Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ÜMMÜLBANU

ərəb. um sözü ilə əlaqədardır (bax: ad – UM). Ərəb dilindəki umm əl-banu ifadəsindəndir. Dilimizə tərcümədə əslində ilk qadın, birinci qadın, qadınların birincisi mənasındadır.

Azərbaycanda bir zamanlar Ummulbanu kimi mövcud olmuş, bu gün arxaikləşmiş qadın adının təhrif edilmiş forması olan Ümbülbanu sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün artıq məişətimizdə Ümbülbanu adının daşıyıcıları yalnız yaşlı nəslin nümayəndələridir. Adın daşıyıcılarından məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən olan Mirzə Əsədullayevin qızı, əsərləriniBanin təxəllüsü ilə yazan Ümmülbanu Əsədullayeva (bəzi mənbələrdə Ümm al-Banu, yaxud Um al-Banu, 1905-1992) Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı olmuşdur. Adı barədə Banin yazırdı: ”Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabi gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam onu doğma Bakıdan uzaq bir kəndə göndərir. Doğuş zamanı yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram”. Bu hadisədən sonra anasının şərəfinə qızını Um əl-Banu adlandırırlar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti