Reklam
Reklam

Məsəllər, deyimlər

XORUZUN QUYRUĞU GÖRÜNÜR

Ortadakı ifşaedici faktlara baxmayaraq yenə də yalan danışmaqda, olanı danmaqda davam edən adamlar haqqında işlədilən ifadə.

İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.

Bir gün şəhər qazısı Mollanın evinə qonaq gəlir. Həyətdə oturub yeyib-içirlər. Bir azdan qazı getmək üçün ayağa durur. Bu vaxt Molla nə üçünsə evə girməli olur. Qazı fürsətdən istifadə edib yanından keçən xoruzu tutur, tez başını üzüb onu əbasının altında gizlədir, lakin xoruzun quyruğu əbanın altından kənarda qalır. Molla qazını darvazaya kimi ötürəndə xoruzun quyruğunu görüb əhvalatı başa düşür və qazıdan xoruzun necə olduğunu soruşur. Qazı dininə, imanına, bütün «müqəddəs saydığı» şeylərə and içərək xoruzu görmədiyini söyləyir.

Molla qazını diqqətlə dinləyir, sonra xoruzun əbanın altından çıxmış quyruğuna işarə edərək təbəssümlə deyir:

– Axı mən sənin içdiyin anda inanım, yoxsa xoruzun quyruğuna?

Məsəllər, deyimlər