Reklam
Reklam

Məsəllər, deyimlər

RƏHMƏT DÜZƏNƏ, LƏNƏT POZANA

►Yaxşılıq edən insanın hər zaman rəğbətlə, pislik edən insanın isə lənətlə xatırlandığını bildirən ifadə.

İfadə xalq arasında yayılmış ibrətamiz bir rəvayətdən qaynaqlanır.

Rəvayətə görə, Yer üzündə suyun sel olub insanlara fəlakət gətirdiyi, odun isə meşələri, elləri yaxıb qovurduğu bir zamanlarda məskənlərindən, yurd-yuvalarından didərgin düşən insanlar əl açıb Allaha dua edirlər. Ondan imdad diləyirlər. Hər zaman məzlumun imdadına yetən Tanrının hökmü ilə insanların harayına çatmaq üçün Yer üzünə vicdan nazil olur. Vicdan təbiət qüvvələrinə onların öz güclərini xeyir yolunda necə sərf edəcəklərini başa salır. Yollarını azmış od və suya haqq yolunu göstərir. Onlara yaradılışlarının əsl məqsədini, dünyaya gələnin yaratmalı olduğunu xatırladır.

O gündən od, su və vicdan yoldaş olurlar. Əl-ələ verib dünyanı dolaşırlar. Səhralara su verirlər, şaxtalı-boranlı diyarlara istilik gətirirlər. Bütün dünyanı sevinclə doldururlar. İnsanlar məskənlərinə qayıdırlar. Odun ətrafında toplaşırlar. Müdrik qocaların səsi eşidilir:

– Rəhmət düzənə, lənət pozana.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

RUZUNU VERƏN ALLAHDIR

►«Allah dolanmaq üçün hər kəsə bir yol göstərir, ondan bəhrələnmək üçün ağıl işlədə bilmirsə, bu, insanın öz fərsizliyindəndir» mənasında işlədilən ifadə.

İfadə xalq arasında yayılmış bir maraqlı rəvayətlə bağlıdır.

Rəvayətdə deyilir ki, keçmiş zamanlarda var-dövləti iki öküz və bir cütdən ibarət olan, ailəsini halal zəhmətlə dolandıran bir əkinçi varmış. Kişi inanırmış ki, öz əlinin bəhrəsi ilə güzəranını yaxşılaşdıracaq, amma illər keçsə də, dolanışığı düzəlmir. Nəhayət, bir gün kişi qərara gəlir ki, gedib Allah-taalaya şikayət etsin, ondan ruzu istəsin.

Bu niyyətlə evdən çıxan əkinçinin başına yolda müxtəlif hadisələr gəlir. Əvvəlcə yaxşı becərilmiş zəminin kənarında bir əkinçi ilə rastlaşır. Əkinçi onun niyyətini bildikdən sonra nəql eləyir ki, bəs hər dəfə taxılı becərib qulluq edir, biçin vaxtı yetişəndə isə tarla od tutub alışır. Xahiş edir ki, bunun səbəbini Allahdan soruşsun. Sonra kişini tutub padşahın hüzuruna gətirirlər, əhvalatı biləndən sonra padşah onu buraxdırır və deyir ki, mənim də dərdimi Allaha çatdır, söylə ki, niyə mən bu qədər varlı və güclü olduğum halda həmişə davada düşmənə basılıram. Şahın adamları kişini sərhəddən o üzə ötürəndə bir canavarla qarşılaşır. Canavar da kişidən «Allah mənə yem göndərsin» xahişini edir.

Kişi yoluna davam edir. Birdən göy guruldayır, şimşək şaqqıldayır, qeybdən gələn bir səs ondan kimi axtardığını soruşur. Kişi səcdə edib Allahı görmək istədiyini, ondan özünə ruzu diləyəcəyini bildirir. Səs ona Allahın özü olduğunu və artıq ruzusunu verdiyini söyləyir. Kişi yolda qarşılaşdıqlarının da dərdlərinə çarə istəyir. Səs deyir: «Əkinçinin tarlasının ortasında qızıl basdırılıb, yanğını onun qığılcımları törədir, qazıb çıxarsın. Padşah qızdır, ərə getsə, qoşunu basılmayacaq, canavara isə ağılsız insanları yem kimi verirəm».

Kişi şükür edib yola düzəlir. Əkinçinin yanına gəlib dərdinin çarəsini ərz edir. Birlikdə qızıl küpünü qazıb çıxardırlar. Sonra isə taxılları biçirlər. Əkinçi qızılları tən yarı bölməyi təklif edir. Kişi imtina edib deyir ki, Tanrı onun da ruzusunu verib və yola davam edir.

Gəlib çıxır padşahın hüzuruna. Ona qız olduğunu, ərə getsə, qoşunun daha məğlub olmayacağını deyir. Padşah sirri bildiyi üçün ona evlənməyi və ailəsini də gətirib onun ölkəsində yaşamağı təklif edir. Kişi isə razı olmur.

Evinə çatanda yenə qarşısında bir qaraltı peyda olub canavara çevrilir. Canavar onu yeyəcəyini bildirir. Kişi təəccüblə niyə belə etdiyini soruşur. Canavar isə belə cavab verir:

– Ona görə ki ağılsızsan. Yoxsa qızılları bölərdin, ya da padşahı alardın. Allah sənin ruzunu verdi, amma sən qanmadın.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər