Reklam
Reklam
Тема: Dilçilik
Тема: Qrammatika
Автор: Rafiq İsmayılov

-dı⁴, -mış⁴ zaman şəkilçiləri, yoxsa idi, imiş köməkçi feillərinin ixtisarı?

 

Əslində, qrammatik cəhətdən düzgün yazmaq üçün başlıqdakı suala cavab vermək o qədər də vacib deyil. Dil daşıyıcısı bu morfemlərdən empirik olaraq yerli-yerində istifadə edir. Lakin onların cümləyə gətirdiyi semantik çalarları duymaq və cümlələrdə xəbəri daha dəqiq qrammatik formada işlətmək üçün bu haqda danışmağa dəyər.

Hərəkətin keçmiş zamanda baş verdiyini bildirən -dı⁴, -mış⁴ zaman şəkilçiləri xəbərin başlanğıc formasına qoşulur. Bu o deməkdir ki, xəbər şəklində olan feilə əvvəlcə zaman, sonra şəxs şəkilçisi artırılır: yaz-dı-m, yazıl-mış-ıq, yazdır-dı-nız, yaz-mış-lar və s.

 

Hərəkət 2-ci şəxsə aid olanda -mış⁴ şəkilçisində səsdüşümü ola bilər: yaz-mı-san, yaz-mı-sınız. Qrammatikada -dı⁴ – şühudi keçmiş, -mış⁴ – nəqli keçmiş zaman şəkilçisi adlanır.

Bu terminlər həmin şəkilçilərin semantikasını fərqləndirməyə kömək etmir. Hər iki şəkilçi hərəkətin keçmişdə baş verdiyini artıq bitdiyini göstərir. Onları yalnız daha geniş kontekstdə fərqləndirmək mümkündür:

-dı⁴ şəkilçisindən keçmişdə baş vermiş hadisələri nəql edərkən istifadə olunur:

  • Şənbə günü idi. Mən məktubu yazm, zərfə qoyub anama göndərdim.

 

-mışşəkilçisindən daha çox cari zaman kontekstində istifadə olunur:

  • Qulaq as, gör nə maraqlı esse yazmışam.
  • – Sən hələ məktubu yazmasan?!

– Yazmışam. Sadəcə, internet yoxdur ki, göndərim.

Amma bu fərq kifayət qədər şərtidir. Əksər hallarda bu şəkilçilər (-mış⁴ -dı⁴) bir-birini əvəz edə bilir.

 

İndi isə idi, imiş köməkçi feillərinin ixtisarı olan -dı, -mış haqqında. Onların semantik məna çalarları daha rəngarəngdir.

Bu morfemlər feilin zaman şəkilçilərinə və ya feilin şəklini bildirən morfemlərə artırılır: gəl-ir-di-k, gəl-ir-miş, gəl-əcək-di-m, gəl-məli-ymiş-lər. Bəzən -dı, -mış morfemləri feilin şəxs şəkilçisindən sonra da artırıla bilər: gəl-məli-yəm-miş, gələsi-sən-miş.

 

Qrammatik baxımdan gedirdim feili indiki zamana, gedərdim gələcək zamana aiddir. Lakin semantik baxımdan bu sözlərin hər ikisi hərəkətin keçmişdə baş verdiyini bildirir.

Məhz burada “nəqli”, “şühudi” terminlərini xatırlamaq yerinə düşərdi. Aydındır ki, bu sözlər “nəql etmək” (eşitdiyini, oxuduğunu danışmaq), “şahidlik etmək” (şahid olduğu hadisə haqqında danışmaq) sözləri ilə bağlıdır. Semantik baxımdan nəqli keçmiş zaman, şühudi keçmiş zaman məhz “köməkçi feil” adlandırdığımız idi, imiş sözlərinin ixtisarına aiddir:

  • O hər səhər bağa gedib ağacdan meyvə dərirdi.

Xəbərin qrammatik forması göstərir ki, danışan hadisəni görüb, onun şahidi olub.

  • O hər səhər bağa gedib ağacdan meyvə dərirmiş.

Feili xəbərin bu qrammatik forması isə çox zaman “deyilənə görə”, “rəvayətə görə” ara sözləri ilə işlənir. Bu isə göstərir ki, danışan eşitdiyi əhvalatı nəql edir.

 

Bu köməkçi feilləri (idi, imiş) fərqləndirmək üçün qrammatikada “feil şəkillərinin hekayəsi” (idi), “feil şəkillərinin rəvayəti” (imiş) kimi terminlərdən istifadə olunur. Beləliklə, semantik baxımdan feili xəbəri aşağıdakı kimi təsnif etmək daha anlaşıqlı olar:

 

  • Sadə keçmiş zaman                                      bax
  • Keçmiş aktual zaman                                    baxmışdır, baxıb
  • Şühudi keçmiş bitmiş zaman                        baxmışdı
  • Nəqli keçmiş bitmiş zaman                           baxıbmış
  • Şühudi keçmiş davamedici zaman               baxırdı
  • Nəqli keçmiş davamedici zaman                  baxırmış
  • Şühudi keçmiş təkrarlanan zaman               baxardı
  • Nəqli keçmiş təkrarlanan zaman                  baxarmış
  • Şühudi keçmiş bitməmiş zaman                   baxacaqdı
  • Nəqli keçmiş bitməmiş zaman                      baxacaqmış

 

Yuxarıda deyildiyi kimi, idi, imiş köməkçi feilləri feilin şəklini bildirən morfemlərə də qoşula bilir:

 

  • Şühudi keçmiş zamanın şərt şəkli                       baxsaydı
  • Nəqli keçmiş zamanın şərt şəkli                          baxsaymış
  • Şühudi keçmiş zamanın vacib şəkli                     baxmalıydı
  • Nəqli keçmiş zamanın vacib şəkli                        baxmalıymış
  • Şühudi keçmiş zamanın lazım (niyyət) şəkli        baxasıydı
  • Nəqli keçmiş zamanın lazım (niyyət) şəkli           baxasıymış
  • Şühudi keçmiş zamanın arzu şəkli                       (kaş) baxaydı
  • Nəqli keçmiş zamanın arzu şəkli                          (kaş) baxaymış

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.