Reklam
Reklam

Məsəllər, deyimlər

ƏLLƏRİNİ YUYUB OTURMAQ

►Müəyyәn bir işdә, hadisәdә iştirak etmәdiyini, günahkar olmadığını bildirmək, cavabdehlikdən, məsuliyyәtdәn kәnar olduğunu nümayiş etdirmәk.

İfadə qədim adətlərdən və dini təsəvvürlərdən qaynaqlanır; məsələn, «İncil»dә göstәrilir ki, asmaq üçün İsanı camaata verən hökmdar Pilat özü hamının qarşısında әllәrini yuyaraq bu işdә günahkar olmadığını bildirmişdi. Bu qәdim adət qismәn dәyişsә də, mahiyyәtcә yenə yaşamaqdadır. İndi dә bәzi yerlәrdә meyiti basdırdıqdan sonra adamlar mütlәq әllərini yuyur vә sanki bununla mәrhumun ölmәsindә günahkar olmadıqlarını nümayiş etdirirlər.

Qәdim yәhudi vә latın xalqlarında belә bir adәt var idi ki, hakimlәr bir işə baxarkən әllərini yuyur, beləliklә, müәyyən qәrar çıxararkәn qərәzsiz olacaqlarını bildirirdilәr.

Qәdim yunanlarda günahdan təmizlәnmək üçün belə bir qayda mövcud idi: caninin әllәrini heyvanın (əsasən, donuzun) qanına bulayır vә sonra onu günahdan tәmizlәmək üçün əllərini yuyurdular. Bundan sonra isә qurban vә dua vasitəsilә Allahı rәhmә gәtirirdilər.

Başqa bir ehtimala görә, ifadә «Avesta»dakı bir məqamla әlaqədardır. Burada ölünün – meyitin natәmizliyi (bәlkә dә, meyiti yumaq ayini buna görə icra edilir) və onu təmizləmək qaydaları haqqında geniş danışılır. Meyiti basdırandan sonra natәmizliyi kənar etmәk üçün yuyunurmuşlar. Çünki «Avesta»ya görә, ölüm pisliyin bәdәndә təntәnәsi deməkdir.

Məsəllər, deyimlər