fr. plat – hamar + lat. forma – görünüş
Yer qabığını təşkil edən və zəif tektonik hərəkətə, böyük sahədə nisbətən yastı relyefə malik əsas dərinlik strukturlarından biri.
P.-lar geosinklinallardan fərqli olaraq sabit sahələrdir. Onlar iki qatdan ibarət olur. Yuxarı qatda qalın laylar formasında dəniz, yaxud materik mənşəli çöküntü süxurları yerləşir. Bu sahələrə P. tavaları deyilir. Alt qat isə bünövrə (fundament) adlanır. Bünövrə geoloji dövrlər ərzində güclü qırışıqlığa məruz qalmış qranit və metamorfozaya uğramış kristallik süxurlardan təşkil olunur. P. fundamentinin səthə qalxmış hissəsinə isə qalxanlar deyilir. Qalxanlar da bünövrələr kimi kristallik süxurlardan ibarətdir. Bu relyef formalarının yaranmasına səbəb tektonik hərəkətlər nəticəsində ərazinin qalxması, çöküntü süxurlarının yuyulmasıdır. Yarandığı vaxtdan asılı olaraq qədim və cavan P. fərqləndirilir. Qədim P.-ların bünövrələri Kembriyəqədərki geoloji dövrdə (Arxey və Proterozoy) əmələ gəlib. Onlar materiklərin bünövrəsini təşkil edir. Cavan P.-larda isə Kembriyəqədərki qırışıqlıq sahələri ilə yanaşı, Paleozoy və Mezozoy yaşlı süxurlar da var. Relyefin bu struktur elementləri ya qədim P.-ların kənarlarında, ya da onların arasında yerləşir.
Coğrafiya terminləri lüğəti