Əslində, qrammatik cəhətdən düzgün yazmaq üçün başlıqdakı suala cavab vermək o qədər də vacib deyil. Dil daşıyıcısı bu morfemlərdən empirik olaraq yerli-yerində istifadə edir. Lakin onların cümləyə gətirdiyi semantik çalarları duymaq və cümlələrdə xəbəri daha dəqiq qrammatik formada işlətmək üçün bu haqda danışmağa dəyər.
Hərəkətin keçmiş zamanda baş verdiyini bildirən -dı⁴, -mış⁴ zaman şəkilçiləri xəbərin başlanğıc formasına qoşulur. Bu o deməkdir ki, xəbər şəklində olan feilə əvvəlcə zaman, sonra şəxs şəkilçisi artırılır: yaz-dı-m, yazıl-mış-ıq, yazdır-dı-nız, yaz-mış-lar və s.
Hərəkət 2-ci şəxsə aid olanda -mış⁴ şəkilçisində səsdüşümü ola bilər: yaz-mı-san, yaz-mı-sınız. Qrammatikada -dı⁴ – şühudi keçmiş, -mış⁴ – nəqli keçmiş zaman şəkilçisi adlanır.
Bu terminlər həmin şəkilçilərin semantikasını fərqləndirməyə kömək etmir. Hər iki şəkilçi hərəkətin keçmişdə baş verdiyini və artıq bitdiyini göstərir. Onları yalnız daha geniş kontekstdə fərqləndirmək mümkündür:
-dı⁴ şəkilçisindən keçmişdə baş vermiş hadisələri nəql edərkən istifadə olunur:
-mış⁴ şəkilçisindən daha çox cari zaman kontekstində istifadə olunur:
– Yazmışam. Sadəcə, internet yoxdur ki, göndərim.
Amma bu fərq kifayət qədər şərtidir. Əksər hallarda bu şəkilçilər (-mış⁴ və -dı⁴) bir-birini əvəz edə bilir.
İndi isə idi, imiş köməkçi feillərinin ixtisarı olan -dı, -mış haqqında. Onların semantik məna çalarları daha rəngarəngdir.
Bu morfemlər feilin zaman şəkilçilərinə və ya feilin şəklini bildirən morfemlərə artırılır: gəl-ir-di-k, gəl-ir-miş, gəl-əcək-di-m, gəl-məli-ymiş-lər. Bəzən -dı, -mış morfemləri feilin şəxs şəkilçisindən sonra da artırıla bilər: gəl-məli-yəm-miş, gələsi-sən-miş.
Qrammatik baxımdan gedirdim feili indiki zamana, gedərdim gələcək zamana aiddir. Lakin semantik baxımdan bu sözlərin hər ikisi hərəkətin keçmişdə baş verdiyini bildirir.
Məhz burada “nəqli”, “şühudi” terminlərini xatırlamaq yerinə düşərdi. Aydındır ki, bu sözlər “nəql etmək” (eşitdiyini, oxuduğunu danışmaq), “şahidlik etmək” (şahid olduğu hadisə haqqında danışmaq) sözləri ilə bağlıdır. Semantik baxımdan nəqli keçmiş zaman, şühudi keçmiş zaman məhz “köməkçi feil” adlandırdığımız idi, imiş sözlərinin ixtisarına aiddir:
Xəbərin qrammatik forması göstərir ki, danışan hadisəni görüb, onun şahidi olub.
Feili xəbərin bu qrammatik forması isə çox zaman “deyilənə görə”, “rəvayətə görə” ara sözləri ilə işlənir. Bu isə göstərir ki, danışan eşitdiyi əhvalatı nəql edir.
Bu köməkçi feilləri (idi, imiş) fərqləndirmək üçün qrammatikada “feil şəkillərinin hekayəsi” (idi), “feil şəkillərinin rəvayəti” (imiş) kimi terminlərdən istifadə olunur. Beləliklə, semantik baxımdan feili xəbəri aşağıdakı kimi təsnif etmək daha anlaşıqlı olar:
Yuxarıda deyildiyi kimi, idi, imiş köməkçi feilləri feilin şəklini bildirən morfemlərə də qoşula bilir:
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.