akk. kaşşu
E.ə. II–I minilliklərdə indiki Cənubi Azərbaycan və Luristan ərazisində məskunlaşmış qədim maldar tayfalar.
Onların burada aborigen və ya gəlmə olduqları məlum deyil. K.-in etnik mənşəyi də mübahisəli olaraq qalır. Bəzən K.-i kaspilərlə eyniləşdirirlər. Kassit dilinin elmə məlum olan dillərdən hər hansı biri ilə genetik qohumluğu aşkarlanmayıb. E.ə. 1741-ci ildə ilk dəfə Babilistana girən K. e.ə. XVI əsrdə həmin ölkəni tamamilə işğal ediblər. Babilistan tarixinin “kassit dövrü” zəif öyrənilib. Ehtimallara görə, e.ə. 1204-cü ildə “Kassit sülaləsi”nin süqutundan sonra Babilistandakı K. sami xalqları tərəfindən assimilyasiya olunublar və öz dillərini itiriblər. Tarixi vətənlərində qalmış K. barədə məlumatlara isə sonuncu dəfə e.ə. 324-cü ilə aid qaynaqlarda rast gəlinir, onların Makedoniyalı İsgəndər tərəfindən darmadağın edildiyi bildirilir.
Tarix terminləri lüğəti