Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dulusçu nəğmələri

Dulusçuluqla bağlı oxunan əmək nəğmələri.

D.N. evlərin bəzəyi olan, gildən (saxsıdan) düzəldilən məişət əşyaları haqqındadır:

Qatğısı şahdan gəlib,

Hökmü Allahdan gəlib.

Adəm yapılan torpaq

Bizə uzaqdan gəlib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

duma

ukr. duma – fikir, düşüncə, mühakimə

Ukrayna xalq ədəbiyyatında tarixi hadisələrdən və xalq qəhrəmanlarından bəhs edən mahnılar; kazak eposu.

Xüsusiyyətləri və məzmunu etibarilə rus bılinalarını xatırladır. Bılinalar kimi D.-lar da nağılçı-banduristlər və kobzarlar tərəfindən xalq çalğı alətləri olan bandura, yaxud kobzarın müşayiəti ilə ifa olunur. D.-lar XVI–XVII əsrlərdə meydana çıxıb. Daha çox vətənpərvərlik və qəhrəmanlıq motivlərini əks etdirib. Sonralar rus şeirində mühüm ictimai mövzulara həsr olunmuş bir çox əsərlərə D. adı verilib. Bir sıra şairlər (A.V.Koltsov, M.Y.Lermontov və b.) öz lirik şeirlərinə D. adı qoyublar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

duvaqqapma

1. Nikbin sonluqla bitən məhəbbət dastanlarında sevgililərin bir-birinə qovuşduqları son səhnədə oxunan şeir.

Burada tərifləmə, vəsfetmə ünsürləri üstün yer tutur; məsələn:

Ya huridi, ya pəridi,

Behiştdə qılman gözələ,

Bu surətdə, bu sifətdə

Kim deyər insan gözələ? (“Heyratdı Qasım” dastanından)

Sonu kədərli – bədbin şəkildə bitən dastanlarda D. verilmir. D. çox zaman bilavasitə həmin dastanı yaradan sənətkarın adı ilə bağlı olur.

2. Gəlin ər evinə köçdükdən üç gün sonra keçirilən ayin.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

duzluca

Azərbaycan folkloruna aid kiçikhəcmli yumoristik hekayə.

Daha çox aşıqlar, təlxəklər, məsxərəbazlar, məclis aparan şəxslər tərəfindən nağıldastan məclislərində söylənilirdi. Çox zaman olmuş hadisələr başqa personajların adı ilə verilirdi. D.-nın əsas qəhrəmanları Molla Nəsrəddin, Bəhlul Danəndə, Hacı dayı, Ayrım Tağı, Keçəl, Kosa idi. El arasında D.-ya “gülüt”, “dodaqqaçdı” da deyilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dübeyt

fars. dübeyt – iki beyt

Şərq ədəbiyyatında daha çox nəsr əsərlərinin içində verilən iki beytdən ibarət lirik şeir forması.

Təhkiyə şəklində verilən mətnin bədii təsir gücünü artırmağa xidmət edir. D. Azərbaycan aşıq şeirində də işlənib. D.-lərin bayatıdan əmələ gəldiyi ehtimal olunur. M.Füzulinin məşhur “Hədiqətüs-süəda” əsərindən bir nümunə:

Gül necə qılmasın yaxasın çak qüssədən,

Hər dəm yetər ona qəmi-qürbi-civari-xar.

Yaqut necə qəhr ilə xunindil olmasın,

Çəkmiş zəmanə ətrafına xardan hasar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti