Yer qabığının çökmə süxurlarla bazalt təbəqəsi arasında yerləşən qatı.
Q.T. qranitdən, qneyslərdən, digər metamorfik süxurlardan ibarətdir. Onun yeri seysmik tədqiqatlar nəticəsində müəyyənləşdirilib: burada seysmik dalğaların yayılma sürəti saniyədə 5-6,5 km təşkil edir. Təbəqə fiziki xüsusiyyətlərinə görə qranitə yaxın olduğu üçün (orta sıxlığı 2,5-2,8 q/sm3) belə adlandırılıb, əslində isə onun tərkibi qat-qat zəngindir. Q.T.-də əlvan və qiymətli metallar, faydalı qazıntı yataqları var. Təbəqənin qalınlığı müxtəlif ərazilərdə fərqlidir: düzənliklərdə o, adətən, 15-20 km, cavan dağlıq ərazilərdə 30-35 km təşkil edir, bəzi sahələrdə – qalxanlarda səthə çıxır. Okeanların dibində isə Q.T., demək olar, yoxdur.
Coğrafiya terminləri lüğəti