Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALI ərəb.

ali sözündəndir. Ali (bax: ad – ƏLİ) adının Azərbaycan dilindəki variantıdır.

Əli adının ərəbcə tələffüzü daha çox Alıya yaxındır, bu gün də bir çox bölgələrimizdə Əli adı Alı kimi tələffüz olunur. Alı şəxs adı dastanlarımızda da yer almışdır. Hamısında da igid insanların adı kimi təqdim edilir. Etiraf etmək lazımdır ki, Alı adını eşidən kimi nədənsə ilk növbədə “Koroğlu” dastanı yada düşür. Dastanın birinci qolundan sonra Alı kişinin oğlu cəsur Rövşən “Koroğlu”, yəni kor kişinin oğlu adı ilə çağırılsa da, başqa sözlə, daha qəhrəmanın atası Alı kişinin adı çəkilməsə də, Alı adını eşidən kimi Koroğlunun atası xatırlanır. Mənbələrdə “al”, “alu” sözləri ilə əlaqələndirilir. Bəzi sözlərin qarşısında “al” işlənilməklə parlaqlıq ifadə olunur: alyanaqlı, alqırmızı və s. Bəzi dilçilərin fikrincə, aldatmaq feilinin əsasında duran “al” sözü də bədii ədəbiyyatda yalan, hiylə mənasındadır. Al ana bir mifoloji obraz kimi məlumdur. Alu, yəni alça sözü ilə də əlaqələndirilir. Məhz bu səbəbdən bir sıra mənbələrdə Alı şəxs adının albuxara, yəni Buxara gavalısı sözü ilə bağlılığı göstərilir. Alı şəxs adı ali, üstün olan mənasındadır. Alı kişi adı Azərbaycanda XX əsrin ortalarına qədər geniş yayılmış şəxs adlarından olmuşdur. Adın daşıyıcıları arasında XIX əsrdə aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmuş Aşıq Alının (1801-1911) şöhrəti hələ sağlığında Türkiyəyə, İrana, Dağıstan ellərinə yayılmışdı. XX əsrdə adın məşhur daşıyıcılarından “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatları laureatı, I Qarabağ müharibəsində ən qaynar nöqtələrdə reportajlar hazırlamaqdan çəkinməyən jurnalist Alı Mustafayevi (1952-1991) qeyd etmək olar. 20 noyabr 1991-ci ildə döyüş bölgələrinə növbəti reportaj hazırlamağa gedən fədakar jurnalistin olduğu hərbi vertolyot işğalçı erməni silahlıları tərəfindən vuruldu. Bir çox hökumət nümayəndələrinin də olduğu hərbi vertolyotda həlak olanlar arasında Alı Mustafayev də var idi. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALIŞAR azərb.

alıçar sözündən, alışmaq (qeyri-qəti gəl. zam. ş.) feilindəndir, yəni od tutmaq, alışıb yanmaq mənasındadır.

Azərbaycan antroponimikasında feil kökünə qeyri-qəti gələcək zaman şəkilçisinin əlavə edilməsi ilə düzələn şəxs adları kifayət qədərdir. Məsələn, Gülər (bax: ad – GÜLƏR), Sevər (bax: ad – SEVƏR), Anar (bax: ad – ANAR) və s. Alışar da belə adlardandır. Alışar kişi adı hər an alışa bilər anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Alışar bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALİ ərəb.

ali sözündəndir. Ali/Əli kişi adı uca, ali, ulu, yüksək mənasındadır. Əli antroponimi Həzrət Əli əleyhissəlamın adındandır.

İslamda xilafətin dördüncü xəlifəsi Əli ibn-Əbu Talib Rasiqi xəlifələrin dördüncü və axrıncısı, şiələrin isə birinci imamı olmuşdur. 651-ci ildə Xilafətə çatmış, 661-ci ildə ibn-Mülcəm tərəfindən öldürülmüşdür. İlk dəfə “Quran” ayələrində yazılan “Möminlərin başçısı” anlamını ifadə edən əmirələl-mömin fəxri adı şiələrin birinci imamı Əli ibn-Əbu Talibə məxsusdur. Künyələri Əbül-Həsən və Əbu Talibdir. Ləqəbi Əmirəlmöminin Əbu Turab, Heydər, Əsədullahdır. Kəbədə dünyaya gələn, birinci imam kimi qəbul edilən Əli Bədrdə Allahın Aslanı ləqəbini qazanmışdır. Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni, qızı Fatimənin əridir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, peyğəmbərin qızı və şərafətli ailədən olması səbəbiylə adlı-sanlı şəxslər Fatiməyə elçiliyə gəlir, lakin mənfi cavab alırdılar. Peyğəmbər onların cavabında belə buyurarmış: “Fatimənin işi Allahın əlindədir”. Peyğəmbər yalnız Fatimənin Əli ilə ailə qurmağa şəxsən razılıq verməsindən sonra bu nikaha xeir-duasını vermişdi. Bu gün də Əli kişi adı bir sıra türk xalqlarının dilində Ali formasındadır. Dilimizdə ali sözü mövcud olsa da, şəxs adı olaraq həmişə Əli şəklində olmuşdur. Əminliklə demək olar ki, VII əsrdən bəri Əli kişi adı dəbdən düşməmiş şəxs adlarındandır. Azərbaycan antroponimikasında həm də tərkibində Əli adının iştirak etdiyi kifayət qədər mürəkkəb kişi adları mövcuddur. Qeyd etmək lazımdır ki, addan formalaşmış Əliyev, Əlizadə, Əlili soyadları da bu gün Azərbaycanda kəmiyyət etibarilə ən öndəgedən soyadlar arasındadır. Əli şəxs adı ilə əlaqədar Azərbaycanda kifayət qədər toponim də mövcuddur. Əlikənd, Əlimədədli, Əliyanlı, Əliuşağı, Əliyoxuşu və s. Slavyanlarda Əli adı Alik formasındadır. Bu gün də Türk antroponimik vahidlər sistemində mövcud, İslam dini ilə əlaqədar kişi adlarından olan, daha dəqiq, Həzrət Əlinin adı bütün Şərqdə, müsəlman dünyasında olduğu kimi, məişətimizdə də çox geniş yayılmış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALİD fars.

alid sözündəndir. Alid kişi adı tutulmuş, mübtəla olmuş, vurulmuş, məftun olmuş mənasını ifadə edən Alidə (bax: ad – ALİDƏ) qadın adından (sonuncu hərfin atılması yolu ilə) formalaşmışdır.

Azərbaycan antroponimikasında qafiyə xatirinə qoyulan adlar sırasındadır. Məlum olduğu kimi, məişətimizdə dünyaya göz açan övladlara mənasına fikir verilmədən həmqafiyə adlar verilməsi ənənəsinə bu gün də rast gəlinir. Alid də bu sıradan olan şəxs adlarındandır. Ailədə atanın, yaxud qardaşlardan birinin adı Xalid və ya Validdirsə, əksər hallarda dünyaya gələn uşağa Alid adı qoyulur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti