“Vasitəsiz nitq” dedikdə mətndə hər hansı şəxsin, obrazın dilindən deyilən sözlər, cümlələr nəzərdə tutulur:
– Allah qonağıdır, bala, – dedi, – indicə qapını döyüb içəri girdi.
(Ə.Məmmədxanlı)
Burada altından xətt çəkilmiş cümlə vasitəsiz nitqdir (V), digər sözlər isə müəllifə (M) aiddir.
Yazıda vasitəsiz nitqi müəllifin sözlərindən ayırmaq üçün qoşa nöqtə, tire və dırnaq işarələrindən istifadə olunur.
1. Əgər vasitəsiz nitq obrazın düşüncələrini, ürəyindən keçənləri ifadə edirsə (bəzən buna “daxili nitq” də deyilir), dırnaqda verilir. Bu zaman müəllif sözləri (M) ilə vasitəsiz nitq (V) arasında qoşa nöqtə, tire, vergül işarələrindən istifadə olunur:
M: “V”, – m.
M: “V?” – m.
Bəzən əsərin qəhrəmanı vaxtilə olub-keçənləri xatırlayanda və ya vasitəsiz nitq qeyri-müəyyən şəxslərə aid olanda da dırnaqda verilə bilər:
İkinci dəfə mürgüləyib yenə Bəhmənin səsini eşitmişdi: “Saz kökdən düşsə, bil ki, mənim başımda qaranlıq var, baba”. (İ.Hüseynov)
Kənddə arvadların arasında xısın-xısın söhbət gəzirdi: “Yazıq dəmirçi, bir-birindən cavan gəlinlər içində qalıb”. (İ.Hüseynov)
Əgər cümlə vasitəsiz nitqlə bitirsə, sonda gələn sual, nida işarəsi və ya üç nöqtə dırnaq işarəsindən əvvəl, nöqtə isə dırnaqdan sonra qoyulur:
M: “V”. M: “V!” M: “V...” M: “V?”
Söz, fraza, sitat şəklində olan vasitəsiz nitq bəzən dırnaq içərisində, lakin iki nöqtəsiz, tiresiz verilə bilər:
M “V” m
(M.Həsənov)
2. Başqasına müraciətlə deyilən vasitəsiz nitq yeni sətirdən başlayır və qarşısında tire işarəsi qoyulur:
M:
– V?
– Başına at təpib, nədir, məni ələ salırsan? (İ.Şıxlı)
Bədii mətnlərdə bir çox hallarda vasitəsiz nitqlə müəllif sözləri növbələşir. Bu halda bəzən durğu işarələri və sözlərin böyük və ya kiçik hərflə yazılması ilə bağlı mürəkkəb məqamlar yaranır. Onlardan bəzilərini nəzərdən keçirək.
Vasitəsiz nitq müəllif cümləsini hissələrə ayırarsa (onun sintaktik bütövlüyünü pozarsa), vasitəsiz nitqin sonunda vergül, sual və ya nida işarəsi qoyulur, müəllif sözlərinin ikinci hissəsi kiçik hərflə başlayır:
M:
– V, – m.
– Qapını ört, – dedi. (İ.Hüseynov)
M:
– V? – m.
– Bəlkə, yenə xəstələnmisən? – dedi. (Ə.Məmmədxanlı)
M:
– V! – m. – V.
– Bağışla! – dedi. – Doğrudan, kaftarlaşmışam! (İ.Hüseynov)
Müəllif nitqi vasitəsiz nitqi hissələrə ayırıb sintaktik bütövlüyünü pozarsa, hissələr arasında vergül qoyulur və onlar (birincidən başqa) kiçik hərflə başlanır:
– V, – m, – v.
– V, – m, – v.
Hacı arvadına hirsləndi:
Növbələşən müəllif nitqi və vasitəsiz nitq parçalarından hər biri öz sintaktik bütövlüyünü saxlayarsa, hər hissənin sonunda nöqtə, sual, nida işarəsi və ya üç nöqtə – cümlə sonunda istifadə edilən işarələr qoyulur və cümlələr böyük hərflə başlanır:
V. – M. – V.
Bəzi hallarda vasitəsiz nitq arasında işlənən müəllif nitqindən sonra iki nöqtə də qoyula bilər:
V. – M: – V.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.