Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BAYRAMƏLİ azərb.

Bayram və ərəb. mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Bayraməli (bax: ad – BAYRAM; ƏLİ) kişi adı ali bayram, böyük şadyanalıq anlamını ifadə edir. Adın təhrif olunmuş forması Bayramalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BECAN

Becan/Bejan/Bijan kişi adının mənşəyi haqqında dilçilikdə bir çox mübahisəli məsələlər hələ də həllini gözləməkdədir. Lüğətlərdə qədim türk dil. becan sözündən olub, biçən, kəsən anlamında olması barədə izahlara rast gəlinir.

Müasir Azərbaycan antroponimikasında işlək olmayan adlar sırasındadır. Bir sıra tarixi mənbələrdə biçənəkpeçeneq tayfasının adı ilə əlaqələndirilir. Ə.Dəmirçizadə IX əsrdə xəzərlərin məğlub edilmələri zamanı Orta Asiyanın şimal hissəsindən bir çox türkdilli tayfaların köçündən bəhs edərkən onların arasında becənək tayfasının adını da qeyd edir. Bu etnonim barədə A.Qurbanov yazır ki, peçeneq etnoniminin fonetik, leksik tərkibi haqqında qəti fikir demək hələ mümkün deyildir. “Oğuznamə”də Беджене adının xeyirxah, işgüzar, qeyrətli mənaları, həmçinin biçina, biçine, beçene kimi fonetik variantlarda işgüzar, qeyrətli mənaları qeyd edilmişdir. Deməli, araşdırmalardan məlum olur ki, Becan kişi adı becənək etnonimi ilə bağlıdır, türkmənşəlidir, apelyativi arxaikləşmişdir. Ad semantikasında xeyirxah, işgüzar, qeyrətli mənalarını yaşadır. Qeyd etmək lazımdır ki, adın həm qədim Şərq dilləri, həm də qədim yəhudi dili ilə əlaqəsi barədə də məlumatlar mövcuddur. Bu barədə yazan müəlliflər becan sözünü m.ə. XI əsrdə İordan çayının qərb sahilində mövcud olmuş Betsan/Beysan/Bezan şəhərinin adı ilə əlaqələndirirlər. Məlum olduğu kimi, VIIVIII əsrlərə aid edilən ilk yazılı abidəmiz “KitabiDədə Qorqud” dastanlarındakı obrazlardan birinin adı Baybican bəgdir. Bu da adın daha erkən dövrlərə aid olmasını təsdiq edir. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Becan/Bejan adına ruslarda da rast gəlinir. Ruslarda Bejanov soyadının daşıyıcıları bu gün də kifayət qədərdir. Türk dillərindən rus dilinə keçmə kifayət qədər antroponim məlumdur. Bəzi rus tədqiqatçıları bu sözü rus dilində olan бежать (qaçmaq) feili ilə əlaqələndirsələr də, digər rus tədqiqatçılarının araşdırmalarında Beyan/Becan adının fars mənşəli olduğu göstərilir. Antroponimin fars mənşəli olduğu haqqında da məlumatlar mövcuddur, burada əsasən Becan/Bejan adının XIX əsrə qədər İranda zadəganlar arasında yayıldığı əsas gətirilir. Şah Abbasın hakimiyyəti illərində (15871629) vəzirinin, eləcə də ən sevimli əyanlarından birinin adı Dəli Becan olmuşdur. Bu fakta orta əsrlərə aid Azərbaycan məhəbbət dastanlarından olan “Abbas və Gülgəz” dastanında da rast gəlinir. Bijən həm də İran eposunun qəhrəmanlarından əfsanəvi bir pəhləvanın adıdır. Əfsanəyə görə, turanlılar Bijəni bir quyuda həbs etmiş, Rüstəm Zal gəlib onu xilas etmişdir. Bijənin Mənicəyə aşiqliyi «Şahnamə»nin məşhur hekayələrindəndir. Ə.Firdövsinin “Şahnamə” (9761011) dastanının qəhərəmanının adı da Becan/Bejan/Bijən olmuşdur. Eposda “Bijən və Mənicə” dastanına da xüsusi yer verilir. “Şahnamə”nin nəinki İran mədəniyyətinə, eləcə də Orta Asiya, Cənubi Qafqaz və Hindistan mədəniyyətinə təsir göstərdiyi barədə də kifayət qədər məlumat mövcuddur. L.N.Qumilyov 651ci ildə Mervedə baş vermiş hadisələri şərh edərkən Bejan/Becan tarxan barədə bəhs edir. Müəllif də adla bağlı fikirlərində Ə.Firdövsiyə istinad edir. Firdövsinin əsərində Becan/Bejan tarxan Səmərqəndin hakimidir. Sonrakı dövrdə də İran tarixində Bejan adına rast gəlinir. Abbas Mirzə şahın ən sevimli əyanlarından biri Bejan xan olmuşdur. Burdan belə aydın olur ki, Becan/Bejan adının kökləri daha qədim dövrlərlə səsləşir, mənşəyi barədə dəqiq fikir söyləmək çətindir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Becan bu gün əsasən soyadlarda yaşayan kişi adlarındandır. Addan formalaşmış Becanov, Becan soyadının kifayət qədər mövcud olması məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti