Reklam
Reklam
Тема: Dilçilik
Тема: Punktuasiya
Автор: Rafiq İsmayılov

Vasitəsiz nitqdə və dialoqlarda durğu işarələri: qoşa nöqtə, ti­re, dırnaq, nöqtə, vergül

 

“Vasitəsiz nitq” dedikdə mətndə hər hansı şəxsin, obrazın dilindən deyilən sözlər, cümlələr nəzərdə tutulur:

  • Anası əllərini qızının saçlarına çəkərək:

– Allah qonağıdır, bala, – dedi, – indicə qapını döyüb içəri girdi.

(Ə.Məmmədxanlı)

Burada altından xətt çəkilmiş cümlə vasitəsiz nitqdir (V), digər sözlər isə müəllifə (M) aiddir.

 

Yazıda vasitəsiz nitqi müəllifin sözlərindən ayırmaq üçün qoşa nöqtə, tire və dırnaq işarələrindən istifadə olunur.

1. Əgər vasitəsiz nitq obrazın düşüncələrini, ürəyindən keçənləri ifadə edirsə (bəzən buna “daxili nitq” də deyilir), dırnaqda verilir. Bu zaman müəllif sözləri (M) ilə vasitəsiz nitq (V) arasında qoşa nöqtə, tire, vergül işarələrindən istifadə olunur:

                                                         M: “V”, – m.

  • Kişi oğlanı başdan-ayağa diqqətlə süzdü və: “Yox, bu, adam öldürüb qaçana oxşamır”, – deyə ürəyindən keçirdi. (İ.Şıxlı)

                                                         M: “V?” – m.

  • Bunu qulağı alanda qoca dikəldi: “Bir eşiyə çıxın, görün o nə səsdir?” – demək istədi.

 

Bəzən əsərin qəhrəmanı vaxtilə olub-keçənləri xatırlayanda və ya vasitəsiz nitq qeyri-müəyyən şəxslərə aid olanda da dırnaqda verilə bilər:

İkinci dəfə mürgüləyib yenə Bəhmənin səsini eşitmişdi: “Saz kökdən düşsə, bil ki, mənim başımda qaranlıq var, baba”. (İ.Hüseynov)

Kənddə arvadların arasında xısın-xısın söhbət gəzirdi: “Yazıq dəmirçi, bir-birindən cavan gəlinlər içində qalıb”. (İ.Hüseynov)

 

Əgər cümlə vasitəsiz nitqlə bitirsə, sonda gələn sual, nida işarəsi və ya üç nöqtə dırnaq işarəsindən əvvəl, nöqtə isə dırnaqdan sonra qoyulur:

                                      M: “V”.      M: “V!”      M: “V...”      M: “V?”

  • Eyvaz əmi qızın arxasınca baxıb xoş ifadə ilə başını buladı: “Az qalıb on beş yaşı tamam olsun, yenə uşaqlığı başındadır”. (İ.Əfəndiyev)
  • Məktubda ikicə söz yazılmışdı: “Səni gözləyəcəyəm!”
  • Fərhad qaşqabaqla atasına baxıb təəccüblə soruşdu: “Necə yəni apar? Bəs...” (İ.Əfəndiyev)
  • Məktubda ikicə söz yazılmışdı: “Məni sevirsən?”

 

Söz, fraza, sitat şəklində olan vasitəsiz nitq bəzən dırnaq içərisində, lakin iki nöqtəsiz, tiresiz verilə bilər:

                                                             M “V” m

  •  ...Anam da ona qoşulub ağlayırdı və “Anan ölsün” deməkdən başqa uşağı heç nə ilə ovundura bilmirdi. (İ.Hüseynov)
  • Ərəb jurnalistləri Hacını günahlandırır ki, “Tağıyev şəriət qaydalarını pozaraq arvadının çadrasız gəzməsinə icazə verdiyi üçün başına bu iş gəlib”.

(M.Həsənov)

 

2. Başqasına müraciətlə deyilən vasitəsiz nitq yeni sətirdən başlayır və qarşısında tire işarəsi qoyulur:

                                                         M:

                                                        – V?

  •  Rəşid atın cilovunu çəkib qaçağın üzünə bozardı:

– Başına at təpib, nədir, məni ələ salırsan? (İ.Şıxlı)

 

Bədii mətnlərdə bir çox hallarda vasitəsiz nitqlə müəllif sözləri növbələşir. Bu halda bəzən durğu işarələri və sözlərin böyük və ya kiçik hərflə yazılması ilə bağlı mürəkkəb məqamlar yaranır. Onlardan bəzilərini nəzərdən keçirək.

Vasitəsiz nitq müəllif cümləsini hissələrə ayırarsa (onun sintaktik bütövlüyünü pozarsa), vasitəsiz nitqin sonunda vergül, sual və ya nida işarəsi qoyulur, müəllif sözlərinin ikinci hissəsi kiçik hərflə başlayır:

                                                      M:

                                                       – V, – m.

  •  Gəlib dayandı, arxaya baxmadan:

– Qapını ört, – dedi. (İ.Hüseynov)

 

                                                     M:

                                                      – V? – m.

  •  O, diqqətlə qızın gözlərinə baxaraq:

– Bəlkə, yenə xəstələnmisən? – dedi. (Ə.Məmmədxanlı)

 

                                                    M:

                                                      –  V! – m. – V.

  • İsfəndiyar kişi inilti ilə:

– Bağışla! – dedi. – Doğrudan, kaftarlaşmışam! (İ.Hüseynov)

 

Müəllif nitqi vasitəsiz nitqi hissələrə ayırıb sintaktik bütövlüyünü pozarsa, hissələr arasında vergül qoyulur və onlar (birincidən başqa) kiçik hərflə başlanır:

                                                   –  V, – m, – v.

  •  – Ə, zalım oğlu, – dedi, –  bəlkə, zarafat edib məni yerimdən oynadırsan?!  (İ.Əfəndiyev)

 

                                                  –  V, – m, – v.

 Hacı arvadına hirsləndi:

  • – Əgər, – dedi, – qızı vermək fikirləri yox idisə, niyə razı olurdular? (İ.Əfəndiyev)

Növbələşən müəllif nitqi və vasitəsiz nitq parçalarından hər biri öz sintaktik bütövlüyünü saxlayarsa, hər hissənin sonunda nöqtə, sual, nida işarəsi və ya üç nöqtə – cümlə sonunda istifadə edilən işarələr qoyulur və cümlələr böyük hərflə başlanır:

 

                                                     V. – M. – V.

  • – Olar, olar... Vallah, nə desən olar... – Kişi səsində titrəyiş hiss edib bir-iki ağız “ühü-ühü” elədi. – Görünür, doğrudan, gözüm alacalanıb. 
  • – Yeri, yıxıl yat, yeri! – Qurban kişi atını tərpətdi. – Mən də deyirəm, gecə vaxtı, görəsən, bu nə qaraltıdır burda. (İ.Hüseynov)

Bəzi hallarda vasitəsiz nitq arasında işlənən müəllif nitqindən sonra iki nöqtə də qoyula bilər:

    

                                                     V. – M: – V.

  •  – Hər ikiniz çox yaxşı işləyirsiniz, mane olmaq istəməzdim. – Bu yerdə mən Holmsun səsində kinayə hiss elədim. O isə eyni qaydada sözlərinə davam etdi: – Təhqiqatın gedişində hər hansı çətinliklə üzləşsəniz, sizə kömək etməkdən məmnun olardım.
  • – Verin bura, – Holms bunu deyib həblərdən birini Lestreyddən aldı və onu mənə göstərib soruşdu: – Doktor, necə düşünürsünüz, bu, adi həbdir? (Konan Doyl)

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.