Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Cümlə üzvü ilə onun əlavəsi arasında durğu işarələri: vergül, tire

 

Əlavə aid olduğu cümlə üzvünün mənasını izah edən, dəqiqləşdirən söz və ya söz birləşməsidir. 

  • Hamı orada – hadisənin baş verdiyi yerdə idi.

Cümlə üzvü və onun əlavəsi arasında semantik əlaqə həmcins cümlə üzvləri arasındakı əlaqədən fərqlidir. Belə ki, həmcins cümlə üzvləri qrammatik baxımdan bərabərhüquqludur və sadalama intonasiyası ilə deyilir:

  • O, əlindəki kitabı, karandaşı masanın üstünə qoydu.

Əlavə isə cümlə üzvü ilə bağlıdır, onu izah edir, dəqiqləşdirir:

  • O, əlindəki kitabı – Hüqonun “Səfillər”ini masanın üstünə qoydu.

İsmi və feili birləşmələrin asılı tərəflərinin də əlavəsi ola bilər:

  • Uşaqlıq dostumun – Ramizin atası cərrahdır.
  • Sabiri – qardaşımı qarşımda görüncə təəccübləndim.
  • Yuxarıya – dağın başına qalxmaq getdikcə çətinləşirdi.

 

Cümlə üzvü ilə onun əlavəsi arasında durğu işarəsini müəyyənləşdirərkən iki məqama diqqət yetirmək lazım gəlir:

1. Cümlə üzvü ilə onun əlavəsi eyni məna yükünə malikdir. Bu halda onların arasında çox zaman tire qoyulur:

  • Qələbədən sonra Bakıda – ölkəmizin paytaxtında hərbi parad keçirildi.
  • Dostlarımızdan ikisi – Rəhim və Səfər aksiyada iştirak etməyə razılıq verdi.

Onların (cümlə üzvü ilə əlavəsinin) yerini dəyişəndə durğu işarəsi dəyişmir:

  • Qələbədən sonra ölkəmizin paytaxtında – Bakıda hərbi parad keçirildi.
  • Rəhim və Səfər – dostlarımızdan ikisi aksiyada iştirak etməyə razılıq verdi.

Bu kateqoriyadan olan cümlə üzvləri çox zaman əvəzlik, dəqiqləşdirici ədat və ya say vasitəsilə konkretlik semantikası qazanır, ona görə də əlavə ilə eyni məna yükünə malik olur:

  • Bundan sonra həmin gün – noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd olunacaq.
  • Xarici universitetlərə qəbul zamanı məhz bu nitq bacarığına – oxuya xüsusi diqqət yetirilir.
  • Onun səltənəti düz üç yüz il – daxili çəkişmələr ölkəni dağıdana qədər yaşadı.
  • Şagirdlərdən yalnız biri – Toğrul bu tapşırığın öhdəsindən gələ bildi.

 

2. Əlavə, cümlə üzvünə nisbətən daha konkret olduqda onların arasında çox zaman vergül, bəzən tire qoyulur:

  • Bu hadisə XVIII əsrdə, Nadir şahın hakimiyyəti dövründə baş vermişdir.
  • O, Bakıda, Nizami küçəsində anadan olmuşdur.
  • Elektromobillər benzinlə işləyən avtomobillərdən xeyli əvvəl – 1842-ci ildə yaranıb.

Onlar yerini dəyişdikdə, əsasən, tiredən istifadə olunur:

  • Bu hadisə Nadir şahın hakimiyyəti dövründə – XVIII əsrdə baş vermişdir.
  • O, Nizami küçəsində – Bakıda anadan olmuşdur.

Zaman zərfliyinin əlavəsi feili bağlama ilə ifadə olunduqda vergüldən istifadə sərbəstdir:

  • 80-ci illərin sonunda, ölkədə müstəqillik hərəkatı başlayanda mən hələ məktəbdə oxuyurdum.

Bu cümlədə cümlə üzvü ilə onun əlavəsini bir cümlə üzvü – feili bağlama tərkibi kimi də qəbul etmək olar. Bu halda vergül qoyulmur:

  • 80-ci illərin sonunda ölkədə müstəqillik hərəkatı başlayanda mən hələ məktəbdə oxuyurdum.

Cümlə üzvü ilə onun əlavəsi arasında ara söz və bağlayıcılar (yəni, daha doğrusu, o cümlədən, xüsusilə və s.) işlənə bilər. Bu zaman vergüldən istifadə edilir:

  • Şənbə günü, yəni ayın 12-də səfərə çıxdıq.

Xitabların da əlavəsi ola bilər. Bu zaman onların arasında vergül qoyulur:

  • Siz, ey Vətən oğulları, döyüşə hazır olun!

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.