Reklam
Reklam

Məsəllər, deyimlər

ÖKÜZÜ ÖLDÜRÜB ADI ÜSTÜNDƏN GÖTÜRMƏK

►Hünər, şücaət göstərib ad almaq və ya özünü sübut etmək.

İfadə qədim türk xalqlarının yazılı abidələrindən qaynaqlanır.

Qәdim dövrdə yetkinlik yaşına çatmış oğlanlar uşaqlığını geridə qoyub qəbilə üçün dəyərli olduqlarını sübut etməli və yeni ad almalı idilər. Amma türk xalqlarında gәnclik adını almaq asan deyildi, bunun üçün mütlәq qәhrәmanlıq və şücaət göstәrmәk lazım gəlirdi: çox vaxt meydanda öküz və ya qızmış buğa ilə tәkbәtәk döyüş tәlәb olunurdu.

Bu baxımdan «Kitabi-Dәdә Qorqud» boylarında uşaqlıq adını üstündәn götürmәk, yeni ad almaq üçün gәnclәrin igidlik göstәrmək adәtlәri haqqında çoxlu mәlumat vardır; məsələn, Dirsә xanın oğlu böyük bir meydanda xüsusi olaraq bәslәnib qızmış buğa ilә vuruşur vә onu öldürür. Yalnız bundan sonra Dәdә Qorqud ona ad verir vә atasına deyir: «Bayandır xanın ağ meydanında bu oğlan cәng etmişdir. Bir buğa öldürmüşdür. Sәnin oğlunun adı Buğac (xan) olsun».

Belә hallarda öldürülmüş heyvanın (öküz, buğa və s.) әti bişirilәr, tәntәnәli qonaqlıq verilәrdi. Bu qonaqlıq әvvәlki adın unudulması, şәxsin yeni ad alması şәrәfinә tәşkil olunardı.

Qәdim yunanlarda da «öküz oyunu» olmuşdu. E.ə. 1500-cü ildә Knoss sarayında çәkilmiş mәşhur bir rәsm әsәri şәrti olaraq «Akrobat vә öküz» adlandırılmışdır. Burada hücuma keçәn öküz vә onun üstündәn tullanan akrobat tәsvir olunur. Öküzlә döyüş, özü dә yumruqla tәkbәtәk öküzün qarşısına meydana çıxma qәdim yunanlarda әn maraqlı vә sevimli idman növlәrindәn hesab olunurdu.

Məsəllər, deyimlər

ÖLMƏK İSTƏYİRSƏN, GET MAZANDARANA

►Bir yerin, ərazinin daha qorxunc, dəhşətli olduğuna, oranın yalnız xoşagəlməz insanlar üçün yaradığına işarə ilə deyilən ifadə.

İfadə qədim dövrlərdə «divlər ölkəsi» kimi tanınmış Mazandaranın fəlakət və ölüm şəhəri olması barədə inanclardan yaranmışdır.

Xәzәr dənizinin cәnub sahillәrindә yerlәşmiş Mazandaran tarixi salnamələrdə yadellilәr üçün alınması çәtin olan bir istehkam kimi təsvir olunur. Onun adı daha çox әrәblәrin islam dinini yaymaq üçün apardıqları müharibәlәrdә çəkilir. Qeyd olunur ki, öz müstәqilliyini qoruyub-saxlamış ölkə kimi Mazandaran islam hәrәkatına әks çıxanlar üçün bir istinadgaha çevrilmişdi. Şәrqdәn möhkәm sәdlәr vә istehkamlarla әhatә olunmuş Mazandaran yalnız yüzillik mübarizәdәn sonra әrәblәrә tabe edilmişdi.

Çox qorxulu yer kimi tәsvir edilәn Mazandaran qәdimdәn bәri «divlәr ölkәsi», «ağ divin mәkanı» vә s. şәkildә adlandırılmışdır. Tarixi әfsanәlәrә görә («Şahnamә»dә tәsvir edildiyi kimi), Keykavus mövqeyinin bәrkliyi, әhalisinin mәtanәt vә cәsarәtliliyi ilә mәşhur olan Mazandarana qoşun çәkmiş, lakin orada әsir düşmüş vә yalnız Rüstәm-Zalın sayəsində әsirlikdәn xilas edilmişdi.

«Avesta»da «mazan divlәri»ndәn bәhs olunur ki, bunun da Mazandaran olduğu ehtimal edilir. M.F.Axundzadə də «Aldanmış kәvakib» әsәrindә bir-biri ilә cәng edən qədim İranın pәhlәvanları vә Mazandaran divlәrindən bəhs etmişdir.

Məsəllər, deyimlər

ÖLMÜŞDÜ XANKİŞİ...

►Bütövlükdə bir işi yarıtmayan, amma həmin işin kiçik detalı ilə bağlı lovğalanan adamlar haqqında istehza ilə işlədilən ifadə.

İfadə sovet dövründə Qarabağ bölgəsindəki rayonların birində bir milis işçisinin başına gəlmiş hadisə ilə bağlı yaranmışdır.

Xankişi adlı fağır və çəlimsiz bir milis işçisi həbsxanada dustaqlara nəzarətçi işləyirmiş. Bir gün həbsxanada dustaqlara günorta yeməyinin gətirilməsi ilə bağlı ciddi problem olur. Ona görə də türmə rəisi Xankişini çağırır və rayon sakini olan cantaraq dustaqlardan birini də kömək üçün ona qoşub yaxınlıqdakı kafelərin birinə yemək dalınca göndərir. Məsafə yaxın olduğuna görə dustaqla Xankişi piyada gedirlər.

Sən demə, dustaq həbsxanaya haqsız düşdüyü üçün qaçmağa fürsət axtarırmış. Ona görə də bir körpüyə çatanda dustaq fürsəti fövtə verməyib bir yumruqla Xankişini yerə sərir. Sonra da onun üstündəki tapançanı qoburundan götürüb çay boyunca qaçaraq kolluqlarda yoxa çıxır.

Xankişi bir azdan özünə gəlib tez başılovlu rəisin yanına qaçır və olanları danışır. Rəis silahın da qaçırıldığını biləndə sual verir ki, o köpəyoğlu tapançanı qoburu ilə apardı, yoxsa onsuz. Xankişi bu yerdə qürrələnərək deyir:

– Rəis, nə danışırsız, ölmüşdü Xankişi, tapançanı verə, üstəlik də qoburu. Mən ona qobur verərəm?!

Tezliklə bu söhbət yayılaraq dillərə düşür. İfadə isə tam olaraq «ölmüşdü Xankişi, tapançanı verə, üstəlik də qoburu» şəklində yayılır.

Məsəllər, deyimlər

ÖZ ARŞINI İLƏ ÖLÇMƏK

►Bir şeyə öz baxış bucağından yanaşmaq, nəyi isə öz qabiliyyәti, öz səviyyəsi və öz zövqünә uyğun qiymәtlәndirmәk.

İfadə qədim insanların uzunluq ölçüləri ilə bağlı təsəvvürlərindən qaynaqlanır.

Uzunluq ölçüləri heç də həmişə indiki kimi dәqiq olmamışdır. Çox qәdimdən dilimizdə işlәnәn «arşın» sözü farsca «ərəş//ərş» sözündən olub «dirsәk» mәnasına gəlir. Məlumdur ki, әn müxtəlif xalqlarda uzunluq ölçülәri bәdәn һissәlәrinin adlarından әmәlә gәlmişdir. Vaxtilә һәr kəsin dirsəyinin uzunluğu bir ölçü vahidi olaraq qәbul edilmişdi. Adamların isә heç dә hamısının dirsәyi bir ölçüdә, bir bәrabərdə deyil. Hәr kәs bir şey satanda vә ya alanda tanımadığı, yad arşınla deyil, məhz özünün dirsəyi (arşını) ilә ölçməyi tәklif edәrdi. İfadәnin yaranması da bununla әlaqədardır.

Türk dilində geniş işlənən «arşın» sözü qədim zamanlarda rus dilində də mövcud idi: o dövrdə təxminən 71 sm edən və 16 düymə bərabər olan ölçü vahidini bildirirdi. Rus tacir və fəhlələri öz işlərində eyni ölçüdə olan metal, yaxud taxta xətkeşlərdən – arşınlardan geniş istifadə edirdilər. İlk dövrlərdə arşınları kəndlərdə kustarlar düzəldirdilər və onlar dəqiqliyə elə də diqqət yetirmirdilər. Buna görə də alış-veriş zamanı hər kəs tanımadığı arşından istifadə etməkdən qorxur, «öz arşını»nı təklif edirdi. «Rus arşını», «xan arşını», metr kimi ölçü vahidləri sonralar əmələ gəlmişdi.

Məsəllər, deyimlər