Reklam
Reklam

Məsəllər, deyimlər

YELPİYİ QOYUB BAŞINI YELLƏMƏK

İşin çəmini bilməmək, qavrayışı zəif olmaq, incəliklərdən baş çıxarmamaq.

İfadə xalq arasında Mola Nəsrəddinlə bağlı əhvalatdan qaynaqlanaraq yayılmışdır.

Əlinin aşağı olduğu günlərin birində Molla həyət-bacasına dağılmış toyuq, qaz, ördək lələklərini toplayıb rəngləyir və yelpik düzəldib satmaq qərarına gəlir. Belə də edir və bir neçə yelpik düzəldib bazara satmağa gətirir. Yay vaxtı olduğundan yelpiklər yaxşı satılır. Yelpiklərin yaxşı satılmağından həvəslənən Molla iki gündən sonra yenə bazara xeyli yelpik çıxarır. Lakin bu dəfə gözlənilməz vəziyyətlə qarşılaşır, köhnə müştəriləri onun üstünə hücum çəkirlər: «Sən bizi aldatmısan, bu nə yelpikdir satmısan, ələ alan kimi dağılıb-tökülür, ona görə də al lələklərini, pulumuzu qaytar».

Molla vəziyyətin ağır olduğunu görsə də, özünü itirmir və onlardan xəbər alır:

– Məgər mən sizə yelpiyimdən necə istifadə eləməyi deməmişdim?

Müştərilər xorla «xeyr» cavabını verəndə Molla üzrxahlıq edir:

– Onda üzrlü sayın. Yelpiyi əvvəlcə sifətin qabağında ehtiyatla açmalı, sonra da başınızı onun qarşısında sağa-sola ehtiyatla hərəkət etdirməlisiniz, onda yelpiyiniz də dağılmaz. Siz də belə narazı qalmazsınız.

Məsəllər, deyimlər