaşıdlarından daha yüksək nəticələr əldə edirlər. Adətən, tünd xasiyyəti olan bu kişilər sərbəst böyüyür, ali məqsədləri olur və inadla bu məqsədə doğru addımlayırlar.
Məsəllər, deyimlər►İnsanın özünə inamsızlığını, özündəki xırda qüsur, çatışmazlıq və zəiflikləri hədsiz şişirdib xəstəlik səviyyəsinə qaldırmasını, bəzən özünü başqalarından aşağı, dəyərsiz hiss etməsini bildirən ifadə.
İfadə Z.Freydin yetirməsi, «fərdilik psixologiyası»nın banisi sayılan məşhur alim Alfred Adlerin (1870–1937) ötən əsrin əvvəllərində çapdan çıxmış «Orqanların natamamlığı haqqında» (1907) əsərindən qaynaqlanır.
A.Adler həmin əsərində uşaqlarda natamamlıq hissini əvvəlcə fiziki qüsurların nəticəsi kimi, sonra şəxsiyyəti inkişaf etdirən universal hərəkətverici qüvvə və bir qədər sonra isə əlverişsiz vəziyyətləri uğurlu dəf etməyin nəticəsi təki təhlil edir. Müəllif bu əsərində ilk dəfə «natamamlıq kompleksi» ifadəsini tibbi termin kimi dövriyyəyə daxil etmişdir.
Sonralar həm təbabətdə, həm də sosial həyatda bu və ya başqa mənfi təzahürlərin qiymətləndirilməsində «natamamlıq kompleksi» ifadəsindən geniş istifadə olunmağa başlayıb.
Məsəllər, deyimlər►Normal insana xas olmayan davranışlara yol verən, hər hansı şəraitdə qəribəliyi ilə diqqət çəkən adamlar haqqında işlədilən ifadə.
İfadə Şərqdə məşhur olan Molla Nəsrəddinə aid bir lətifə ilə bağlıdır.
Bir gün Mollanın yanına bir nəfər gəlir və deyir ki, ağır xəstədir, heç kəs onun dərdinə çarə tapa bilmir. Molla soruşur:
– Nədir azarın?
Kişi deyir:
– Bədənimdə olan tüklər ağrıyır.
Molla təəccüblə deyir:
– Qəribədir, mən birinci dəfədir ki, belə azar eşidirəm. Yaxşı, bu günlərdə nə yemisən?
Kişi deyir:
– Buzla çörək yemişəm.
Molla bir xeyli düşündükdən sonra fikirli-fikirli deyir:
– Vallah, sənin nə azarın adam azarıdır, nə xörəyin adam xörəyi. Tez qaç özünü baytara göstər.
Məsəllər, deyimlər►Bədxah, pisniyyətli adamdan uzaq gəzməyi, onun xeyir-şərindən kənar olmağı tövsiyə edərkən işlədilən ifadə.
İfadә әrәbin ilanla dostluğundan bəhs edən bir rəvayətdən yaranaraq yayılmışdır.
Çöldə taxıl biçən bir ərəb üçün arvadı hər gün yemәyә dəvə südü gәtirirmiş. Bir dəfə ərəb yatanda ilan sürünüb qabdakı südü içir, əvəzinә qaba bir qızıl qoyub gedir. Bir neçә gün belәcə tәkrar olunur. Bir dəfә ərәb ilanı tutub onunla belә bir razılığa gәlir ki, onlar dost olsunlar. Әrәb ilana hәr gün süd versin, ilan ona qızıl. Bir müddәtdәn sonra ərәb varlanır vә Mәkkəyә getmәli olur. Oğluna tapşırır ki, hәr gün ilana süd aparsın vә ondan qızıl alsın. Acgöz oğul bütün qızıla birdәn sahib olmaq mәqsədilə ilanın ardınca yuvaya qәdәr gedir və onu öldürmək istəyir. Lakin yalnız quyruğunu kәsә bilir. İlan oğlanı çalıb öldürür.
Mәkkədәn qayıdandan sonra әrәb ilanı axtarıb tapır, yenə də dostluğu davam etdirməyi təklif edir. İlan razı olmayıb bu məşhur sözləri deyir: «Nə dəvənin südü, nə ərəbin üzü».
Başqa bir versiyada («Kəlilə və Dimnə») isə göstərilir ki, ilan belə cavab verir: «Nə səndən oğul dağı gedəcək, nə də məndən quyruq yarası». Azərbaycan xalq nağıllarında da buna bənzər motivlər vardır.
Məsəllər, deyimlər►Heç bir keyfiyyəti ilə seçilməyən, heç vaxt heç nəyə münasibətdə prinsipial mövqe bildirməyən, xeyrə-şərə yaramayan adamlar haqqında işlədilən ifadə.
İfadə orta əsrlərdə xristian dinində yeni məzhəbin – protestantizmin yaranması dövründə meydana gələrək yayılmışdır.
XVI əsrdə Qərbi və Mərkəzi Avropada xristianlığın yeni cərəyanı – protestantizm (latınca «etiraz etmək» deməkdir) yarandı. Katoliklərdən fərqli olaraq protestantlar Roma papasına qarşı çıxır, insanın özünün Allaha müraciət edə bilməsini vurğulayaraq müqəddəsləri, mələkləri, rahibliyi inkar edirdilər. Onların ayinləri sadə və ucuz başa gəlirdi.
Katoliklərlə protestantlar arasında bir çox kəskin mübarizə gedirdi. Onlardan biri xristian adətlərinə əsasən sadə yemək – ət yeyir, digəri isə yağsız yeməyə – balığa üstünlük verirdi. Heç bir hərəkata qoşulmayan insanları isə nifrətlə «nə ətdir, nə balıq» adlandırırdılar.
Bu gün də hər hansı məsələdə və ümumiyyətlə, həyatda müəyyən mövqeyi olmayan, fəal, sərbəst hərəkət edə bilməyən adamları «nə ətdir, nə balıq» ifadəsi ilə xarakterizə edirlər. Bu ifadənin qarşılığı kimi dilimizdə «nə tüfəngə çaxmaqdır, nə süngüyə toxmaq» deyimi də işlədilir.
Məsəllər, deyimlər