►Zəhmət sərf etmədən hazıra sahib olmaq, hər bir şeydən əziyyətsiz bəhrələnmək istəyən müftəxor adamlara münasibətdə istehza ilə işlədilən ifadə.
Çox hallarda sual formasında işlədilən ifadə el arasında tənbəl və müftəxor adamların qədimdən müşahidə olunan bir vərdişi ilə bağlı yaranmışdır.
Adətən, payızda yaxşı bəhər gətirən qollu-budaqlı qoz (ceviz) ağaclarının məhsulları çırpılır və kəndlərdə ilk məhsul yığılırdı. Amma ilk yığımdan sonra nəhəng ağacların üstündə, xüsusən əlçatmaz budaqlarda müəyyən qədər qoz qalır və həmin meyvələr bir az da kövrəkləşir, külək əsən kimi yerə tökülürdü. Ona görə də kəndin ən tənbəl adamları, özünü işə-gücə verməyən müftəxorları da küləyin əsməsini səbirsizliklə gözləyirdilər. Külək başlayan kimi onlar qoz ağacının altına yüyürüb ətəklərini açırdılar.
Dilimizdə qoz meyvəsi ilə bağlı «aldım qoz, satdım qoz», «başını yarıb cibinə qoz töküm», «qız ağacı, qoz ağacı» və bu kimi ifadələr də işlənir.
Məsəllər, deyimlər