Qədim türk tayfaları birliyi.
Orxon-Yenisey abidələrində bu birlik “Oğuz budun” adlandırılır. O. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Lakin bəzi tədqiqatçıların fikrincə, o, “ak” (”ağ” – alicənab mənasında) və qədimdə ”ər” (“kişi”) sözünün sinonimi kimi işlənən “uz” kəlməsinin birləşməsindən yaranıb. “Oğuz Xaqan” dastanında O.-ın 24, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində isə 22 boydan ibarət olduğu göstərilir. Oğuz tayfaları bozok və üçok adlı iki qrupa bölünüb. Bu tayfa birliyi VII əsrdə Türk xaqanlığının (552–745) tərkibində formalaşıb. VII–XI əsrlərdə O., əsasən, Mərkəzi Asiya və Monqolustan ərazisində məskunlaşıblar. X əsrdə onlar kütləvi şəkildə islamı qəbul etməyə başlayıblar. XI əsrin əvvəlində O.-ın bir hissəsi səlcuqların başçılığı altında Ön Asiyaya, digər hissəsi Şərqi Avropaya – Qara dənizin şimal sahillərinə doğru hərəkət ediblər. 1030–1040-cı illərdə Azərbaycana gəlmiş O. burada məskunlaşmış digər türk tayfaları ilə qaynayıb-qarışaraq azərbaycanlıların formalaşmasında aparıcı rol oynayıblar. XI–XIII əsrlərdə “oğuz” etnonimi tədricən Orta Asiyada “türkmən”, Yaxın Şərqdə isə “türk” etnonimləri ilə əvəzlənib. Azərbaycanlılardan başqa, O. türkmənlərin, türklərin, qaqauzların, Krım tatarlarının, salarların və qaraqalpaqların etnogenezində fəal iştirak ediblər.
See also:
Tarix terminləri lüğəti