Hər iki yarımkürədə mülayim qurşaqlar üzərində yaranan hava kütləsi.
M.H.K. dəniz və kontinental yarımtiplərinə bölünür. Dəniz yarımtipi mülayim qurşaqların okean səthi üzərində formalaşır, qərb küləkləri və siklonlar sistemində hərəkət edərək materiklərə doğru gəlir, qışda şaxtaları yumşaldır, qara, bəzən dumanlı-yağışlı havalara səbəb olur. Yayda dəniz yarımtipli M.H.K. temperaturu azaldır, rütubətliliyi artırır, bəzən özü ilə intensiv yağışlar gətirir. Kontinental yarımtipli M.H.K. isə ancaq Şimal yarımkürəsinin quru səthi üzərində formalaşaraq qışda çox soyuq, quru, şaxtalı və şəffaf olur. Rusiya ərazisində – Sibirin bəzi rayonlarında o, qışda havanın temperaturunu -70°C-dək aşağı salır. Yayda kontinetal tipli M.H.K. quru səthi üzərində bərk qızır, hava cərəyanları əmələ gətirərək leysan yağışlara, hətta tufanlara səbəb olur. Azərbaycan ərazisində iqlimin formalaşmasında M.H.K.-nin hər iki yarımtipinin rolu olduqca böyükdür: yay aylarında respublika ərazisinə daxil olan hava kütlələrinin yarıdan çoxunu onlar təşkil edir.
Coğrafiya terminləri lüğəti