Reklam
Reklam

Məsəllər, deyimlər

XRUŞŞOVUN EŞŞƏYİ KİMİ BOŞDU

Kifayət qədər boş vaxtı olan, bir yerdə çalışmayan, heç bir faydalı iş görməyən adam haqqında işlədilən ifadə.

İfadə keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş N.S.Xruşşovun (1894–1971) ötən əsrin II yarısında yeritdiyi vergi siyasəti ilə bağlı yaranmışdır.

Sov.İKP Mərkəzi Komitəsinin baş katibi Nikita Sergeyeviç Xruşşovun qərarı ilə aqrar sahədəki geriliyi aradan qaldırmaq məqsədilə 1960-cı ildə əhalidən alınan vergi artırılır, bir çox kənd təsərrüfatı heyvanlarına, o cümlədən eşşəyə də vergi qoyulur. Verginin miqdarı böyük olduguna görə artıq eşşəyi ev heyvanı kimi saxlamaq əlverişli sayılmır. Bu səbəbdən də kəndlilərin əksəriyyəti eşşəyi açıb buraxır, yəni artıq ondan yük daşımaq üçün istifadə edilmir və örüşə buraxılan heyvanlar sərbəst, işsiz qalır.

Hətta o vaxtın rus ədibləri başlı-başına buraxılmış yiyəsiz eşşəklərə (xüsusilə Orta Asiyada çoxluq təşkil edirdi) esselər, felyetonlar da həsr eləmişdilər. Yazıçı Andrey Platonov Özbəkistan çöllərində rastlaşdığı sahibsiz, tənha eşşəklər haqqında demişdi: «Eşşək adam görəndə elə qəmli anqırırdı ki, sanki dərdlə xəstələnmiş dünyanın ən qərib yetimiydi».

Ümumiyyətlə, SSRİ rəhbərləri arasında kobud, ədəbsiz danışığına görə N.Xruşşov ən çox şəbədə qoşulanlardan sayıla bilər. Maraqlıdır ki, onun haqqında çıxmış məzəli əhvalatlar da məhz elə vergi qoyduğu eşşəklərlə əlaqədardır. Danışılır ki, bir gün Xruşşov sovet rəhbərləri ilə rəssamlıq sərgisinə gəlir. Bir az gəzişib rəsm əsərlərini seyr etdikdən sonra sərgidən narazı qalmış SSRİ rəhbəri qaşqabaqlı halda deyir: «Eşşəyin quyruğunu boyaya batırsaydınız, bunlardan yaxşı şəkil çəkərdi».

Məsəllər, deyimlər