ital. dell’arte – incəsənət, yüksək məharət
XVI–XVIII əsrlərdə İtaliyada mövcud olmuş improvizasiya xarakterli milli teatr növü; maska teatrı.
D.A. qısa, sxematik süjet şəklində yazılmış ssenari əsasında oynanılırdı, ona görə də improvizasiya aktyor ifasının əsasını təşkil edirdi. Aktyorlar səhnəyə maskalarda çıxırdılar. İki qrup maskalar mövcud idi: şimal (Venesian) və cənub (Neopolitan) qrupları. Hər qrupun öz maska-obrazları var idi. Bu teatr Qərbi Avropa dram teatrının inkişafında böyük rol oynadı, belə ki, D.A. truppaları teatr tarixində ilk peşəkar truppalar sayılır. Burada artıq rejissura elementləri özünü göstərirdi (aparıcı aktyor həm də rejissor idi). XIX əsrdə D.A. tənəzzülə uğrayaraq öz yerini pantomima və melodrama verdi. D.A.-nin elementlərindən (improvizasiya, bir aktyorun bir neçə rol oynaması və s.) bu gün də teatrda, xüsusilə stəndap (stand-up) komediyasında və komik teleseriallarda geniş istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti