►Boş-bikar, işsiz dayanmaq, özünü işə verməmək, işə həvəssiz yanaşmaq.
İfadənin uzunqol geyimlə bağlı olduğu ehtimal edilir.
Bəzi ehtimallara görə, ifadə XVII əsr rus boyarlarının üst geyimi ilə bağlıdır. Bu geyim yarığı olan uzun, sallanan qollu idi və onun sahibinin fiziki əməyə həvəssiz olduğunu göstərirdi, çünki bu cür uzunqollu geyimlə işləmək narahatlıq yaradardı. Sadə adamlar isə əksinə, işləyən vaxtda qolçaqlarını qatlayırdılar.
İfadə bəzən «əl-qolunu sallamaq» şəklində də işlənir. Belə ehtimal edilir ki, bu deyim «qol» sözündən yaranmış «qolçaq» anlayışı ilə bağlıdır. Bizə tanış olan «qolçaqları açmaq», «qolçaqları çırmalamaq», «qolçaqları sallanmaq» və s. ifadələr uzunqol köynək geyinmək adətindən sonra işlədilməyə başlanmışdır. Qədimdə bir çox xalqlarda köynəyin qollarının uzunluğu kişilərdə 95, qadınlarda isə 130–140 sm-ə kimi olurdu. Təbii ki, belə geyimdə işləmək çətin idi və narahatlıq yaradırdı. İş yaxşı alınsın deyə qolçaqları çırmalamaq, yəni yuxarı qatlamaq lazım idi. Belə vəziyyətdə qolun və qolçağın vəziyyəti müəyyən mənada insanın işə münasibətini əks etdirirdi.
Buna görə də işini ləng, könülsüz, tənbəl kimi yerinə yetirənlər haqqında «qolçaqlarını sallayıb işləyir» deyirdilər. Cəld, fərasətli işçi haqqında isə «o, qollarını çırmalayıb işləyir» ifadəsi mövcud idi.
Məsəllər, deyimlər►Müəyyәn bir işdә, hadisәdә iştirak etmәdiyini, günahkar olmadığını bildirmək, cavabdehlikdən, məsuliyyәtdәn kәnar olduğunu nümayiş etdirmәk.
İfadə qədim adətlərdən və dini təsəvvürlərdən qaynaqlanır; məsələn, «İncil»dә göstәrilir ki, asmaq üçün İsanı camaata verən hökmdar Pilat özü hamının qarşısında әllәrini yuyaraq bu işdә günahkar olmadığını bildirmişdi. Bu qәdim adət qismәn dәyişsә də, mahiyyәtcә yenə yaşamaqdadır. İndi dә bәzi yerlәrdә meyiti basdırdıqdan sonra adamlar mütlәq әllərini yuyur vә sanki bununla mәrhumun ölmәsindә günahkar olmadıqlarını nümayiş etdirirlər.
Qәdim yәhudi vә latın xalqlarında belә bir adәt var idi ki, hakimlәr bir işə baxarkən әllərini yuyur, beləliklә, müәyyən qәrar çıxararkәn qərәzsiz olacaqlarını bildirirdilәr.
Qәdim yunanlarda günahdan təmizlәnmək üçün belə bir qayda mövcud idi: caninin әllәrini heyvanın (əsasən, donuzun) qanına bulayır vә sonra onu günahdan tәmizlәmək üçün əllərini yuyurdular. Bundan sonra isә qurban vә dua vasitəsilә Allahı rәhmә gәtirirdilər.
Başqa bir ehtimala görә, ifadә «Avesta»dakı bir məqamla әlaqədardır. Burada ölünün – meyitin natәmizliyi (bәlkә dә, meyiti yumaq ayini buna görə icra edilir) və onu təmizləmək qaydaları haqqında geniş danışılır. Meyiti basdırandan sonra natәmizliyi kənar etmәk üçün yuyunurmuşlar. Çünki «Avesta»ya görә, ölüm pisliyin bәdәndә təntәnәsi deməkdir.
Məsəllər, deyimlər►Etibar edib əmanət verən adamın etimadını doğrultmaq, nə olursa olsun, həmin əmanətə toxunmağın yasaq olduğunu bildirən ifadə.
Bu deyim xalq arasında dolaşan qədim bir əhvalatdan qaynaqlanır.
Bir gün hamama gedən bir kişi yolda dostuna rast gəlir və onu da hamama dəvət edir. Lakin dostu işi olduğunu və ona yalnız hamamın qapısına qədər yoldaşlıq edə biləcəyini söyləyir. Hamama yaxınlaşanda dostu xəbərdarlıq etmədən yolunu dəyişib başqa tərəfə gedir. Təsadüfən bunların dalınca bir oğru da öz işləri üçün hamama gedirmiş. Birdən kişi geri baxır. Artıq hava qaraldığından yanındakının üzünü aydın görmür və onu dostu sanıb qurşağından çıxardığı bir kisə qızılı ona verib deyir ki, hamamdan çıxana kimi qızıllara göz-qulaq olsun. Oğru qızılları alıb kişi hamamdan çıxana kimi qapıda gözləyir.
Kişi hamamdan çıxanda oğru yaxınlaşıb kisəni ona uzadır. Kişi təəccüblə onun kim olduğunu soruşduqda o, oğru olduğunu, kişinin isə qızılları ona əmanət etdiyini xatırladır. Kişi oğrudan qızılları nə üçün aparmadığını soruşur. Oğru isə belə cavab verir:
– Əgər qızılı öz peşəmin köməyi ilə ələ keçirsəydim, qaytarmazdım. Lakin sən alicənablıq edib bunu mənə əmanət etmisən, mən də nanəciblik edib ona xəyanət edə bilməzdim.
Məsəllər, deyimlər►Əsl niyyətin gizlədilməsinə, hansısa eybəcərliyin, eyibin, qüsurun ört-basdır olunmasına kömək edən vasitə.
İfadə «İncil» mifologiyasından, burada təsvir olunan süjetlərdən qaynaqlanır.
«İncil»ə görə, Adəm və Həvva Cənnətdə çılpaq idilər və bundan utanmırdılar. Yalançı ilan onları xeyir və şəri dərk eləməyə kömək edən ağacın qadağan olunmuş meyvələrindən dadmağa razı saldı və onlar öz çılpaqlıqlarından utandılar. Onda onlar əncir ağacının yarpağı ilə bədənlərinin intim yerlərini örtdülər.
XVI–XVIII əsr heykəltəraşları həmin əhvalatın motivlərindən istifadə edərək düzəltdikləri çılpaq heykəllərdə bədənin intim yerlərini əncir ağacının yarpaqları ilə örtdülər. Bu, incəsənətdə çılpaqlığı göstərməyi günah sayan kilsənin tələbi ilə edilirdi.
Sonralar «əncir yarpağı» ifadəsi «hansısa bir ədəbsizliyin riyakarcasına gizlədilməsi», yaxud «əsl niyyətin və ya bir işin vəziyyətinin gizlədilməsi», «eyibin örtülməsi» kimi məcazi məna verməyə başladı.
Məsəllər, deyimlər►Ümumi, vahid bir hakimiyyətə və ya ümumiyyətlə, başqasına tabe olmamağı, etina etməməyi bildirən ifadə.
İfadə orta əsrlərdə yaranıb və Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən sayılan Ərdəbilin adı ilə bağlıdır.
Savalan dağı yaxınlığında gözəl bir vahədə salınmış Ərdəbil şəhəri XVI əsrdә bütün İranın, sonralar isə (ta XIX әsrə qədər) eyniadlı xanlığın mәrkәzi olmuşdur. Səfəvilәr sülalәsinın banisi olan Şeyx Səfinin XV әsrdə tikilmış məqbәrәsi də bu şəhərdədir.
İfadə də məhz Səfəvilərin hakimiyyəti dövründə yaranmışdır. XV–XVI әsrlәrdә Ərdəbilә toplanmış qızılbaşlar faktik olaraq dövlət һakimiyyətinә tabe olmayıb müstəqil һәrəkət edirdilər. Yəni һər kәs öz vәkili idi.
İfadə Cənubi Azərbaycanda qarma-qarışıqlığı, xaosu, hakimiyyətsizliyi bildirmək məqsədilə tez-tez işlənir.
Məsəllər, deyimlər►Hirsləndirmәk, acıqlandırmaq, dəqiqəbaşı qıcıqlandırmaq.
İfadə qədim həkimlərin insan əsəblərini simli musiqi alətlərinə bənzətməsi ilə bağlı yaranmışdır.
Tarixdәn mәlumdur ki, çox-çox qәdimlәrdә də simli musiqi alәtlәri mövcud olmuşdur. «Sim» isә latın dilindә «nervus» (әsәb) demәkdir. O zaman hәkimlәr bәdәndә әsәblәrin olduğunu müәyyәn etmişdilәr ki, bu әsәblәr simә bәnzәyirdi. Romalılar әsәbi elә-belә dә «sim» deyә adlandırırdılar. Bu vaxta qәdәr musiqi simlәri ilә әlaqәdar olan bir sıra ifadәlәr indi әsәblәrlә bağlanmışdır. «Sarı simә toxunmaq» ifadəsi dә bununla әlaqәdardır.
Bu ifadә ilə yanaşı, dilimizdə işlənən «әsәblәri pozulmaq», «әsәblәri gәrilmәk, dartılmaq», «әsәblәri korlanmaq» kimi ifadәlәr də musiqi alətləri ilə bağlı meydana çıxmışdır.
Adәtәn, әsәbi simlә yanaşı xatırladır, bunları bir-biri ilә müqayisә edirlәr.
Məsəllər, deyimlər►Məsələni ayırd etməmiş adamı haqsız cəzalandırıb sonra onun etdiyi hərəkətin cinayət olmadığını təəssüflə bildirən ifadə.
İfadə xalq arasında yayılmış əhvalatla bağlıdır.
Əhvalatda deyilir ki, evə gəlmiş qonaq çay-çörək yeyib-içəndən sonra ev yiyəsi ilə söhbət edir. Hər ikisi olub-keçəndən, başlarına gələndən gecəyarısına qədər danışır. Ev yiyəsinin arvadı da oturub onlara qulaq asırmış.
Birdən ev yiyəsi fikir verib qonağın əsnədiyini və bundan bir qədər keçməmiş arvadın da əsnəməyə başladığını görür. Bu iş bir neçə dəfə təkrarlanandan sonra ev yiyəsi burada bir sirr olduğunu və onların bir-biriylə işarə ilə danışdıqlarını yəqin edir.
Arvadının bu hərəkətindən əsəbiləşən ev yiyəsi onu aparıb samanlıqda öldürür və özü evə qayıdır. Heç bir hadisə baş verməyibmiş kimi yenidən qonaqla üz-üzə oturub söhbətə başlayır. Qonaq yenə bir qədər danışdıqdan sonra əsnəyir, bu dəfə əsnək ev yiyəsinə də keçir: o özünü saxlaya bilməyərək tez-tez əsnəməyə başlayır. Yalnız bu zaman arvadını nahaq yerə öldürdüyünü başa düşür. Gördüyü işdən peşman olaraq özünə deyir: «Əsnək əsnək gətirər, heyif samanlıqdakına».
Məsəllər, deyimlər►Kimisə birinin tam ixtiyarına verməyi, etibar edib bütünlükdә ona həvalə etməyi vurğulamaq məqsədilə işlədilən ifadə.
İfadə qədimlərdə ölmüş adamın ətini və sümüyünü bir-birindən ayırmaq adəti ilə bağlı meydana çıxmışdır.
XII әsrdә yaşamış әrәb sәyyahı əl-Qәrnati (1080–1170) yazmışdır: «Dәrbәnd yaxınlığında, böyük bir dağın әtәyindә iki kәnd vardır. Burada yaşayanlar müharibәdә istifadә etmәk üçün (lazım olan) bütün zirehlәrdәn: dәbilqә, qılınc (nizә), yay, ox, xәncәr vә misdәn olan başqa alәtlәr düzəldirlər. Onların qadın, uşaq, qız, qul vә kәnizlәri bu sәnәti bütünlükdә öyrәnirlәr...
Hәmin adamlardan biri öldükdә əgər ölәn adam kişidirsә, meyiti yerin altında yaşayan adamlara verir, hәmin adamlar da meyiti әzalarına doğrayır, nәticәdә yalnız әtindәn ayrılmış sümüklәr vә beyin qalır. Ölünün әtini yığır vә qara qarğalara yedirirlәr. Ölən qadındırsa, yenə hәmin adamlar onun sümüklәrini ayırır, әtini quzğunlara yedirirlər».
Şərqşünas V.Bartold hәmin dәfn mәrasiminin İran mәnşәli olduğunu güman edir. N.Vәlixanlı isə yazır ki, əl-Qәrnatinin tәsvir etdiyi bu mәrasim başqa formalarda digәr türk xalqlarında da tәsadüf olunurdu (xüsusilә Tibetdә). Xalq arasında indi dә yaşayan «әtini versәm dә, sümüyünü atmaram» mәsәli, çox güman ki, bu mәrasimlә әlaqәdardır.
Adәtәn, valideynlәr öz övladını bir işә vә ya mәktәbә qoyanda uşağın gәlәcәk hamisinә (ustası, ağası, müәllimi) müraciәtlә bu sözlәri deyirdilәr. Bu sözlər, bir növ, müqavilə rolunu oynayırdı.
Әslindә, «Әtini yeyib sümüyünü atmamaq» (sona qәdәr pislik etmәmәk, cüzi dә olsa yaxşılığı dәymәk) ifadәsi dә göstәrilәn qәdim adәtlә bağlıdır.
Məsəllər, deyimlər►Kiminsə bir məsələyə hədsiz emosional və aqressiv yanaşmasını, kəskin mənfi reaksiyasını yarızarafat və kinayə ilə bildirmək üçün işlədilən ifadə.
İfadə ötən əsrin 60–70-ci illərində geniş yayılmış «Fantomas» macəra filmindən (Fransa, 1965) qaynaqlanaraq məşhurlaşmışdır.
Yazıçı Marsel Alenin ələkeçməz və hiyləgər cinayətkar olan Fantomas haqqında silsilə romanlarının birincisi 1911-ci ildə, axırıncısı isə 1962-ci ildə çap olunub. Rejissor Andre Yunebelin çəkdiyi film isə (ssenari müəllifləri J.Alen və P.Fuko) Fantomas obrazını daha da məşhurlaşdırmışdır.
Məşhur deyim filmdə polis komissarı Jüvün (aktyor L. de Fünes) dilindən səslənir. O, Fantoması tutmaq üçün daim əcaib, həyata keçirilməsi mümkün olmayan planlar qurur. İstənilən situasiyadan məharətlə çıxmağı bacaran çevik və ağıllı Fantomas hər dəfə polisləri çıxılmaz vəziyyətə sala bilir. Komissara yalnız bu dahi cinayətkarın tətbiq etdiyi texnologiyalara heyrətlənmək qalır.
Məsəllər, deyimlər►Çәrənçi, zәvzәk, gәvәzә adamlardan qaçıb canını qurtarmağa çağırış kimi işlədilən ifadə.
İfadә mәşһur Azәrbaycan xalq nağılından yayılaraq ümumilәşdirilib.
Müxtәlif variantlarda vә müxtәlif adlarla («Züleyxa», «Dilli arvad», «Dad Xanpәrinin әlindәn», «İlan vә arvad») yayılmış olan bu nağılda ilanla bir quyuda qalan dilli arvaddan, bu arvadın çәrәnçiliyi, çox danışması ilә hәtta ilanı da bezdirməsindәn bәhs edilir. İlan onu quyudan çıxaran adama vəd verir ki, mәnim dalımca saraya gәlərsәn. Mәn gedib padşaһın qızının boynuna dolanacağam, nә qәdər ovsunçu gәlsә dә, onun boynundan açılmayacağam, sәn gәlәn kimi çәkilib gedәcәyәm. Belәliklә, sәn şahdan istәdiyin qәdәr xәlәt alarsan.
İlan onu çərәnçi Fatmanın әlindәn xilas edәn şәxsә bir neçә dәfә bu yolla yaxşılıq edir. Axırda isә bәrk-bәrk tapşırır ki, daha mәn dolandığım adamın yanına gәlmәyәsәn. Yoxsa səni dә çalaram. Lakin kişi ilana verdiyi sözü pozmalı olur vә onun yanına gedir. İlanın qәzəblәndiyini gördükdә ona deyir: «Mәn gәldim sənә xәbәr verәm ki, Fatma quyudan çıxıb buraya gәlir. Tez qaç, canını qurtar». Bu sözlәri eşitcәk ilan qızın boynundan açılıb qaçır.
Məsəllər, deyimlər►«Hökmdarların verdikləri fərmanlar, qanunlar ötəridir, qorumağa borclu olduğumuz müqəddəs Vətən torpağı isə əbədidir» mənasında işlədilən deyim.
İfadə Anadolu türkmənlərinin məşhur xalq ozanı Dadaloğlunun (təxm. 1875–1868) eyniadlı şeirindən qaynaqlanaraq geniş yayılmışdır.
Həqiqi adı Vəli olan Dadaloğlu xalq arasında həm də Osmanlı dövlətinin Anadolu türkmənlərini oturaq həyat tərzinə keçməyə məcbur etmək siyasətinə qarşı davamlı mübarizə aparmış qəhrəman kimi tanınır.
Güney Anadoluda Toros dağlarında doğulmuş Dadaloğlu oğuzların Əfşar boyundan idi. Bu qəbilə binadan köçəri həyat sürürdü. Ona görə də Osmanlı hökumətinin onları oturaq həyata məcbur etmək üçün başqa vilayətlərə köçürməsi xalqın ciddi etirazlarına səbəb olmuşdur. Dadaloğlunun şeirləri əfşarların etiraz səsi idi. Bu səs xalqın minillik yaddaşını, tarixini, yaşam tərzini, həmçinin xalqın mübarizə əzmini ifadə edirdi:
Belimizdə qılıncımız girmani,
Daşı dələr mizrağımın təmrəni!
Haqqımızda dövlət vermiş fərmanı,
Fərman padşahındır, dağlar bizimdir!
Bu etirazlardan sonra Osmanlı hökuməti əfşarlara kənd təsərrüfatı üçün münbit ərazilər verdi. Amma yenə də mübarizə davam edirdi. Xalq hökuməti ədalətsiz qərarını ləğv etmək üçün çalışır, dəmir iradə nümayiş etdirirdi. «Dadaloğlu, yarın qovğa qurulur» deyən xalq ozanı da bu mübarizənin önündə olmuşdur. Onun xalqın mübarizə əzmini ifadə edən «Fərman padşahındır, dağlar bizimdir» misrası uzun illər doğma torpaqlara qayıtmaq uğrunda çarpışan xalqın şüarına çevrilmişdir.
Məsəllər, deyimlər►Uğursuzluğa düçar olmaq, ümidləri boşa çıxmaq, məqsədinə nail olmamaq.
İfadə italyan aktyoru Arlekin Biankonellinin tamaşa vaxtı böyük butulka ilə etüd göstərmək cəhdi uğursuzluğa düçar olduqdan sonra yaranmışdır.
Məşhur aktyor, adətən, səhnəyə müxtəlif əşyalarla çıxar və onlarla fərqli nömrələr göstərərək tamaşaçıları güldürərmiş. Bir dəfə A.Biankonelli səhnəyə samana bükülmüş ikilitrlik butulka ilə çıxır, amma düşündüyü fokusu reallaşdıra bilmir. Bu zaman özünü itirməyən aktyor butulkanı yuxarıya qaldıraraq «bütün günahlar səndədir» deyir və onu çiyinləri üzərindən arxaya atır. Bu hərəkət tamaşaçıların çox xoşuna gəlir. O vaxtdan bəri artistlər hər hansı uğursuzluğa düçar olanda deyirdilər: «Bu, Biankonellinin fiaskosudur». Sonralar ifadə İtaliya hüdudlarından kənara çıxdı, aktyorun adı oradan götürüldü və «fiasko» sözü təkcə səhnədə deyil, digər işlərdə də uğursuzluğu, iflası bildirməyə başladı.
Dilimizə rus dili vasitəsilə keçmiş bu ifadə müasir dövrdə yazıda və şifahi nitqdə geniş işlənməkdədir.
Məsəllər, deyimlər►Müxtəlif hərəkət və ya söhbətlərlə həmsöhbətin diqqətini əsas məsələdən, problemdən yayındırmaq.
İfadə çox adama yaxşı tanış olan diş ağrısı ilə bağlı yaranmışdır.
İnsanlarda diş ağrısı bütün zamanlarda olmuşdur. Bəziləri həkimlərə müraciət edir, bəziləri isə bitkilər, ovsunlar və sehrlərlə özünəməxsus müalicə üsulları olan bilicilərin yanına gedirdi. Həmin sehrbazlar dişi ağrıyan adamı ovsunlayır, psixoloji təsir göstərməklə diş ağrısını sovuşdura bilirdilər. Hərdən elə olurdu ki, bu ovsundan sonra diş ağrısı keçib-gedir və insan rahatlanıb razı qalırdı.
Zaman keçdikcə «dişləri ovsunlamaq» ifadəsi «yanıltmaq, aldatmaq» mənasını verməyə başladı. Dişlərlə digər frazeoloji birləşmələr də əlaqədardır: «dişləri rəfə qoymaq» – yəni aclıqdan əziyyət çəkmək, «dili dişlərin arxasında saxlamaq» – susmaq, «dişlərində ilişib qalmaq» – bezdirmək.
Məsəllər, deyimlər►Kimisə əsassız yerə günahlandırmaq üçün cəfəng ittihamlar irəli sürüldüyünü bildirən ifadə.
İfadə Rusiyanın ucqarlarında baş vermiş yəhudi talanları ilə bağlı yaranmışdır.
Çar Rusiyasının cənub şəhərlərindən birində yəhudi talanları gedir. Talançılar bir yəhudi evinə girib talana bəhanə üçün dərhal ailəni xristianlığa hörmətsizlikdə günahlandırmağa başlayırlar. Ev sahibi səliqə ilə bükülü xaç və «İncil» kitabını göstərərək əksini sübut edir. Bu zaman onları çara hörmətsizlikdə ittiham etməyə başlayırlar. Yəhudi çar Nikolayın divardan asılı olan portretinə işarə edərək bu iddianın da əsassız olduğunu göstərir. Bu bəhanə də işə yaramayınca talançılardan biri ömründə ilk dəfə gördüyü pianoya yaxınlaşaraq qapağını qaldırır və soruşur:
– Niyə bunun özü qara, dilləri isə ağdır?
Ev sahibi deyir:
– Pianonun dilləri fil dişindən hazırlandığı üçün ağdır.
Elə bu zaman talançılar bir ağızdan çığırırlar: «Lənətlənmiş yəhudi! Bədbəxt fili niyə öldürmüsən?»
Bunu deyib başlayırlar həmin adamın evini yağmalamağa.
Məsəllər, deyimlər►Ətrafda baş verənləri vecinə almadan öz kefində olan, həyatın mənasını əyləncədə görənlər haqqında işlədilən ifadə.
İfadə «Azərbaycanfilm»in istehsalı olan «Şərikli çörək» filmindəki (1969) bir epizodla əlaqədar yaranmışdır.
Binanın həyətinə gələn fokusgöstərən aparat vasitəsilə müxtəlif fotolar nümayiş etdirir. O bu xidmət üçün izahsız iki manat, izahlı olaraq üç manat alır. Təsvirlər nümayiş etdirilərkən həmin şəxs «Jeneva şəhəri», «Madam-madmazel», «Baden-Badenin mavi gecələri» kimi ifadələr işlədir. Əlində çətirlə şəhərin üzərində havada təsvir edilən kişi rəsmini isə «Fransız xalqı kef eləyir» deyərək şərh edir.
İndi də adamlar əyləncə yerlərində, ziyafətlərdə bir-birini görərkən «fransız xalqı kef eləyir», yaxud «Paris əhli kefdədir» ifadələrini işlədirlər.
Məsəllər, deyimlər