yun. geo – Yer + yun. logos – elm, təlim
Yerin yaranması və inkişafı, tərkibi, quruluşu haqqında elmlər kompleksi.
G.-ya mineralogiya, petroqrafiya, geokimya, geofizika, tektonika, geomorfologiya və bu kimi bir çox elmi sahələr daxildir. XVIII əsrin sonlarında ayrıca təlim kimi formalaşana qədər G. özü coğrafiyanın, mineralogiyanın tərkib hissəsi hesab olunub. Bu elmin mənşəyi və terminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. G.-nın tarixi Qədim Yunanıstana və Romaya gedib çıxır. Antik müəlliflər öz əsərlərində bir çox mineralları və metalları ətraflı təsvir ediblər. İnsanların bu sahəyə marağı, ilk növbədə, minerallara və faydalı qazıntılara olan ehtiyacdan yaranıb. Müasir G.-nın əsasının nə vaxt qoyulduğu isə daha mübahisəlidir. Bir sıra Avropa, Amerika, Orta Asiya alimləri bunun X-XI əsrlərdə islam dünyasında baş verdiyini (əl-Biruni, İbn Sina) təsdiqləyirlər. Digərləri müasir G.-nın tarixini XVII-XVIII əsrlərdə Avropadan (Nikolas Steno, Jan Deluk, Ceyms Hatton) başlayırlar. G. termininin özünü ilk dəfə elmə Norveç alimi Mikkel Eşolt (“Norveçin geologiyası”, 1657) daxil edib. Amma bəzi elmi mənbələrdə onun müəllifinin italyan alimi Ulisse Aldrovandi olduğu (1603) göstərilir.
Coğrafiya terminləri lüğəti