Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

GƏRAY türk.

çox qədim adlardan olan garay sözünün etimologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Bəzi mənbələrdə, xüsusən də türk dilçiliyində monqol mənşəli olduğu, monqol dilində layiq, uyğun, haqq qazanmış anlamlarında olması ilə bağlı izahlara rast gəlinsə də, dəqiq heç bir məlumat verilmir. Bir sıra mənbələrdə div, ən güclü varlıq, məxluq anlamını ifadə edən “kər” sözündən, Gəray şəxs adının da müvafiq Kərey (kərey– div güclü) sözündən olduğu qeyd edilir.

XX əsrdə nəşr olunmuş lüğətlərdə Gəray adı adətən kotançı, kotan, yersürən sözləri ilə əlaqələndirilmiş və türk dillərində şumlanmış yer, sürülmüş yer və ya kotan mənasında olduğu qeyd edilmişdir. Bir çox mənbələrdə etnonim olması iıə bağlı məlumatlar mövcuddur. Bəzi araşdırmalarda isə yunan mənşəli olduğu barədə mülahizələrə rast gəlinir. Tədqiqatlarda Gəray adlı türk tayfasının mövcud olduğu və Azərbaycan ərazisində yaşadığı ehtimal edilir. Tarixdən məlumdur ki, Gərayi, yaxud gireyilər XV-VIII əsrlərdə Krım tatarları xanlarının sülaləsidir. Məlum olduğu kimi, A.S.Puş- kinin “Baxçasaray fontanı” əsərində Xan Girey surəti əsərin əsas iştirakçılarından hesab edilir. Bildiyimiz kimi, Baxçasaray Krımda yer adıdır. Sərkərdə Adilgərayın (bax: ad – ADİLGƏ- RAY) xüsusi şücaəti sayəsində gərayilər Krımda hakimiyyəti ələ əldıqdan sonra Gəray adı əvvəlcə tayfa, sonradan sülalə adına çevrilmişdir. Beləliklə, sərkərdə və hökmdarın şöhrəti ilə əlaqədar Gəray şəxs adı yaranmışdır. Krımda hakimiyyəti ələ alan gərayilər sonralar da hərbi yürüşlərdə iştirak etmişlər. Çox vaxt bu döyüşləri qələbə ilə başa vuran xanların var-dövləti artmaqla yanaşı, şöhrəti də hər yana yayılırdı. Bu səbəbdən də həm Azərbaycan, həm də türk şəxs adları lüğətlərində Krım xanlarının ünvanı kimi göstərilən Gəray kişi adının qüvvətli, qüdrətli, böyük, layiq olduğu mənalarını ifadə etməsi barədə məlumatlara rast gəlinir. Rus dilçiliyində geroy (герой sözü dilimizdə qəhrəman deməkdir) sözünün yaranmasını belə əsaslandırırlar: gəray (кирей) – kirey – geroy (герой). Bu gün də, əsasən, Baskakova istinadən rus dilində olan bir çox rus sözlərinin türklərdən alınma olduğunu göstərən rus dilçiləri geroy (герой) sözünün türk mənşəli gəray sözündən olmasında israrlıdırlar. Bəzi tədqiqatlarda türk xalqlarında vaxtilə döyüşlərdə qəhrəmanlıq göstərən qəhrəmanlara verilən Gəray titulu haqqında məlumatlara da rast gəlinir. Bir məsələni də qeyd etmək lazımdır ki, zamanında Çingiz xanın nəslindən olan, Krımda səltənət sürən xanədan şahzadələrindən Əhməd Gəray, Nurəddin Gəray, Adil Gəray, Qazi Gəray, Aslan Gəray xan da Gəray tituluna layiq görülmüşlər. Gəray türk tayfasının Azərbaycanda yaşamasını çox vaxt həmin tayfanın adı ilə uyğun xalq arasında aşıq şeirinin sevilən və geniş yayılmış gəraylı şeir şəkli ilə əlaqələndirirlər. Bu fikri də istisna etmək olmaz. Çünki xalq ədəbiyyatımızın janrlarından olan bayatıların Bayat tayfasının adından olduğu məlumdur. Səməd Vurğunun sevilən əsərlərindən olan Komsomol poemasında, eyni zamanda həmin poema əsasında ekranlaşdırılmış “Yeddi oğul istərəm” bədii filmində xarakterik obrazlardan olan Gəray bəy obrazı bu şəxs adına məhəbbətin artmasına səbəb oldu desək, yəqin ki, səhv etmərik. XX əsrin yetmişinci illərində çəkilmiş ekran əsərində Gəray bəyin sovet rejiminin tələblərinə uyğun qəddar, amansız göstərilməsinə baxmayaraq, azərbaycanlı bəy surəti istedadlı aktyor Həsənağa Turabovun ifasında həddən artıq sevilmişdi.

Azərbaycan şəxs adlarının izahlı lüğəti