Adil və bəzi mənbələrdə türk, bəzi mənbələrdə monqol mənşəli olduğu qeyd edilən Gəray adlarının birləşməsindən əmələ gəlmiş Adilgəray (bax: ad – ADİL; GƏRAY) kişi adı ədalətlə davranan mənasını ifadə edir.
Gərayilərin Krımda hakimiyyəti ələ almasında dövrünün görkəmli sərkərdəsi Adilgərayın xüsusi xidmətləri tarixdən məlumdur. Gərayi xanları Adilgərayın döyüşlərdə göstərdiyi şücaət hesabına sonradan da xeyli qələbə əldə etmişlər. Xalqımız Azərbaycanda da yaşadığı güman edilən, banisi Hacı Gəray olduğu Gəray türk tayfasının sərkərdəsi Adilgərayın adını sevə-sevə övladlarına vermişlər. Türk xalqlarının əksəriyyətinin dilində bu gün də yaşayan antroponimlərdəndir. XX əsrin ortalarından musiqi sahəsində xidmətləri olan, Azərbaycan bəstəkarlıq məktəbində özünə məxsus yeri olan görkəmli musiqiçilərdən tarzən, müəllim, dirijor, Əməkdar Artist Adil Gəray (1919-1973) da adın daşıyıcılarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti