Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

atmosfer cəbhəsi

Fiziki xassələri müxtəlif olan böyük hava kütlələri arasında keçid zonası.

A.C.-nin hündürlüyü bir neçə, eni onlarca, uzunluğu minlərcə km olur. A.C. isti və soyuq hava kütlələrinin yaxınlaşması, qarşılaşması nəticəsində baş verir. Soyuq hava kütlələri çox kiçik bucaq altında (təxminən 1°) Yer səthinə enir, isti hava kütlələri isə onların üzərinə qalxır. Təmasda olan hava kütlələrinin hərəkət istiqamətindən, fiziki xassələrindən asılı olaraq isti və soyuq cəbhələr yaranır. İsti A.C.-ndə, bir qayda olaraq, laylı-yağış, soyuq A.C.-ndə topa-yağış buludları formalaşır. A.C.-ndə havanın temperaturu, rütubətliliyi, digər meteoroloji parametrləri üfüqi istiqamətdə kəskin dəyişir. Bu cəbhələr, əsasən, iki cür olur: arktik cəbhə (arktik hava kütlələri ilə mülayim enliklərin hava kütlələri arasında) və qütb cəbhəsi (mülayim enliklərin hava kütlələri ilə tropik hava kütlələri arasında). Bəzən tropik (yaxud tropikdaxili) cəbhə də ayrıca tip kimi fərqləndirilir: o, Cənub və Şimal yarımkürələrinin passatlarının qarşılaşdığı yerdə – ekvatora yaxın ərazilərdə yaranır.

Coğrafiya terminləri lüğəti