yun. seismos – titrəmə
Zəlzələ, partlayış vaxtı yayılan dalğaların süxurlarda tərəddüdlər şəklində təzahür etməsi.
Zəlzələ ocağında S.D. dağıdıcı qüvvəyə malikdir, ocaqdan uzaqlaşdıqca onlar elastikləşir. S.D. tərəddüdlərin xarakterinə görə iki növə ayrılır: uzununa və eninə S.D. Uzununa S.D.-ın sürəti içərisindən keçdiyi maddənin (mühitin) sıxlığından asılı olaraq dəyişir: havada (20°C) – 343 m/san, suda (17°C) – 1430 m/san, gildə – 1800-2400 m/san, qumdaşında – 2000-3600 m/san, əhəngdaşında – 3200-5500 m/san, kristallik süxurlarda – 4500-6500 m/san. Onun ən yüksək sürəti isə Yerin daxili nüvəsində müşahidə edilir və 11.200-11.300 m/san-yə çatır. Eninə S.D. uzununa S.D.-a nisbətən 1,7 dəfə yavaş yayılır; məsələn, zəlzələ ocağından müəyyən məsafədə olan rayona uzununa S.D. 5 dəqiqəyə çatırsa, eninə S.D. həmin məntəqədə təxminən 8,5 dəqiqədən sonra hiss olunacaq. Bu fərq əsasında S.D.-ın mənbəyinə qədər olan məsafə dəqiq hesablanır.
Coğrafiya terminləri lüğəti