Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

termin

lat. terminus – hədd, sərhəd

Hər hansı ixtisas sa­həsinə aid anlayışı dəqiq ifadə edən söz və ya söz birləşməsi; istilah.

Terminlər ümumişlək olmayan sözlər kateqoriyasına aid edilsə də, bəzən terminlə ümumişlək söz arasında dəqiq sərhəd müəyyən etmək çətin olur. Məsələn, bir çox bədən üzvləri anatomiya termini, bitki adları botanika termini, heyvan adları zoologiya termini olsa da, eyni zamanda ümumişlək sözlərdir. Elə sözlər də var ki, həm ümumişləkdir, həm də termin kimi işlənir; məs.: sifət (dilçilik), burun (coğ­rafiya) və s. Terminlərin əksəriyyəti alınma sözlərdir. Hər hansı elmi anlayış hansı ölkədə yaranırsa, onu ifadə edən termin də həmin xalqın dilində yaranır və başqa dillərdə istifadə olunmağa başlayır. Bir çox hallarda terminlər ümumişlək söz­lərdən yaranır. Buna görə də terminin izahı verilərkən onun etimologiyasının açıqlanması həmin anlayışı daha dərindən başa düşməyə kömək edir. Bu xüsusilə abreviatur şəklində olan terminlərə aiddir: PR (public relations – ictimai əlaqələr), İP (internet protocol – internet protokolu) və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tәcnis

Aşıq poeziyasında lirik şeir janrı: qafiyələri cinas üzə­rində qurulan qoşma.

Aşıq poeziyasının geniş yayılmış janr­larından biridir:

Mən qurban eylərəm yara canımı,
Götürüb doğraya, yara canımı.
Alıb təpə-dırnaq yara canımı,
Bilmirəm dərmanı, ay ana, ana. (Aşıq Ələsgər)

Bu bəndin birinci, ikinci və üçüncü misralarındakı yara canımı ifadələri cinas qafiyələrdir. Bunlar hər bir misrada müxtəlif mənaları ifadə edir. Cinas qafiyələrdən bu şəkildə istifadə etmək aşıqdan böyük sənətkarlıq tələb edir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təqti

Əruz vəznində yazılmış şeir misralarında intonasiya böl­güsü, misradaxili fasilə, pauza.

Təqti “təfilə” və “bəhr” an­la­yış­­ları ilə sıx bağlıdır; misrada neçə təfilə varsa, bir o qədər də təqti var. Başqa sözlə desək, təqtinin sayı bəhrin növü ilə müəyyənləşir. Belə şeirlərdə misradaxili fasilələr sözün bü­tövlüyünü poza bilər, yəni təqti sözlərin arasına deyil, hər hansı sözün ortasına düşə bilər. Heca vəznində yazılmış şeir­lərdə bölgünü təqtinin analoqu kimi qəbul etmək olar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təkkə ədəbiyyatı

Təsəvvüf cərəyanına aid əsərlər məcmusu; sufi şairlərin nəzmlə yazılmış bədii yaradıcılığı.

Təkkə ədə­biyyatı nümayəndələrinin çoxu şeyxlər və dərvişlər olub. Bu ədəbiyyatın ilk nümayəndəsi XII əsrdə Şərqi Türküstanda yaşamış  Əhməd Yəsəvi hesab edilir. Təkkə şairləri həm əruz, həm də heca vəznində dördmisralı şeirlər yazırdılar. Təkkə ədəbiyyatının əsas mövzuları Allah, insan, düzgünlük, ibadət və s. idi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tәnqidi realizm

XIX əsrin əvvəllərində, romantizmlə eyni vaxtda Qərb ədəbiyyatında meydana gəlmiş ədəbi cərəyan.

Tənqidi realizmin əsas ideya konsepsiyası sosial əda­lət­sizliyin tənqidi kontekstində məzlumların gündəlik ağır hə­ya­tının əks olunması idi. Bu cərəyanın nümayəndələri sa­yılan O.Balzakın, C.Eliotun əsərlərində insan həyatı və psixo­lo­gi­yasının onun yaşadığı sosial mühitlə bağlılığı ön plana çıxa­rılırdı. Azәrbaycan ədəbiyyatında tənqidi realizm  XIX әsrdә, M.F.Axundzadənin yaradıcılığında mey­da­na çıxıb. XX әsrin әvvәllərində tənqidi realizm C.Mәm­mәd­quluzadә, M.Ә.Sabir, Ә.Haqverdiyev, Ә.Nәzmi vә başqa­larının fәaliyyәti sayәsindә keyfiyyәtcә yeni mәrhәlәyә daxil ol­muş­dur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tәrcibәnd

Azәrbaycan klassik şeirindә məhəbbət, gözəllik, ictimai-fəlsəfi mövzularda lirik janr.

Tərcibəndin hər bəndi 8, 10 və ya 12 misradan ibarət olur. Birinci bəndin bütün misraları qafiyələnir: a.a.a.a.a.a.a.a.a.a.a.a. Digər bəndlərdə sonuncu beytdən başqa bütün misralar həmqafiyə olur: b.b.b.b.b.b.b.b.b.b.a.a. Birinci bəndin son iki misrası, adətən, digər bəndlərin sonunda nəqərat şəklində təkrarlanır.

Mən kiməm? – Bir bikəsü-biçarəvü-bixaniman,

Taleyim aşüftə, iqbalım nigun, bəxtim yaman.

Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman,

Ahü-naləm navəki peyvəstə, xəm qəddim kəman.

Tiri-ahim bixəta, təsiri-naləm bigüman,

Müttəsil qəmxaneyi-sinəmdə yüz qəm mihman.

Qanda bir qəm itsə, məndən istəsinlər, mən zəman,

Yox mənə qeydi-bəlavü-dami-möhnətdən aman.

Çıxmadı könlümdən ənduhü-qəmü-möhnət həman,

Ey mənim canım, sənü könlüm səninlə şadiman.

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,

Əl-əman, hicran bəlavü-möhnətindən, əl-əman!..

                                      ***

...Sinə çakü didə nəmnakü bədən əfgardir,

Can həzin, xatir qəmin, şeyda könül bimardir.

Mən bu qəm içrə ki, dəfin eyləmək naçardir,

Məsləhət sordum, dedilər məsləhət izhardir.

Söylədim dərdi-dilimni, bildi ol kim yardir,

Qılmadı bir rəhm bəs kim, zalimü-xunxardir.

Dəxi izhar edəmən, nə hacəti-təkrardir,

Eyləyim səbrü-təhəmmül ta həyatim vardır.

Canə yetgəc ta ki, məndə qüvvəti-göftardir,

Söylərəm: ey gül ki, səndən ayrılıq düşvardir.

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,

Əl-əman, hicran bəlavü-möhnətindən, əl-əman! (M.Füzuli)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti